"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra-bələdiyyə münasibətləri: mövcud vəziyyət və çıxış yolları (I yazı)

--2022-12-05 / 07:13

Son vaxtlar icra-bələdiyyə münasibətlərinə həsr etdiyim bir sıra araşdırma yazılarımda bəzi rayon icra hakimiyyətlərinin və onların icra başçılarının bələdiyyələrə qarşı tutduqları mövqe tənqid hədəfimdə olub. Bu gün bəzi siyasi rəhbərlər vəziyyəti elə həddə çatdırıblar ki, bələdiyyə sədri hətta icra başçısını məhkəməyə vermək məcburiyyətində qalıb.

Ancaq etiraf edim ki, həqiqətən bələdiyyələri “gözümçıxdıya” salan, bu qurum təmsilçilərini daim “qapazaltı vəziyyətdə” saxlamağa cəhd edən, bələdiyyələrin dotasiyasına göz dikən icra başçılarıyla yanaşı, icra-bələdiyyə münasibətlərini sivil formada quran icra başçları da var imiş. Təəssüf ki, bu qrupa aid siyasi rəhbərlərin sayı barmaqla sayıla biləcək qədər olsa da, hər halda var.

Normal şəkildə qarşılıqlı əməkdaşlıq münasibətlərinin formalaşdığı rayonlardan bəlkə də birincisi paytaxtın Səbail rayonunu hesab etmək olar. Nəzərə alaq ki, Səbail bələdiyyəsinin üzvlərinə həm də ölkənin birinci şəxsi səs verib. Demək, bu məqam onların həm də məsuliyyət yükünü artırmış olur.

Xeyli vaxtdır müşahidə apardığım Səbail rayonunda RiH və bələdiyyə münasibətləri hazırda təcrübəsi yayıla biləcək səviyyəyə çatıb. Bu gün rayon bələdiyyələrinin gördükləri işlər konkret olaraq elə bələdiyyənin də adına yazılır. Bələdiyyəyə dövlət tərəfindən ayrılan dotasıya elə bələdiyyənin məqsədlərinə, problemlərinin həllinə xərclənir. Üstəlik, bələdiyyələr özləri sərbəst şəkildə vətəndaş qəbulları, səyyar görüşlər keçirir, sakinlərin problemləri dinlənilir və həlli mümkün problemlər öz həllni tapır, bələdiyyədən asılı olmayanların həlli isə daim diqqətdə saxlanılır və həllinə sahə xidmətlərinin cəlb edilməsi təmin edilir. Siyasi rəhbər isə bu işdə sadəcə bələdiyyələrin fəaliyyətinə dəstək verir. Məhz siyasi rəhbərin bu münasibəti nəticə etibariylə bələdiyyələrin rayondakı nüfuzunun, siyasi çəkisinin artmasına öz təsirini göstərmiş olur.

2020-ci ilə qədər fəaliyyəti hiss olumayan, DMSF və digər orqanlara kifayət qədər borcu olan Bibiheybət bələdiyyəsi bu gün fəaliyyətiylə nümunəvi bələdiyyələr sırasına qoşula bilib. Həm əldə edilən maliyyə vəsaiti hesabına borclar silinib, həm də sakinlərin arasında nufuzunu artıra bilib. Sözsüz ki, bu prosesdə əsas yük yeni seçilmiş bələdiyyə sədrinin üzərinə düşüb. Hazırda xanım sədr seçicilərinə verdiyi sözü tutmaqda davam edir.

əvvəlki illərdən fərqli olaraq Səbail və Badamdar bələdiyyələri də ciddi layihələrin icrasıyla bağlı diqqəti çəkməkdədirlər. Bu rayonda şəhid və qazi ailələrinə göstərilən qayğı və diqqətdə hər iki bələdiyyənin xüsusi yeri və çəkisi danılmazdır. istər şəhidlərin adlarının əbədiləşdirilməsində, istər şəhid və qazi ailələrinin sosial məişət qayğılarının həllində bu bələdiyyələrin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Təəssüf edirəm ki, Səbail rayonunda formalaşan icra - bələdiyyə münasibətlərindəki müsbət tendensiyanı digər rayonlarda müşahidə etmək mümkün deyildir.

***

Son vaxtlar daim məni bir suala cavab maraqlandırır. Bəzi RiH-lər nədən bələdiyyələrə bu cür ögey münasibət sərgiləməkdədirlər. Siyasi rəhbərlər bu addımlarıyla nə demək istəyirlər. Güman edirəm ki, bu iradımı birbaşa ünvanladığım ismayıllı RiH oxuyub reaksiya verəcək. Bir müddət öncə yazdığım irada ismayıllı RiH dərhal reaksiya verərək paylaşdıqları mənasız şəkli dəyişmişdilər. indisə mətləbə keçim.

ismayıllı RiH başçısı Nahid Bağırov Aşağı Zərnava kəndində səyyar görüş keçirib. Çox yaxşı. Demək RiH məlumat yayıb və bütün iştirakçıları məlumatında qeyd edib. Bu məqamda bir haşiyə çıxım ki, səyyar görüşlərdən paylaşılan məlumatların demək olar ki, hamısının eyni məzmunda olması da təəssüf doğurur. Sadəcə o məlumatlar genis arealda yayılsa da bir kimsənin oxumaması ucbatından o eyniliyə, təkrarçılığa heç kim reaksiya vermir. Nə isə…

Təəssüf edirəm ki, RiH-in məlumatında bələdiyyənin adı çəkilmir. Halbuki bələdiyyənin təmsilçisi bu tədbirdə iştiraka dəvət edilib və zalda əyləşib.

Sual olunur, bələdiyyələrin vətəndaşa torpaq satışı ilə bağlı RiH-ə göndərilən müraciətlərinə rəylərin vaxtında verilməməsi, məqsədli şəkildə ləngidilməsi bir yana qalsın, heç olmasa adi məlumatda bələdiyyənin adını yazmağa niyə əziyyət çəkirsiniz. əgər çəkməyəcəksinizsə, onda niyə dəvət edib birinci çərgədə otuzdurursunuz.

icra-bələdiyyə münasibətlərinin ismayıllı rayonunda hansı səviyyədə olmasıyla bağlı onsuzda gündəlik məlumatlar yayılmaqdadır. Və bu yayılan məlumatların bir qismi yalnışlığa söykənsə də, digər bir qismi həqiqətdir və fakta söykənir. Mənə elə gəlir ki, RiH təmsilçiləri icra-bələdiyyə münasibətlərinə yenidən baxmalı və proses tənzimlənməlidir. Belə davam edə bilməz.

Ötən illə müqayisədə ismayıllı bələdiyyələrinin büdcə gəlirlərində azalma müşahidə edilibsə, demək bu məqamda RiH-ində öz günah payı var. Konkret.

***

Bu arada qeyd edim ki, Səbail rayonunda icra-bələdiyyə münasibətlərin qurulması heç də rayonda formalaşan üç bələdiyyəyə asan başa gəlməyib. Yeni seçilən bələdiyyə sədr və üzvlərinin gündəlik fəaliyyəti, sakinlərlə iş aparması və müvafiq qurumlara öz fəaliyyətləri barədə bilgilərin verilməsiylə başa gəlib. Və bu gün münasibətlər məhz öz axarıyla gedir və nəticə etibariylə bələdiyyələrin fəaliyyətinə maneə deyil, RiH əksinə şərait yaradır.

Belə bir vəziyyətdə tövsiyə edərdim ki, diğər rayon icra hakimiyyətləri də Səbail rayonunda formalaşmış bu təcrübədən yararlanaraq öz fəaliyyətlərində istifadə etsinlər.

Vüqar TOFiQLi

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR