Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsi üzv təşkilatlara müraciət ünvanlayıb.
Komitə sədri Məhərrəm Xəlilovun imzasıyla göndərilən müraciətdə deyilir:
"Son dövrlər Respublika komitəsinə işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malik olan şəxslərdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bir daha bildiririk ki, 2018-ci ilin yanvar ayının 1-dən qüvvədə olan “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.
Komitəyə gündəlik daxil olan müraciətləri ümumiləşdirərək belə bir nəticəyə gəlmişik ki, bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqlarına görə, sığorta ödənişini almaq üçün müraciət etmirlər. Bundan başqa bəzi müəssisələrin işəgötürənləri də bu barədə xəbərsiz olduqlarından işini itirmiş şəxsləri də aidiyyəti üzrə məlumatlandırmırlar.
Məlumat üçün bildiririk ki, qanuna müvafiq şəkildə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.
işini itirdiyi günədək, yəni işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi,
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi,
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi
qədər işsizlikdən sığorta ödənişi təyin olunur.
ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün – 100 faiz;
- 3-4-cü təqvim ayları üçün – 80 faiz;
- 5-6-cı təqvim ayları üçün – 70 faiz.
işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə 3 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da minimum sığorta ödənişi ödənilir.
işsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət etməlidirlər"
Belediyye.info