Gəncədə Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan Seyidzadə Mirhüseyin Miryunis oğlunun barelyefinin açılış mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə şəhər icra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhid ailələri, qazilər, Seyidzadə Mirhüseyinin oxuduğu məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindən örpək götürülüb, önünə tər gül dəstələri düzülüb.
Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdırlar.
Çıxışlarda uşaqlıqdan Vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadənin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, bu gün doğum günündə əziz xatirəsi yad olunan Mirhüseyn ailənin tək övladı idi. Qəhrəman şəhid 44 günlük Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Seyidzadə Mirhüseyn ölümündən sonra “Vətən uğrunda” medalı, “ikinci dərəcəli Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın, Qubdalının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.
şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə, həmçinin məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.
Sonra tədbir iştirakçıları şəhid Seyidzadə Mirhüseyin Miryunis oğlunun məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, barelyef Gəncə şəhəri Nizami bələdiyyəsinin maliyyə dəstəyi ilə hazırlanıb.