"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hesabat yığıncağına sözardı: BəLəDiYYə SəDRi YAZDI

--2017-05-04 / 16:27

Hər birimizə məlum olduğu kimi ötən ayın sonlarında Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları ölkənin bələdiyyələrini bir araya topladı, həm bələdiyyələrin həm də hər üç Assosiasiyanın hesabatları dinlənildi.

Sevindirici məqamlar həddindən artıq çox idi, bələdiyyələrin bir-birini daha yaxşı tanımasından (bunu təşkil edilmiş çoxsaylı tədbir,seminar və konfransların ölkə bələdiyyələri arasında iş və dostluq münasibətlərinin yaranmasına verdiyi töhfə kimi qiymətləndirə bilərik) tutmuş, hesabat məruzələrində bələdiyyələr tərəfindən görülən işlərin kəmiyyət və keyfiyyət göstəricilərinə qədər. Təşkilatşılıq da yüksək səviyyədə idi.

ən təqdirəlayiq hal isə Assosiasiyaların və bələdiyyələrin fəaliyyətinə verilən ən ali – dövlətimizin verdiyi dəstəyi xüsusi vurğulamağı özümə borc bilirəm. Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazovun, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin, komitənin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramovun hesabat yığıncaqlarında iştirakları həm göstərilən dəstəyi, həm də tələb olunan hesabatlığın məsuliyyətini bələdiyyələrə bir daha hiss etdirdi.

Yığıncaqlarda Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələr tərəfindən çoxsaylı layihələrin icra edildiyini, lakin bu barədə ictimaiyyətin xəbərsiz olduğunu yerli orqanlara irad kimi bildirdi və bu barədə düşünməyə ehtiyac olduğunu qeyd etdi.

 2014-cü ildə bələdiyyələrə keçirilən sayca 4-cü seçkilərdə etimad qazanan bələdiyyə üzvləri bu gün bələdiyyə fəaliyyətinə fərqli prizmadan yanaşır. Vətəndaşlardan yığılan torpaq və əmlak vergilərinin elə seçicilərin rifahı naminə xərclənməsi, seçicilər qarşısında hesabatlılığın təmin edilməsi, vətəndaş-bələdiyyə münasibətlərində şəffaflığın daha da artırılması və bu kimi digər məsələlər hazırda qarşımıza qoyduğumuz ən başlıca məqsədlərdir.

Bizim bələdiyyəmiz də qaşıya qoyulan tələblər çərçivəsində üstünlüyü daha çox təbliğat, maarifləndirmə sahəsinə yönəldir. Bələdiyyəmizin fəaliyyətini və  büdcəsinə daxil olmuş vəsaitləri təhlil edərkən təkcə ev təsərrüfatlarından yığılan əmlak vergisinin 2015-ci ildə 85.000 manat, 2016-cı ildə isə 197.000 manat təşkil etdiyini görürük və bu, seçicilər arasında aparılan maarrifləndirmə işlərinin nəticəsidir.

Ötən il Binəqədi Bələdiyyələri bu istiqamətdə daha bir ilkə imza atdı və hər bir bələdiyyənin strukturunda ictimai-humanitar sektorlar yaradıldı. Sektorun yaradılmasında əsas məqsəd isə elə təbliğat işlərinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz fəaliyyətin reallaşdırılması idi. Bu sektorun fəaliyyətinin əsasını isə seçicilər və məhəllə komitələri ilə qarşılıqlı münasibətin qurulması, sosial şəbəkələrdə təbliğatın gücləndirilməsi və KiV ilə əməkdaşlığın yaradılması təşkil edir. Facebook sosial şəbəkəsində yaradılan səhifəmizə gündəlik daxil olan müraciət və suallar da bu istiqamətdə az da olsa irəliləyiş əldə etdiyimizin göstəricisidir.

Sözsüz ki, səsləndirilən iradlar zamanında və haqlıdır. Ancaq biz bələdiyyələr də öz növbəmizdə seçicilərimizi əmin edə bilərik ki, xidmətimizin yeganə ünvanı olan vətəndaşlarımıza qulluq etməkdən əsla yorulmayacaq və elə onların dəstəyi ilə də inkişaf yolunda böyük uğurlar qazanacayıq!

Sitarə Cabbarlı

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini,

Binəqədi bələdiyyəsinin sədri

ŞƏRHLƏR