Badamdar qəsəbə bələdiyyəsi kimi biz keçən 2017-ci ildə qarşımıza qoyduğumuz məqsədlərdən biri kimi qəsəbə ərazisində inventarizasiya aparmağı davam etdirmiş, yerli vergi ödəyiciləri ilə söhbətlər aparmışıq.Qəsəbədə adlı küçələrin olmasına baxmayaraq ünvan bildirən löhvələr yox idi. Bələdiyyə olaraq sakinlərin şifahi və yazılı müraciətlərini nəzərə alıb qəsəbənin 107 küçəsində giriş və çıxış hissələrində ünvan bildirən löhvələri sifariş edib, Bələdiyyə büdcəsindən 1279,8 manat ayıraraq hazırlatdırıb binalarda yerləşdirdik.
3-cü yaşayış massivi 27-ci küçədə illərdir qalanıb qalmış məişət və tikinti tullantıları bu küçəni tam istifadəsiz hala salmış və anti sanitar vəziyyət yaratmışdı.
Bələdiyyəmiz büdcədən 4.250 manat ayıraraq həmin ərazidən 1400 kub metr tullantını daşıtdırmış, küçəni abadlaşdıraraq yerli sakinlərin istifadəsinə vermişdir.
***
2017-ci ilin yekunlarına həsr edilmiş bu günkü yığıncaqda bildirmək istəyirəm ki, inzibati ərazidə olan fiziki şəxslər tərəfindən torpaq sahələrinin zəbt olunma hallarının qarşısının alınması üçün gündəlik işlər aparılır. Etiraf edim ki, bu məsələ bizim üçün o qədər də asan deyil, lakin bu işdə Rayon icra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyinin əməkdaşları ilə birgə çalışırıq. Aparılmış invertarizasiya işi eyni zamanda bələdiyyə vergi işinin də qurulmasına dəstək olmuşdur. Hesabat dövründə narahatçılıq doğuran və aradan qaldırılmalı mühüm problem ərazi üzrə vergi ödəyicilərinin tam şəkildə vergiyə cəlb olunmamasıdır. Belə ki, aparılan inventarizasiya nəticəsində məlum olmuşdur ki, qəsəbə ərazisində 8.000-ə yaxın mülk və torpaq sahəsi vardır. Və əksəriyyət mülk və torpaq sahibləri sənədlərini Bələdiyyə Vergi Xidməti orqanına təqdim etməmiş və yerli vergiləri ödəməmişlər. Fürsətdən istifadə edib hesabat yığıncağında iştirak edən sakinlərdən xahiş edirəm ki, aidiyyatı sənədləri BVXO-na təqdim etsinlər və vergilərini ödəsinlər. Azərbaycan Respunlikası Vergi qanunvericiliyinə uyğun olaraq mülk sahibləri və istifadəçiləri vaxtında təqdim etməli və ildə bir dəfə yerli vergini ödəməlidirlər. əks təqdirdə qanunla onlara maliyyə sanksiyası və cərimə faizləri hesablanacaqdır.
Hər bir mülk sahibi Yerli vergi və ödənişləri vaxtlı vaxtında ödəyərsə və Bələdiyyə büdcəsində maliyyə toplanarsa qəsəbəmizin problemləri vaxtında və dərhal həll olunar.
Bələdiyyənin vergi müfəttişləri bir çox hallarda sakinlər tərəfindən təhqir edilir, saymazlıqla qarşılanır və beləliklə də həmin şəxslər vergiləri ödəməkdən yayınırlar. Onlara dəfələrlə yazlılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenə də vergi borclarını ödəmirlər. Bunun da nəticəsində qəsəbə ərazisində quruculuq-abadlıq və s. işlərin tərəfimizdən həyata keçrilməsində çətinlik yaranır.
***
Hesabat dövründə Badamdar bələdiyyəsinin 12 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanuna uyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. 12 ay ərzində Badamdar bələdiyyəsinə 94 məktub və 34 ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə tərəfindən sosial-məişət, təsərrüfat quruculuğu ilə əlaqədar 142 vətəndaş qəbul edilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün tədbirlər görülmüşdür. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir. Bu il də Badamdar bələdiyyəsi də qəsəbədə görülən işlərdən kənarda qalmamış,abadlıq-quruculuq işlərində fəal iştirak etmişdir.
***
il ərzində bələdiyyə tərəfindən 144 nəfərə maddi yardım göstərilmişdir.
Həmçinin yeni il ərəfəsində Badamdar qəsəbəsində yerləşən Heydər əliyev adına parkda yolka quraşdırılmış, yeni il şənlikləri keçirilmişdir.
Bayraq günü, Gül bayramı və Qurtuluş günü ərəfəsində Heydər əliyev parkında güllər yenisi ilə əvəzlənmişdir.
Müqəddəs Qurban bayramı münasibətilə qəsəbə sakinlərindən olan imkansız, tənha, şəhid ailələr və s. ailələrə 350 pay (700 kq) qurban əti paylanmışdır.
Cari ildə Badamdar qəsəbəsində yerləşən 236, 239, 329 və Laçın rayon tam orta məktəbin yüksək bal toplayan az təminatlı 6 şagirdə pul mükafatı və Fəxri Fərmanla təltif olunmuşdular.
Bələdiyyə üzvlərimiz rayonda keçirilən iməcliklərdə yaxından fəal iştirak etmişdirlər. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə Badamdar qəsəbəsində hər həftənin şənbə günü təşkil olunan açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsinin təşkilatı işlərində, xüsusi ilə də bayramlar ərəfəsində keçirilən yarmarkaların təşkilində yaxından iştirak etmişik.
***
Badamdar bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən və dotasiyadan büdcənin gəlirləri 2017-cı il üzrə 178.547 manat təşkil etmişdir.
- fiziki şəxslərdən torpaq vergisi – 10.064 manat
- fiziki şəxslərdən əmlak vergisi – 136.301 manat
- Bələdiyyə əmlakının icarəsindən – 2.182 manat
- Dövlət tərəfindən dotasiya – 30.000 manat
2017-ci il ərzində xərclər isə - 176.000 manat
O cümlədən
- bələdiyyə işçilərinin və qulluqçularının əmək haqqısının ödənilməsinə - 77.388 manat
- bələdiyyə işçilərinin və qulluqçularının DSMF-yə ödənilən – 19347 manat
- abadlıq və təmir işlərinə xərclər ( dotasiya) – 66.990 manat
Görülmüş işlərlə yanaşı qəsəbədə hələdə öz həllini gözləyən bir sıra problemlər qalmaqdadır.
Qəsəbədə yeni xəstəxananın tikintisi yarımçıq qalmışdır, həmçinin qəsəbə daxili küçələrinin işıqlandırılması və asfaltlaşdırılmasına xüsusi ilə də 3-cü yaşayış massivində kommunikasiya, su konalizasiya xətlərinin çəkilməsinə ciddi ehtiyac vardır. Qəsəbədə su və kanalizasiya şəbəkəsinin yenilənməsindən sonra küçələrə asfalt örtüyünün mövcud tələblərə uyğun çəkilmədiyindən mövsümü yağışlar nəticəsində qəsəbənin demək olar ki, əksər küçə və səkilərində dərin çalalar əmələ gəlmiş və yerli əhalinin haqlı narazılığına səbəb olmuşdur.
Bu məsələ ilə əlaqədar yeri gəlmişkən RiH-nə müraciət edirik ki, aidiyyatı qurumlarla bu məsələnin həll edilməsində bizə köməklik etsinlər. Düzdür biz 9 aylıq hesabatda bu məsələni qaldırmışdıq və cənab başçı şəxsən özü bu məsələni diqqət mərkəzində saxladı və aidiyyatı qurumlara şikayətlərin aradan qaldırılması üçün göstəriş verdi.
Ondan sonra bəzi hissələrdə asfaltlama işləri aparıldı. Lakin artıq qış fəsli başlayıb və çəkilmiş asfalt örtüyü çox keyfiyyətsiz və standartlara uyğun olmadığı üçün dağılmışdır.
Badamdar bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qarşıdakı müddət də işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir. Bələdiyyəmiz Müstəqil Azərbaycan Respublikasının yerli özünüidarə qurumunun gələcəyinə ümidlə baxır və bu inkişafda öz payı olacağına da inanır.
Həbib əsədov
Səbail rayon Badamdar bələdiyyəsinin sədri
P.S. Material bələdiyyə sədrinin bu gün keçirilən hesabat yığıncağındakı məruzəsi əsasında hazırlanıb