"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

icra hakimiyyətləri üçün Gəncə və Yasamal təcrübəsi

--2021-12-09 / 05:28

Bəzən sakinlər və bir çox məmurlar yeri gələndə sual verirlər ki, bələdiyyə nə iş görüb, hansı layihəyə imza atıb ki, bizdə vergimizi ödəyək? əslində sakin və ya hansısa məmur tərəfindən bu sualın verilməsi onun vergidən yayınması kimi qiymətləndirilməlidir.

Bəzən xəbərsiz enerji verilişi və ya qaz təchizatı dayandırıldığı halda biz məgər ödənişi etmirikmi? Ödəyirik və hətta çalışırıq vaxtından əvvəl ödəyək ki işığımızı, qazımızı və ya suyumuzu bağlamasınlar. Belə bir vəziyyətin yaranmasında, əhalinin bələdiyyənin fəaliyyətinə neqativ yanaşmasında əsas günah sahibi bələdiyyə sədrləriylə yanaşı həmin rayonun icra hakimiyyətlərini hesab etmək lazımdır. Çünki bir sıra istisnaları çıxsaq əksər icra hakımiyyətləri bələdiyyələrin həyata keçirdiyi layihələri öz adlarına çıxır və təbliğatda bu istiqəmətdə getdiyindən sakin həyata keçirilən layihənin məhz bələdiyyənin deyil, icranın həyata keçirdiyini düşünür.

Beləliklə, cəmiyyətdə bələdiyyənin fəaliyyəti təblig olunmadıqca, onun həyata keçirdiyi layihələr icra hakimiyyətlərinin adına yazıldıqca bələdiyyənin də gördüyü iş üzə çıxmayacaq, təbliğ olunmayacaq, sakinin də xəbəri olmayacaq. Bu işdə əsas günah sahibi sözsüz ki, sədrlərdən çox icra başçılarını hesab etmək lazımdır. Mənə maraqlıdır ki, kifayət qədər borcu olan, bank hesabı bağlı olan, hər hansı maliyyə əməliyyatı apara bilməyən bələdiyyənin aid olduğu rayonun siyasi rəhbəri heç özünə sual verirmi ki, bu işdə mənim də günahım var. Heç düşünürmü ki, bələdiyyənin inkişafına dəstək olum ki bələdiyyədə vəziyyətdən çıxsın, sonra yenidən lazım gəlsə bələdiyyəni layihələrlə “yükləyərik”.

Müşahidə və təhlillər göstərir ki, əgər Bərdə, Tərtər, Gədəbəy ,Astara və unutduğum digər rayonların icra hakimiyyətlərində məhz borcun silinməsiylə bağlı strateji proqram hazırlansaydı borcun həcmi azalmış olardı. Təəssüf ki, borcun artması bu rayon icra hakimiyyətlərində proqramın, hətta marağın belə olmamasından xəbər verir.

Etiraf edək ki, bələdiyyələr DSMF-yə olan yeddimilyonluq borcu təkbaşına qaytara bilməyəcək. Yerli icra hakimiyyətinin başçıları bu işdə rayonun siyasi rəhbəri olaraq əziyyət çəkib “nəfs”lərin boğmalı, bələdiyyələrə dəstək verməli və elə yerli vergilərin birinci olaraq icra başçısı və icra strukturlarında çalışan məmurların ödəmələrini təmin etməlidir.

Bələdiyyə sədrlərinin də təşəbbüskar olmaları da əsas vacib şərtdir. Yəni görülən işin bələdiyyənin adından təbliğ olunması sədrin atacağı ilk addım olmalıdır. Necə ola bilər ki, Gəncənin Kəpəz və Nizami bələdiyyələri, Bakının Yasamal bələdiyyəsi həyata keçirdiyi layihələrin təqdimatına icra başçıları da qatılır və çıxışlarında da layihənin bələdiyyələr tərəfindən icra edildiyi xüsusi olaraq qeyd edilir və hətta öz məlumatlarında bu məqam yer alır, amma digər rayonlarda bu hala rast gəlinmir.

Düşünürəm ki, yuxarıda adıçəkilən şəhər və rayonlarda bələdiyyə-icra münasibətlərində yaranmış sivil əməkdaşlıq digər rayonlar üçün bir örnək olmalı və öyrənilməlidir.

Hər halda bələdiyyə sədrlərinin üzərilərinə çox böyük yük düşür: fəaliyyət təbliğ olumalıdır, birmənalı olaraq.

Vüqar Tofiqli

ŞƏRHLƏR