Ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, həyata keçirilən geniş miqyaslı islahatlar, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi, dövlətin bütün sahələrin inkişafına göstərdiyi diqqət və qayğı bələdiyyələrin də fəaliyyətlərinin müasir səviyyədə qurulmasını zərurətə çevirmişdir.
Artıq bələdiyyələr ilk yaradıldığı dövrdən indiyədək müəyyən təcrübələrə yiyələnməklə, demokratiyanın inkişafında, insanların yerli sosial problemlərinin aradan qaldırılması istiqamətində çoxsaylı layihələr həyata keçirərək cəmiyyətdə öz mövqelərini nümayiş etdirməklə ölkə həyatının mühüm tərkib hissələrindən birinə çevrilmişdir.
Lakin təkcə sosial həyatın bütün sahələrində deyil fövqəladə hallar zamanı da bələdiyyələr yerli hakimiyyət orqanı kimi, dövlət hakimiyyət orqanları ilə birlikdə çalışmalı, ərazidə yaranmış problemlərin həllində lazımi köməklikləri göstərməlidirlər.
Məlumdur ki, fövqəladə hadisə dedikdə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulması, əhəmiyyətli maddi itgilərə və insanların həyat şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət başa düşülür.
Fövqəladə halların qarşısının alınması məqsədilə hər ilin əvvəlində rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə bələdiyyələr arasında razılaşdırılmış və təsdiq edilmiş “Mülki Müdafiə üzrə tədbirlər” planında bələdiyyələrin yerinə yetirməli olduğu profilaktik tədbirlər qeyd olunur.
Həmin tədbirlər planında həm əhalinin maarifləndirilməsi, həm də yaşayış fondunun texniki təhlükəsizliyinin, binaların və məhəllələrin kommunikasiya xətlərinin giriş, çıxış yollarının vəziyyəti eləcə də binalarda əhalinin sayı, su, qaz və elektrik xətlərinin mühafizə zolağına düşməsi məsələsi daim bələdiyyələrin diqqət məzkəzində saxlanmalıdır.
- ərazinin daima təmiz vəziyyətdə saxlanılmasına nəzarət olunur.
-Yanğınsöndürmə avtomobillərinin bütün bina və qurğulara (ilk növbədə təhsil müəssələri və uşaq bağçalarına) sərbəst yaxınlaşması təmin edilir.
- Bələdiyyəyə məxsus olan ərazidə yanğın avtomobillərinin hərəkətinə maneə törədən ayrı-ayrı əşyalar və qeyri-qanuni yol kəsimləri aradan qaldırılır.
Belə ki, bu il tərəfimizdən 6 ünvanda (E.Bəkirli, Z.şərifov, Məktəbli, Kommunal, C.Qurbanov, R.Alıcanov küçələrində) qeyri qanuni yol kəsimlərinin qarşısı alınıb, 18 ünvanda isə müxtəlif obyekt sahibləri tərəfindən zəbt edilmiş səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi istiqamətində işlər yerinə yetirilmişdir.
Eyni zamanda sürüşmə zonaları nəzarətdə saxlanılır. Yeni tikililərin sürüşmə zolağına və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşməsinin, yollarda asfalt örtüyünün qazılıb yarımçıq saxlanılmasını, lazımsız maneələrin yollara qoyulmasının qarşısı alınır, təhsil müəssələri, uşaq bağçaları və bu kimi yerlərə maşın-mexanizmlərinin girə bilməsi təmin olunur, ən əsas məsələlərdən biri olan - məişət tullantılarının yığışdırılıb daşınması və təkrar istehsala yönəldilməsi bələdiyyəmiz diqqət mərkəzində saxlayır.
Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında bələdiyyələr FHN-nin əməkdaşları ilə əlaqəli işləməli və insanların həyatının xilas edilməsinə, sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itgilərin aradan qaldırılmasına, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə yönəlmiş tədbirlərdə lazımı köməklikləri göstərməlidir.
Yaşadığımız dövrdə təbii və texnogen mənşəli fövqəladə halların baş verməsi təəssüf ki, qaçılmazdır. Məhz bu cür hallar zamanı insanların xəsarət almamaları üçün təhlükəsizlik qaydaları haqda biliklərimizi artırmaq vacibdir.
Təxliyyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.
Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır. Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.
Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyim Qaraçuxur bələdiyyəsi 2005-ci ildən öz inzibati binasının ətrafında fövqəladə hadisələrdə yerli xəbərdarlıq sistemini (S-40 sirenasını) quraşdırmışdır. Fövqəladə hallar zamanı işçilərin və qəsəbənin əhalisinin xəbərdar edilməsi məqsədi ilə elektrosirena daima işlək vəziyyətdə saxlanılır.
Eyni zamanda bələdiyyəmizin rəhbər işçiləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə keçirdiyi dəyirmi masalarda və treyninqlərdə də fəal iştirak edir.
Bu əməkdaşlıq nəticəsində əldə etdiyimiz bilgilər baş verə biləcək fövqaladə halların qarşısının alınmasında, eləcə də həmin hadisələrin nəticəsinin aradan qaldırılması prosesində böyük əhəmiyyət kəsb edir.
ixdiyar Nəcəfov
Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsinin sədri