- Mövzumuz Azərbaycanda Bələdiyyələrin fəaliyyət dairəsidir. Mövzu ilə bağlı Xətai rayon bələdiyyəsinin üzvü Səbinə Abdullayeva ilə müsahibəni sizə təqdim edirik:
- Lütfən özünüz və fəaliyyətiniz barədə oxucularımıza məlumat verədiniz.
- Mən Abdullayeva Səbinə Hidayət qızı, Xətai rayon Bələdiyyəsinin artıq 3 - cü dəfə seçilmiş üzvüyəm. Bələdiyyədə müfəttiş-mühasib kimi ilk əmək fəaliyyətimə başlamışam. 2009 - cu ildə isə gənc xanım namizəd kimi bələdiyyə seçkilərində iştirak etməyə qərar verdim, və seçildim. Bələdiyyə sistemində ilk gənc xanım bələdiyyə üzvlərindən sayılıram . Artıq 3 cü dəfədir bələdiyyə üzvüyəm. Bələdiyyə üzvü kimi seçildiyim illər ərzində bələdiyyənin bir sıra daimi komissiyalarında fəaliyyət göstərmişəm. Bura Hüquq məsələri daimi komissiyası, Sosial və yerli büdcə məsələləri daimi komissiyası, hal - hazırda həm hüquq həm də gender məsələləri daimi komissiyanın da üzvüyəm. Bələdiyyə üzvü kimi aktiv şəkildə neçə neçə layihələrin ideya müəllifiyəm. Layihələrimin əsas hədəf qrupları isə həmişə, qadınlar, uşaqlar, yeniyetmələr olub. Layihələrim, Mədəniyət Nazirliyi, Gənclər və idman Nazirliyinin və eləcə də rayon icra hakimiyyətinin rəsmi veb səhifələrində yer alıb. Türkiyə və Gürcüstanda bir sıra təlim və konfranslarda iştirak etmişəm. Sertifikatlar əldə etmişəm. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komistəsinin, ədliyyə Nazirliyinin, Almanya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin ( GiZ) tədbirlərində, seminarlarında iştirakçı olmuşam. Bir sıra mətbuat orqanlarında eləcə də efirlərdə, radiolarda bələdiyyə üzvü kimi və ictimai fəal qadın yazar kimi fəaliyyətim, hesabatım, təkliflərim, məqalələrim əks olunub.
- illərdir bələdiyyə sahəsində çalışan bir şəxs kimi hazırda ölkəmizdə bələdiyyələrlə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Bələdiyyələr hələ də ölkəmizdə digər icra orqanlarına nisbətən "yeni icra orqanı qurum" kimi qəbul olunur. Məlum olduğu kimi ilk dəfə Ulu Öndər Heydər əliyev tərəfindən 1999 - cu ildə Azərbaycanda ilk bələdiyyə institutu yaradılıb. Yeni bir qurum olmasına baxmayaraq bələdiyyələr ölkəmizdə artıq müsbət mənada ilkin addımlarını atıb, atmağa da davam edir. Beləki, qısa zaman ərzində bir sıra sosial, mədəni, beynəlxalq layihələr, abadlıq, quruculuq işlərində bələdiyyələrin əməyi, fəaliyyəti danılmazdı. Bəzən bu fəaliyyət istənilən formada təbliğ olunub, işiqlandırılmasa da bələdiyyələr öz üzərinə düşən fəaliyyəti imkan daxilində layiqincə yerinə yetirməyə çalışır. Doğrudur müəyyən çətinliklər, çatışmazlıqlar hər sahədə olduğu kimi bu sahədə də var. Amma bu gün gənc , yerli özünü idarəetmə qurumu olan bələdiyyələrin fəaliyyətini, təqdirəlayiq saymaq olar.
- Respublika miqyasında bələdiyyələrin fəaliyyəti hansı şərtlər altında tənzimlənir? Bu barədə nə deyə bilərsiniz?
- Demokratik idarəetmə sisteminin bir qolu kimi bələdiyyələrin də fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmişdir. Belə ki, Konstitusiyamızın 142 – ci maddəsinin birinci hissəsinə əsasən ölkəmizdə yerliözünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerliözünü idarətemə orqanı olmaqla mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da bələdiyyələrin işinin şəffaf təşkil edilməsi, yerli əhalinin onların fəaliyyəti ilə yaxından tanış olması üçün şəraitin yaradılması yerliözünü idarəetmənin mahiyyətindən irəli gələn ən vacib tələblərdir və buna əməl edilmədən yerli özünüidarəetməni təsəvvür etmək mümkün deyildir.
- Ümumiyyətlə bələdiyyə işinin əsas xüsusiyyətləri hansılardır? Yaxşı bələdiyyə hakimiyyəti hansı işlərlə fərqlənməlidir?
- Bir bələdiyyə üzvü və həmdə bir vətəndaş kimi onu qeyd edim ki, - “ən yaxşı bələdiyyə necə olmalıdır” ? - soruşularsa mən cavabımda - ərazisində yaşayan seçicilərini yaxşı tanıyan və onlara yaxın, dəstəkçi, yenilikçi, təşəbbüskar bələdiyyədir deyərdim...
- Məlum koronavirus pandemiyası və Vətən müharibəsi dövründə konkret olaraq sizin Xətai rayon bələdiyyəsi hansı maarifləndirmə işləri həyata keçirib?
- Bələdiyyələr illərdi ki, öz komissiyalarının fəaliyyət planları əsasında işlərini qurur, həyata keçirir. Məlum olduğu kimi 2019 - cu ildə dünyamız karovirus pandemiyası ilə üz - üzə qaldı. Pandemiyanın yaratığı mənfi təsirlər bələdiyyələrdən də yan ötmədi. Pandemiya səbəbindən bir çox obyekt, iş yerləri bağlandığı üçün vergi yığımında zəifləmələr oldu. Amma bələdiyyələr Azərbaycanda həm maariflənmə həm də pandemiya şəraitində mütəmadi olaraq aktiv şəkildə aztəminatlı və həssas kateqoriyadan olan ailələrə maddi, ərzaq, dərman yardımlarının çatdırılmasında iştirak etdilər. Maariflənmə, sosial məsafə, təmizlik qaydalarına əməl olunması, həm əyani həm sosial media həm də mətbuat vasitəsi ilə seçicilərə , vətəndaşlara çatdırıldı. 44 günlük müharibə zamanı və post müharibə dövründə də bələdiyyələr rayon icra hakimiyyəti eləcə də digər dövlət orqanları ilə birgə öz dəstək fəaliyyətini göstərib və göstərməkdə davam edir. şəhid ailələri və qazilərimiz daim bələdiyyə olaraq xüsusi diqqətimizdədir. şəhidlərin xatirəsini əbədiləşdirən abidələrin, parkların qurulması, şəhid ailə üzvlərinin daim ziyarət olunması, bayram günlərində xüsusi bayram sovqatlarının çatdırılması, bəzi qazi və fiziki məhdudiyətli vətəndaşların müasir əlil arabaları ilə təmin olunması bələdiyyəmiz tərəfindən həyata keçirilmiş, şəxsən biz bələdiyyə üzvləri belə xeyriyyə tədbirlərdə iştirak etmişik. Bələdiyyələrə işəqəbul şəhid ailə üzvləri və qazilərimiz işə qəbul edilmişdir. Uşaq evlərinin ziyarət olunması, aztəminatlı ailələrə ərzaq və digər maddi yardımların çatdırılması, həmçinin kimsəsiz rayon vətəndaşları vəfat edərkən onların dəfn xərclərinin qarşılanması ümumi iclasın qərarı ilə həyata keçirilir. Bu cür xeyirxah fəaliyyət nümunələrimiz yetərincədi. Lakin çox təbliğ edilmədiyinə görə bəzən bəzi insanlar "bələdiyələr ən iş görür?" deyir. Ona görə təklifim odur ki, bacardığımız qədər görülən işlər, fəaliyyətlər daha çox təbliğ olunsun. Onda insanlar arasında bələdiyyələrin həm tanınması, nüfuzu daha da artar.
- Adətən vətəndaşlarla iş zamanı bələdiyyələr hansı çətinliklərlə üzləşir və ya bu çətinliyin öhdəsindən necə gəlirlər?
- Bələdiyyələrin qarşılaşdığı problemlərdən də danışmaq istərdim. Sənədsiz evlərin sənədləşdirilməməsi əmlak vergisi yığımına mənfi təsirini göstərir. Beləki, sənədsiz evdə yaşayan vətəndaşdan əmlak vergisi yığmaq qadağan olsa da kommunal vergilər ödənilməlidir. Bu təzadların aradan götürülməsi üçün sənədsiz evlər sənədləşdirilməlidir. Həmçinin bələdiyyə xəritələrinin verilməsi hələ tam tamamlanmayıb. Bundan başqa bələdiyyələrdə peşəkar, kadrlara yer verilməlidir. Bələdiyyə qulluğuna şəfaf, atestasiya qaydasında təhsilli, təşəbbüslar, aktiv kadrlar işə qəbul olunmalıdır. Bələdiyyələr öz işlərini dövrün müasir , innovativ tələblərinə uyğun, cəld çevik şəkildə qurmalıdır.
- Bu sahəyə yaxşı bələd olan mütəxəssi kimi ölkəmizdə bələdiyyələrin daha yaxşı inkişafı üçün təklifləriniz varmı?
- Mənim təklifim əsasən bu sahədə yetərincə təcrübəsi olan ölkələrdən faydalanmaqdır. Məsələn, qardaş Türkiyə təcrübəsini öyrənmək, tətbiq etmək bizim bələdiyyələr üçün əhəmiyyətli ola bilər. Təbii ki, Türkiyə bələdiyyə təcrübəsinin yaşı çoxdu. Onların böyük maliyyə imkanları, yüksək şəraitli binaları, geniş səlahiyyətləri var. Məsələn mən Türkiyədə bələdiyyə təcrübəsi ilə tanış olmuş bir bələdiyyə üzvü kimi, orada öz gördüklərimindən misal çəkə bilərəm. Beləki Türkiyədə hətta bizim FHN həyata keçirdiyi yanğınsöndürmə, (Bələdiyyə itfaiyəsi) səlahiyyəti və kommunal xidmətlər də bələdiyyələrə aiddir. Bu xidmətlər müqabilində sözsüz ki, vətəndaş -seçicilər də bələdiyələrin fəaliyyətinin müsbət tərəflərini özləri hiss edəcək və gələcəkdə qarşılıqlı vətəndaş-bələdiyyə prinsipləri ilə fəaliyyət göstərərək daha geniş və səmərəli fəaliyyət sərgiləmək imkanı yaranacaq. Vətəndaşlar vaxtlı vaxtında bələdiyyə vergilərini ödəməlidir ki, nəticədə də ödədikləri vergi əsasında onlara xidmət göstərilməsini tələb edə bilsinlər.
- Gələcəkdə bələdiyyələrin fəaliyyətində hansı dəyişikliklər gözlənilir?
- Ümid edirəm ki, gələcəkdə Azərbaycanda bələdiyyələr daha böyük səlahiyyət əldə edəcək, daha böyük büdcəyə sahib olacaq. Bununla da yerli özünü idarəetmə orqanı olan bələdiyyələr yerlərdə vətəndaşlara daha yaxşı xidmət göstərəcəklər.
- Son olaraq demək istədiyiniz nələrsə varmı?
- Mərhələ - mərhələ ölkəmizdə bələdiyyələrin nüfuzunun artırılmasına mütləq şəkildə çalışılmalıdır. 44 günlük Vətən müharibəsində Ali Baş komandan ilham əliyevin uğurlu rəhbərliyi ilə ordumuzun, xalqımızın qələbəsi hər bir azərbaycanlının daha həvəslə , daha böyük uğurlara imza ataraq çalışması üçün böyük motivasiya oldu. Yaxşı işləmək heç bir bəhanəmiz olmamalıdır. Cənab prezidentin və vitse - prezidentin bütün sahələrdə böyük zəhmət və əzmlə apardığı islahatlara, siyasətə dəstək olmalıyıq.Hər birimiz öz cəbhəmizin vicdanla, ləyaqətlə çalışan əsgəri olmalıyıq...
Söhbətləşdi: Bünyamin Bünyadzadə
https://www.adalet.az/az/posts/detail/her-birimiz-oz-cebhemizin-vicdanla-leyaqetle-doyusen-esgeri-olmaliyiq-musahibe-1649164165?fbclid=IwAR0G8LaV8m9EcIgeNK8QoIbXWjrn0aU7qb2DQ5mdyZNYHcwQOCz27sr6z1M