"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Etik davranış qaydalarının tətbiqi ilə bağlı bələdiyyələrə tövsiyə məktubu göndərilib

--2015-09-03 / 12:34

 

ədliyyə Nazirliyi Bələdiyyələrə iş mərkəzi tərəfindən bələdiyyələrə “Etik davranış qaydalarının tətbiqi ilə bağlı” tövsiyə məktubu göndərilib. Mərkəz rəisi Mehdi Səlimzadənin imzasıyla göndərilən məktubda qeyd edilir:

“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 28 aprel 2015-ci il tarixli “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

 Bu Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir və yerli özünüidarə orqanlarının, bələdiyyə qulluqçularının nüfuzunun, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, vətəndaşların bələdiyyələrə etimadının yüksəldilməsi, korrupsiyanın qarşısının alınması məqsədini daşıyır.

Qanunun 5-ci maddəsinə əsasən bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.

Qanunun tələblərinə görə bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir. Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur və qulluq mövqeyindən istifadə edərək, digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Qanunun 10-11-ci maddələrinə uyğun olaraq bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır və ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Tərəflərindən biri bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanı olan əqdlərdə həmin bələdiyyə qulluqçusu digər tərəf ola bilməz.

Bundan başqa, Qanunun tələblərinə görə bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək qadağandır.

Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir və o öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməli, tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı, tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir. Kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməli, tabeliyində olan bələdiyyə qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməli, bu qaydaları pozanların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

Qanunun 19-cu maddəsinə görə etik davranış qaydalarının pozulması və bu barədə şikayət və ya digər məlumatın daxil olması, eləcə də kütləvi informasiya vasitələrində məlumatın dərc edilməsi bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. intizam icraatı zamanı bələdiyyə qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Qanunun 20-ci maddəsində etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirləri də müəyyən edilmişdir.

Yeni Qanunun bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi və Qanunun tələblərinə əməl olunması tövsiyə edilir.”

BELEDiYYE.iNFO

ŞƏRHLƏR