"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gənc yazardan Ukrayna səfirinin bayram təbrikinə reaksiya: "əgər dünya birliyi vaxtında əsl günahkarları cəzalandırıb, Azərbaycana və işğalçı Ermənistana qarşı ədalətli mövqe nümayiş etdirsəydi , indi bütün dünya Ukraynada yaşanan bu cür dəhşətli mənzərələri seyr etməzdi"

--2022-03-20 / 13:45

Gənc yazardan Ukrayna Səfirinin Bayram Təbrikinə reaksiya:
əgər dünya birliyi vaxtında əsl günahkarları cəzalandırıb, Azərbaycana və işğalçı Ermənistana qarşı ədalətli mövqe nümayiş etdirsəydi , indi bütün dünya Ukraynada yaşanan bu cür dəhşətli mənzərələri seyr etməzdi 

Bu gün Azərbaycanda Novruz Bayramıdır. Sosial şəbəkələrə daxil olan kimi qarşıma ilkin olaraq "Bayram Təbrikləri" çıxır. Bəzi insanlar ənənəvi sözlər yazır , bəziləri isə bir-iki kəlmə ilə səmimi təbriklərini ifadə edirlər. Bu gün oxuduğum bir təbrik isə məni ziyadəsindən artıq dərəcədə kövrəltdi. Bu Ukraynanın Azərbaycandakı səfiri  Vladyslav Kanevskinin Azərbaycan Xalqına ünvanladığı bayram təbriki idi. Təbrik üçün səfirin istifadə etdiyi fotolara baxıb təsirlənməmək isə əldə deyil. Yuxarı  tərəfdə ağzına şəkərbura uzadan milli geyimli Azərbaycan körpəsi, aşağıda isə yaşıllıqda oturan Ukrayna uşaqlarının oturduğu çəməni daha sonda tanklara əl edən uşaqların fotosu tamamlayır.
Mən əminəm ki, indi yazacaqlarımı oxuyanların çoxu məni qınayacaqlar ki, heç hənanın yeridir? Bu gün bayramdır, get şənlən. Məşğuliyyət tapa bilmirsənsə də, evdə anana yeməklərin hazırlanmasında kömək et. Amma ürək bəlkə də bədənimizdə yeganə orqandır ki, bizim iradəmizə tabe deyil. Bir sözlə o bizdən yox, biz ondan asılıyıq.
indi yazacaqlarım əslində çoxdan beynimdə fırlanırdı. Amma bu ürək məni məcbur etdi ki, səfirin təbrikindən təsirlənib bunları yazım:
Bu gün Ukraynadakı tankların altında əzilən təkcə Ukrayna torpağı deyil, yüzlərlə , minlərlə insan həyatlarıdır .Yox olanların arzuları, sağ qalanların isə psixologiyaları məhv olur.
Sevindirici məqam burasındadır ki, dünya birliyi sakit qalmayaraq olanlara reaksiya verib,ədaləti görməzdən gəlmir.
Amma təəssüflə deyirəm, dünya birliyi ədaləti bərpa etməkdə çox gecikib. Bu gecikmə isə 1-15 yox, 30 il öncəyə təsadüf edir.
Düz 30 il öncə Azərbaycan xalqının apardığı azadlıq mübarizəsini dünya birliyi görməzdən gəldi.
Məhz 30 il öncə Azərbaycan torpaqları işğala məruz qalanda dünya birliyi işğalçını cəzalandırmaq üçün heç bir tədbir görmədi. əksinə olaraq Azərbaycanın bir milyon qaçqınını didərgin salan, Xocalıda 1992-ci ilin 26 Fevralında Soyqrım törədən Sarkisyan-Koçaryan rejiminə fəxri kürsülərdə çıxış etmək imkanı yaradır və bununla da insanların ədalətin bərqərar olmasına olan ümidlərini öldürürdülər. işğala məruz qalan Azərbaycanın o vaxtkı mərhur prezidenti Heydər əliyev Qərb və Avropa Birliyi , eləcə də ATəT-in MiNSK qrupunun həmsədrləri ilə görüşlərinə özü ilə apardığı xəritədə işğal olunmuş ərazilərimizi göstərərkən hamımız dünyadan ədalətli mövqe gözləsək də, hansısa maraqlar naminə dünya susurdu. Fəaliyyətini insan hüquq və azadlıqlarının müdafiəsinə doğru kökləyən ABş konqresi işğalçı Ermənistana sanksiya uyğulamaq əvəzinə,  hər il daha çox yardım ayırırdı. Yardım üçün gələn pullar isə o vaxtkı işğalçı Ermənistan rejimini daha da azğınlaşdırdı. Vaxtaşırı atəşkəsi pozub Azərbaycan vətəndaşlarında  qorxu yaratmağa başlayırdılar.
Dünya birliyinin hakimiyyətini tanımamalı , impiçmint elan etməli  olduğu oğru avtoritar Koçaryan-Sarkisyan rejimini uzun illər sonra erməni xalqı tək başına susduraraq hakimiyyətdən uzaqlaşdırdı.
Dünya Birliyinin BMT-nin qətnamələri əsasında Azərbaycanın suveren ərazisindən çıxarmalı olduğu işğalçı Ermənistan ordusunu isə 30 il sonra Azərbaycan əsgərləri həyatları bahasına - qolunu , qıçını hətta gözlərini itirərək çıxardılar.
Çox təəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Nə Xocalını Soyqrım olaraq tanıyır, nə də adı bizim özü isə hələdə işğalçı Ermənistan ordusu tapdağında olan Xocalını, Xankəndini bizə qaytarır.
əgər dünya birliyi vaxtında əsl günahkarları cəzalandırıb, Azərbaycana və işğalçı Ermənistana qarşı ədalətli mövqe nümayiş etdirsəydi , indi bütün dünya Ukraynada yaşanan bu cür dəhşətli mənzərələri seyr etməzdi və Ukraynanın Azərbaycandakı səfiri ürək parçalayan fotolarla Azərbaycan xalqının Novruz Bayramını təbrik etməzdi!
Körpələrin və Bəşəriyyətin xilası naminə müharibəyə yox deyirəm.
Bahar təravətli Novruz bayramı öz xalqımın fonunda bütün xalqlara müharibədən uzaq, sağlam və firavan həyat bəxş etsin!
Leyla şah

Gənc yazar, Qaradağ rayonu Korgöz bələdiyyəsinin üzvü

ŞƏRHLƏR