Xəbər verdimiz kimi bir müddət əvvəl Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq Fariz Xəlilli rayon icra başçısını və digər rəsmiləri onun şərəfvə ləyaqətini təhqir etdikləri üçün Ağsu Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmişdi.
Uzun sürən dartışmadan sonra bələdiyyə sədri Novruz bayramı ərəfəsində hümanistlik göstərərək şikayət etdiyi şəxsləri bağışlamaq qərarına gəlib. Bununla bağlı sosial media platformasındakı profilində izləyicilərinə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"əziz dostlar! Bildiyiniz kimi Ağsu rayonu icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırov, Ağsu DTX idarəsinin rəisi cənab Fuad Təhməzov və Ağsu rayon Prokuroru cənab Elnur Cəfərov seçicilərim qarşısında məni alçaltmaq, seçicilərdə mənfi rəy yaratmaq və görüşdən sonra bələdiyyə üzvlərinin iştirakı ilə məni bələdiyyə sədrliyindən devirmək kimi oyun qurmuşdular. Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə və dövlət qurumlarının rəhbərlərinə açıq məktub ünvanlamışdım. Hər üç məmuru Ağsu rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmişdim. Mediada problemi izah eləməyə çalışmışdım. Təəssüf ki, məmurların bu özbaşınalığı cavabsız qaldı. Bu yaxınlarda icra hakimiyyətində həmin səyyar görüşün videomaterialına yenidən baxdım və haqlı olduğumu, haqsızlığa məruz qaldığımı bir daha gördüm. Bununla belə, əgər əziz Dövlət günahkarları müəyyən etmək və cəzalandırmaq istəmirsə, mənim edə biləcəyim heç nə yoxdur. Mən alim adamam, çoxlu yazılmalı məqalələrim var və bu qeyri-müəyyənlik çox vaxtımı alır. Odur ki, Novruz ənənəsinin humanistliyini nəzərə alaraq, mübarək Ramazan ayının yaxınlaşdığını və belə nəticəsiz işlərlə fikrimi məşğul etməmək məqsədilə öz əlahiddə bağışlayıcılıq haqqımdan istifadə edərək Ağsu rayonu icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırovu, Ağsu DTX idarəsinin rəisi cənab Fuad Təhməzovu və Ağsu rayon Prokuroru cənab Elnur Cəfərovu günahlarını Allaha həvalə edərək bağışlayıram! Allah islah eləsin! Amin!"