"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fövqəladə halların baş verməməsi üçün əlbir işləməliyik

--2015-09-22 / 10:36

Bu gün ayıq-sayıqlıq,  ehtiyat  hər yerdə, hər zaman vacibdir. Bu, fövqəladə hallara daha çox aiddir, çünki heç kim bu cür hallardan sığortalanmayıb. Müasir dövrdə fövqəladə hadisələrin getdikcə artdığını nəzərə alanda bütün əlaqədar qurumların, o cümlədən bələdiyyələrin öz fəaliyyətini bu sadə məntiqə söykənərək qurmalarının önəmini ortaya çıxır. Yəni hər bir qurum öz fəaliyyəti çərçivəsində fövqəladə hadisələrin baş vermə təhlükəsini maksimum azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər görməlidir.

Etiraf edək ki, müasir dövrdə getdikcə artan texnogen mənşəli fövqəladə halların çoxu səhlənkarlıq, diqqətsizlik, qaydaları bilməmək, təhlükəsizlik qaydalarına əməl etməmək üzündən baş verir, nəticədə, çox ağır fəsadlara, insan ölümünə səbəb olur, vətəndaşlar mənəvi və psixoloji zədə alırlar, əmlaka külli miqdarda ziyan dəyir, ətraf mühit korlanır. Bu kimi halların baş verməməsi üçün əvvəlcədən kompleks tədbirlər həyata keçirilməlidir.

əlbəttə, mən bələdiyyə sədri olaraq öz üzərimizə düşən tədbirləri nəzərdə tuturam. Biz heç kimin fəaliyyətinə nəzarət etmirik, heç bir qurumun fəaliyyətinə qarışmırıq. Bizim ərazidə hansısa fövqəladə vəziyyət yaranarkən, xilasedicilərin operativ müdaxiləsini, çətin və fədakar əməyini yüksək qiymətləndiririk. əgər müvafiq qurumlar təyinatı üzrə hansısa xilasetmə işləri ilə məşğul olursa, biz bələdiyyə olaraq, ümumiyyətlə, bu cür hadisələrin qarşısının alınması, bu cür halların baş verməməsi və ya təkrarlanmaması üçün tədbirlər görürük.

Dam-bacaların təmizlənməsi, zirzəmilərdən keçən elektrik kabelləri və istilik sistemindəki problemlər diqqətdə saxlanılır, fövqəladə hallar zamanı insanların həyatı, sağlamlığı üçün təhlükə yaradan maneələrin aradan qaldırılması, əhalinin xilası üçün xüsusi çıxışların yaradılması, təsərrüfatın, əmlakın mühafizə edilməsi işinin təşkili və yerinə yetirilməsi, ziyan və itkilərin həcminin maksimum azaldılması daim nəzərə alınır, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.

Binəqədi rayonunda fövqəladə hadisələr zamanı əhalinin davranış qaydaları, zərərçəkmişlərə ilk yardımın göstərilməsi, onların təhlükəsiz yerlərə təxliyyəsi ilə bağlı əhali arasında ciddi profilaktik iş aparılır, sakinlərlə tez-tez keçirilən görüşlərdə bu məsələlər ciddi müzakirə olunur, xüsusilə orta məktəblərdə çoxsaylı maarifləndirmə tədbirləri keçirilir. Bu cür tədbirlər, məsələn, şərti zəlzələ zamanı, şərti yanğın zamanı zərərçəkənlərin binadan çıxarılması, şərti yanğın zamanı yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə şagirdlərə nümayiş etdirilir, baş verə biləcək yanğın, partlayış, zəlzələ və digər fövqəladə hadisələrin qarşısının vaxtında alınması və profilaktik tədbirlərin görülməsi barədə biliklər aşılanır, təhlükəsizlik qaydaları izah edilir. Düşünürəm ki, bu cür tədbirlərin sayı artırılmalıdır. Eyni zamanda, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması və görüləcək profilaktik tədbirlər haqqında broşürlərin çapı, sosial çarxların hazırlanması da çox məqsədəuyğundur. Videoçarxların əhalinin maariflənməsindəki rolu misilsizdir. Bəzən görürsən, insanlar fövqəladə hallar zamanı necə davranmalarını, necə hərəkət etmələrini, həmçinin özünə və digərlərinə necə kömək etməyin, ilkin tibbi yardım göstərməyin yollarını belə bilmir. Bu mövzuda  geniş səpgidə təbliğat materiallarının hazırlanması çox vacibdir.

Çox acı bir təcrübə haqqında da fikrimi bildirmək istəyirəm: yəqin, siz də müşahidə etmisiniz, yaxud, sosial şəbəkələrdə rast gəlmisiniz, bir də görürsən, fövqəladə hadisə baş verib, bina yanır, ətrafdakı insanlar “112 qaynar xətti”nə, yaxud digər əlaqədar qurumlara zəng etmək əvəzinə, binanın yanmasını telefonlarına çəkməklə məşğuldurlar. əlbəttə, bu, çox acınacaqlı haldır, ona görə də maarifləndirmə tədbirlərinə çox ehtiyac var. Biz bələdiyyə olaraq bu istiqamətdə müəyyən tədbirlər görməyi planlaşdırırıq... 

Artıq payız-qış mövsümü başlayır, bu fəsillərdə fövqəladə hadisələrin baş vermə riski də artır, buna görə də ayıq-sayıqlığı daha da gücləndirməliyik. Ümimiyyətlə, bələdiyyyələr də fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədi ilə xilasetmə işlərinin təşkili və yerinə yetirilməsinə də daim hazır olmalıdır.

Hamımız – bütün əlaqədar qurumlar, hər şeydən əvvəl fövqəladə halların baş verməməsi üçün birgə, əlbir işləməliyik ki, bu cür hallar, ümumiyyətlə, baş verməsin. ən çox arzulanan da elə budur.

 Sitarə Cabbarlı

Binəqədi bələdiyyəsinin sədri,

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini

ŞƏRHLƏR