Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti səyyar qəbul keçirib. Bu dəfə şəhərin 1-ci mikrorayon ərazisində yaşayan sakinlərin şikayət və təklifləri dinlənilib. Qəbulda Cavad xan qəsəbəsinin sakinləri də iştirak ediblər. Bu barədə məlumatı Gəncə şiH yayıb.
Səyyar görüşdə şəhərin Vəli Xuluflu küçəsində sənədsiz evlərin qanuniləşdirilməsi üçün qeydiyyata alınması istiqamətində göstəriş verilib. Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz və Nizami Rayon Bələdiyyələrinə tapşırılıb.
Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən olub. Bundan başqa ərazidə yaşayan 50-yə yaxın vətəndaş, "açıq mikrofon" şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib. Su, qaz və işıqla təminatla bağlı müraciət edən vətəndaşlara bildirilib ki, qəsəbədə yaxın günlərdə yeni transfarmator quraşdırılacaq.
Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, ehtiyac olanların isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Qazlaşdırılmayan ərazilərə mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır
Qeyd edək ki, Prezident ilham əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.
Belediyye.info
|
|
|
|