Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyunun 20-də Göyçay rayonunda toplantı təşkil edilib.
Heydər əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Göyçay rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə rayon icra hakimiyyətinin saytında (goychay-ih.gov.az) elektron müraciət linki yaradılıb, mail@goychay-ih.gov.az elektron poçt ünvanı vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir və araşdırılaraq cavablandırılır. Rayon icra hakimiyyətində və yerlərdə əhalinin qəbulları təşkil olunur. Onların müraciətlərinin həlli üçün operativ tədbirlər görülür.
Tədbirdə Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşıb, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilib, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf edib. Qeyd olunub ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət daşıyır.
Elmira Süleymanova bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” uğurla həyata keçirilir. Ombudsman bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəyini qeyd edib.
Müzakirələrdə rayon polis şöbəsinin rəisi, rayon prokuroru, rayon məhkəməsinin hakimi və digərləri çıxış edərək, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini səsləndiriblər.
|
|
|