Ölkəmiz üçün xarakterik olan əsas cəhətlərdən biri siyasi və sosial-iqtisadi sahədə həyata keçirilən islahatların ardıcıllığı və dönməzliyidir. Belə yanaşma demokratikləşmənin həyata keçirilməsində özünü aydın şəkildə göstərir.
Yerli demokratiyanın yerli özünüidarəetmənin inkişaf problemləri də, dövlətimizin qayğısı ilə əhatə olunmuş və bu istiqamətdə aparılan tədbirlər çərçivəsində mövcud normativ hüquqi baza təkmilləşdirilmiş, bir sıra digər mühüm işlər görülmüşdür.
Bələdiyyənin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılması üçün mühüm işlər görülmüşdür.
Hazırda ölkədə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində ölkənin iqtisadi müstəqilliyinin, enerji təhlükəsizliyinin tam təmin edilməsi nəticəsinədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, bütün sahələrdə islahatların daha geniş miqyasda və çevik aparılmasına şərait yaradılmışdır.
əhalinin sosial problemlərinin həllində və yerli quruculuq işlərinin təşkilində bələdiyyələrin üzərinə də böyük məsuliyyət düşür.
Bələdiyyələrin hüquqi statusu həm konstitusiya normaları, həm də, qanunlarla müəyyən edilir. 2015-ci il respublikamızın bütün sahələrində olduğu kimi, Mərdəkan bələdiyyəsinin fəaliyyətində də mühüm dövr olmuşdur.
2015-ci ilin 9 ayında Mərdəkan bələdiyyəsi Azərbaycan Respublikasının Qanunlarına və digər normativ hüquqi aktların tələb və göstəricilərinə, Nizamnaməsinin tələblərinə uyğun olaraq, fəaliyyət göstərmişdir. Bu dövrdə Mərdəkan bələdiyyəsinin 9 iclası keçirilmişdir, iclaslarda bələdiyyənin iş Planı, ştat cədvəli təsdiq edilmiş, əvvəlki ilə dair büdcənin yerinə yetirilməsi vəziyyəti, qarşıda duran vəzifələr, görülən işlər haqqında, bələdiyyə tərəfindən maliyyə-uçot, vergi, statistika və digər hesabatların hazırlanması sahəsində görülən işlərin vəziyyəti, əhaliyə göstərilən köməkliklər, idman yarışlarının keçirilməsi, gənclərin asudə vaxtının təşkili sahəsində görülən işlər, 2015-ci ilin I yarısında görülən işlərə dair Hesabatı haqqında, bələdiyyə tərəfindən fiziki və hüquqi şəxslər tərəfindən vergi və rüsumlarının banklara ödənilməsi ilə əlaqədar bildirişlərin paylanma qaydaları və digər məsələlər müzakirə edilmişdir. Ümumiyyətlə, Mərdəkan bələdiyyəsi tərəfindən ötən müddət ərzində 95 Qərar qəbul edilmişdir. 9 ay ərzində Mərdəkan bələdiyyəsinə idarə və təşkilatlardan 206 ədəd məktub, 46 ərizə daxil olmuşdur.“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununa muvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Müxtəlif məsələlərlə bağlı bələdiyyə aparatı tərəfindən 259 vətəndaş qəbul edilmiş və onlara imkan daxilində köməklik olunmuşdur.
Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.
Mərdəkan qəsəbəsi ərazisində, “Dalğa-Arena” idman Mərkəzinin qarşısında, S.Yesenin küçəsində şam ağacları və bəzək kolları əkilmişdir.
Mərdəkan qəsəbəsinin girəcəyində və Yeni yolun Buzovna – Mərdəkan – Qala yolunun Mərdəkan hissəsində döşənmiş qazon qatının və əkilmiş ağacların mütəmadi suvarılması üçün su sayğacı quraşdırılmışdır.
Qəsəbə ərazisindən və eyni zamanda S.Yesenin küçəsindən, “Dalğa-Arena” idman Mərkəzinə qədər olan ərazidən məişət-tullantıları mütəmadi olaraq yığılıb daşınmış, qeyri-qanuni zibilxanalar isə nəzarətə götürülmüşdür.
Məhəllə Komitələrinin köməkliyi sayəsində qəsəbə ərazisindəki orta məktəblərdə yeni dərs ilinin başlanması ilə əlaqədar, sentyabr ayının 1-dən 15-dək “Təmiz küçə”, “Abad məhəllə” devizi altında təmizlik işləri görülmüşdür.
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar, 20 Yanvar əlillərinə ərzaq və maddi yardım, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar şəhid ailəsinə, əlillər günü münasibətilə I qrup gözdən əlillərə, Çernobıl faciəsinin 29-cu ildönümü ilə əlaqədar Çernobıl əlillərinə ərzaq yardımı ilə köməklik olunmuşdur.
Alman-Faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar, müharibə iştirakçısılarına ərzaq və maddi yardım olunmuşdur.
Qəsəbənin orta məktəblərində “Beynəlxalq Ailə Günü” münasibətilə, şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsində yer tutan və məktəb həyətini yaşıllaşdırmaq, abadlaşdırmaq məqsədilə keçirilən “Təbiəti sevənlər” müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunmuşdur.
Milli Novruz bayramı münasibətilə keçirilmiş ümumrayon tədbirində Mərdəkan bələdiyyə üzvləri və işçiləri iştirak etmiş və tərtibat işlərinə vəsait xərclənmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Gül bayramı”nın tərtibat işləri ilə əlaqədar, alınmış müxtəlif xarici güllərdən “Baki-2015 – 1 ci Avropa Oyunları”nın simvolu hazırlanmış və “Dalğa-Arena” idman Mərkəzində keçirilmiş qəsəbələrarası turnirdə Mərdəkan bələdiyyəsinin futbol komandası da iştirak etmişdir.
Ramazan” bayramı münasibətilə Heydər məscidində qəsəbənin imkansız ailələri üçün iftar süfrələri açılmışdır.
Qəsəbədəki şəhid, Qarabağ, Böyük Vətən Müharibəsi, Çernobıl, 20 Yanvar əlillərinə, I qrup ümumi əlillərə, ahıl insanlara və imkansız, aztəminatlı ailələrə qurbanlıq əti paylanmışdır.
Mərdəkan bələdiyyəsi öz fəaliyyətində bundan sonra da qanunvericiliyə əməl edilməsi, sosial probləmlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcəkdir.
Mirbaba Hüseynov
Xəzər rayonu, Mərdəkan Bələdiyyəsinin sədri