"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hakim xanıma ünvanlanan suallar

--2022-02-08 / 14:53

1999-cu ilin dekabr ayında formalaşan bələdiyyələrin fəaliyyətinə cəmiyyətdə birmənalı münasibətin olmadığını hər kəs bilir. Bir tərəfdən bəzi idarəetmə strukturlarının qısqanclığı, digər tərəfdən mərkəzi icra orqanlarının hər məqama “mənim dostum yalnız məndən olandır” prinsipi ilə yanaşması bələdiyyələrin fəaliyyətinə ciddi şəkildə təsir etməkdədir. Amma məhkəmə sistemində də bələdiyyələrə qarşı neqativ sərgiləyən hakimlərin olduğunu da bu günlərdə öyrəndik.

***

Biz Nərimanov bələdiyyəsi ilə “inteks” şirkəti arasında yaranmış münaqişə barəsində “Bir çıxarışın yaratdığı gərginlik” (http://belediyye.info/new/details/--6778.htm) adlı yazıda ətraflı yazmışıq. Və yazıda qaldırılan məsələlərə münasibət bildirilməsi üçün iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət etmişik. Cənab nazirdən xahiş etmişik ki, yalnız bu məqama aydınlıq gətirilsin:

“Bakı şəhəri, Təbriz küçəsi on ünvanında yerləşən, 2016-cı ildə pilot layihə proqramına salınan, tikintisinə başlanılan və söküntüsü başa çatdıqdan sonra, əmlak məsələləri Dövlət Xidmətinin balansında olan 1409 kv.m-lik əraziyə çıxarış hansı əsasla verilib? Bunun üçün qanunla tələb olunan prosedurlar necə və hansı formada yerinə yetirilib?”

Hər halda çıxarış verilməsində şübhəli məqamlar çoxdur. Vaxt ilə Bakı şəhər Statistika idarəsinin yerləşdiyi bina əmlak məsələləri Dövlət Xidmətinin balansında olub. iyirmi ilə yaxın bir müddətdə əgər dövlət əmlakı satışa çıxarılırdısa ilk növbədi onun bələdiyyəyə təklif edilməsi zəruri addımlardan olmalı idi. Üstəlik, pilot layihənin təsdiq edildiyi əraziyə söküntüdən sonra necə çıxarış verilir. Maraqlıdır. Yəqin ki, müvafiq orqanlar buna aydınlıq gətirəcəklər. Cənab nazirə də müraciətimiz məhz elə bu suallara aydılıq gətirilməsi məqsədi daşıyır. inanıram ki, cənab nazirin əməkdaşları bu suallara dəqiq cavab verəcəklər.

***

Məsələnin qısa şəkildə mahiyyətinə bir daha toxunaq. Nərimanov bələdiyyəsinin iyirmi ilə yaxın bir müddətdə fəaliyyət göstərdiyi binanın yerləşdiyi ərazi 2016-cı ildə “Pilot layihə” Proqramına salındığından əhalinin köçürülməsini həyata keçirən “inteks” şirkəti Nərimanov bələdiyyəsinin yerləşdiyi 440 kv.m ərazini təhvil alaraq, şirkətin özünün tapıb razılaşdığı inzibati binaya 2021-ci ilin may ayından etibarən köçürülmüş və dekabr ayınadək binanın icarə haqqı da vaxtlı-vaxtında ödənilmişdir. Lakin bina söküntüsündən sonra hansısa yollarla həmin ərazinin 1409 kv.m ərazisinə çıxarış alan N.əliməmmədov şirkətə məktub yazaraq binanın ona məxsus olmasını əsas gətirərək icarə haqqının ona ödənilməsini tələb etmişdir. Bu səbəbdən də şirkət bələdiyyənin əvəzindən verdiyi icarə haqqını dayandırmışdır. Belə olan məqamda Nərimanov məhkəməsinə müraciət edən N. əliməmmədov “kupça”nı aldığı kimi məhkəmə qərardadını da sürətlə, sanki bir göz qırpımında alaraq hər kəsi ikinci dəfə təəccübləndirməyə nail olmuşdur.

Demək, yanvar ayının 18-də N.əliməmmədov məhkəməyə müraciət edir, 26 yanvarda ilkin baxış olur, 28 yanvarda isə ərizənin təmin edilməsi barədə qərardad verilir. Demək on gün ərzində proses başa çatır. Lakin məsələ ondadır ki, prosesin belə sürətlə keçməsində hansısa maraqların olması şübhəsizdir. Çünki bələdiyyəyə göndərilən məktubların məqsədli şəkildə ləngidilməsi, iki prosesin heç birində bələdiyyənin qarşı tərəf kimi dəvət edilməməsi buna sübutdur.

Nərimanov Məhkəməsinin hörmətli hakimi Gültəkin əsədovaya sual edirəm, özünüzündə gedib səs verdiyiniz bələdiyyəyə qarşı bu neqativ haradan qaynaqlanır. Bir də ki, tələm-tələsik qərar verməkdə məqsəd nə idi, niyə görə hər iki prosesə bələdiyyə təmsilçiləri dəvət edilməyib. Niyə qarşı tərəf dinlənilməyib?

N. əliməmmədovun söküntüsü olmuş binaya çıxarışın alındığı vaxt sizin diqqətinizi niyə çəkmədi? Çıxarışla yanaşı, niyə texniki pasportun olmasını tələb etmədiniz? “Qərardad” da “bələdiyyəyə qadağan edilməsi” fikrinin xüsusi tonda yazılması necə başa düşülməlidir?

Suallar çox, cavabı isə, hələ ki, yox...

***

əlavə edim ki, hakim Gültəkin əsədova 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitiridkdən sonra 1998-2000-ci illərdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində məhkəmə katibi, 2001 – 2007-ci ilərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi, 2007 – 2009-ci illərdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə iclas katibi, 2009 – 2010-cu illərdə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010 – 2015-ci llərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi, 2015-cildən isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır.

Bu qədər zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür.

***

Telefonla iki gün ərzində əlaqə saxlamaq istədiyimiz hakimin işçisi Zöhrə xanım müraciətimizə cavab olaraq atılan hər bir addımın qanunuyğun atıldığını, bələdiyyənin isə narazı qaldığı halda Apelyasiya şikayəti vermək hüququ olduğunu dilə gətirdi. Xanım köməkçinin sərrast və hüquqa söykənən cavabı da diqqətimizdən yayınmadı.

***

Nərimanov bələdiyyəsi hakimin bu qərarından Apelyasiya şikayəti verib.

Düşünürəm ki, Nərimanov bələdiyyəsi hakim xanımın çoxsaylı suallar yaradan bu qəradadıyla bağlı məsələyə dəqiq şəkildə aydınlıq gətirilməsi üçün həm də Məhkəmə-Hüquq şurasının sədri hörmətli Fikrət Məmmədova da müraciət ünvanlayacaqdır.

Düşünmək olar ki, bu xəmir çox su aparacaq. Ancaq sonda ədalətin zəfər çalacağına ümid daha çoxdur.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR