Respublikanın tanınmış iqtisadçı alimlərinin və Milli Məclisin deputatlarının təmsil olunduğu işçi qrupu Göyçayın qarşıdakı 10-15 illik perspektiv inkişafı ilə bağlı xüsusi proqram hazırlayacaq. Rayonda sosial layihələrin icrası, kənd təsərrüfatının inkişafı daha da sürətləndiriləcək.
Bu fikirlər iyunun 29-da Göyçay rayonunda keçirilən “Azərbaycan innovativ inkişaf yolunda: reallıqlar və perspektivlər” mövzusunda toplantıda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Heydər əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, sahibkarların iştirakı ilə keçirilən toplantıda Göyçay Rayon icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modulunu formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mühüm yer tutur. Bu gün Prezident ilham əliyev tərəfindən uğurla gerçəkləşdirilən və elmi əsaslara söykənən innovativ inkişaf strategiyası Azərbaycanın özünəməxsus inkişaf modelinə, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə marağı daha da artırır. Göyçayın iqtisadi potensialından, torpaqların münbitliyindən söz açan M.Səlimzadə kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, sahibkarların fəaliyyətinə lazımi şəraitin yaradılması, sosial layihələrin icrası istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müstəqil Azərbaycanın 25 il ərzində əldə etdiyi iqtisadi uğurlardan bəhs edib. Məlumat verib ki, əgər 2001-ci ildə ölkəmizdə yoxsulluğun səviyyəsi 51 faiz təşkil edirdisə, indi bu göstərici 5 faizdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard manat investisiyanın qoyulduğunu bildirən komitə sədri həyata keçirilən məşğulluq siyasətinin əhəmiyyətini də vurğulayıb. Komitə sədri Göyçayın iqtisadi potensialından söz açaraq, əmək məhsuldarlığının və əhalinin pul gəlirlərinin artırılması, kənd təsərrüfatı üzrə ixtisaslaşmanın aparılması, sənaye strukturunun təkmilləşdirilməsi, islahatların daha innovativ və mütərəqqi üsullarla həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Ziyad Səmədzadə məlumat verib ki, Göyçayın qarşıdakı 10-15 illik inkişaf proqramını hazırlamaq üçün işçi qrupu yaradılacaq.
Milli Məclisin deputatı Elman Nəsirov isə vurğulayıb ki, qlobal böhran şəraitində Azərbaycan sosial-iqtisadi inkişaf tədbirlərini uğurla davam etdirir. Milli Məclisin deputatı istehsal ənənələrinin bərpası, satınalma-tədarük məntəqələrinin yaradılması məqsədilə atılan addımlardan danışıb.
Toplantıda sosial evlərin tikintisi, ipoteka kreditlərinin verilməsi, torpaqlarda meliorasiya və irriqasiya tədbirlərinin aparılması, peşə təhsili, mütərəqqi suvarma sistemindən istifadə ilə bağlı təkliflər səsləndirilib.