Milli Məclisin Regional məsələlər komitəsinin iclasında ərazi vahidlərinin müəyyənləşdirilməsi və ərazi vahidləri barədə qərar verilməsi qaydaları ilə bağlı dəyişikliklər müzakirə olunub.
APA-nın məlumatına görə, iclasda komitə sədri Arif Rəhimzadə bildirib ki, bununla bağlı Torpaq Məcəlləsində, “ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilir və eyni zamanda, “inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələr baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsi ləğv edilir.
Layihələrə əsasən Azərbaycanda ərazi vahidləri ilə bağlı qərarlar, ərazi vahidlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər Milli Məclis tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll ediləcək.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.