"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Rayon icra Hakimiyyətinin başçısı ilk səyyar qəbulunu keçirib

--2016-06-20 / 01:10

Göyçay Rayon icra Hakimiyyətinın yaydığı məlumata görə, RiH başçısı Mehdi Səlimzadə ilk səyyar qəbulunu keçirib.

Məlumatda bildirilir ki, Hacağabəyli kənd sakinləri ilə keçirilən görüşdə kənd əhalisinin sosial problemlərinin öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən növbəti səyyar qəbulda RiH başçısı Mehdi Səlimzadə, RiH başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə dövlət başçısı ilham əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi inkişaf, respublika əhalisini narahat edən sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər,  son vaxtlar  respublikamızda, həmçinin rayonda pambiqçılığın və baramaçılığın inkişaf etdirilməsinə göstərilən dəstəkdən danışıb.

Bundan sonra vətəndaşların müraciətləri dinlənilib.

Kənd sakinləri öz müraciətlərində kəndə təbii qaz verilməsi işlərinin sürətləndirilməsi, kənddəki ibtidai sinif otaqlarının təmir edilməsi, kəndarası suvarma arxlarının lil və çöküntülərdən təmizlənməsi, kəndarası yolların cari təmir olunması və digər məsələlər barədə təkliflərini bildiriblər. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar  rayon icra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilib.

Görüşdə mütəmadi keçirilən  səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyi, vətəndaşların sosial problemlərinin həlli istiqamətində səylərin artırılacağı qeyd edilib.

Belediyye.info

 

ŞƏRHLƏR