Beləliklə, daha bir bələdiyyə seçkisi tarixin arxivinə keçdi. Bu seçki müəyyən irəliləyişlər, müsbət işartılarla zəngin oldu. Hər halda seçkini qənaətbəxş saymaq olar. Bununla bağlı fikirlərimi qısa şəkildə olsa da bir xeyli əvvəl bildirmişəm. (http://belediyye.info/new/details/belediyye-seckilerinin-yekunlarina-qisa-bir-nezer--5647.htm)
Odur ki, təkrarçılıq olmasın deyə, bu dəfə ilk dəfə seçilənlərə bəzi təklif və tövsiyələrimi bildirmək istərdim.
Sözsüz ki, ilk dəfə seçilənlər, istər üzv olsun, istərsə də sədr, əsas odur ki, ilk gündən seçicinin rəğbətini qazanmaq üçün addım atmalıdır. Bunun üçün yaradılan və formalaşdırılan sistemi, əgər varsa, dağıtmaq yox, əksinə inkişaf etdirməklə öz töhvəsini verməlidirlər.
Bizim müşahidələrimiz göstərir ki, tərkibində bu və ya hansısa səbəbdən dəyişkilik olmuş, bələdiyyələrdə yeni tərkibin ilk iclasını və sədrini gözləyən kollektivlərdə bir narahatlıq duyulmaqdadır. Nədəndir bu narahatlıq? Tərkibin dəyişdiyi kimi, kollektivin də dəyişdirilməsi, kollektiv şəkildə ixtisarın aparılması və sair və ilaxır kimi ehtimal olunan məqamlar narahatlıq doğurur.
Düşünürəm ki, yeni seçilmişlər ilk növbədə bələdiyyə sistemiylə bağlı biliklərini artırmalı, fəaliyyət göstərdiyi bələdiyyədə formalaşmış ənənənin yaxşı və ciddi tərəflərini inkişaf etdirməli, sakinlərin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün maliyyə imkanlarını artırmalı, mövcud kollektivdə çalışanların əməkhaqqlarını vaxtında, ləngitmədən verməklə kollektivdə bir kimsəni özündən narazı salmamağa çalışmaldıırlar.
əgər yeni seçilmiş sədr və üzvlər kollektivlə bir olub, maliyyə vəsaitinin artırılması üçün strateji xətt qurarlarsa, kollektivdə sağlam mühit yaratmaqla daha kreaitv ideyaların gerçəkləşdirilməsi üçün addım atarlarsa onda nəticə etibariylə tək həmin bələdiyyə deyil bütün sistem qazanar, qazanılmış təcrübə isə paylaşılar.
Beləliklə, bələdiyyə qulluqçularının hər hansı formada narahatlıq keçirməsinə əsas yoxdur. Bacarığı, təcrübəsi olan, bələdiyyəyə can yandıran qulluqçu heç nədən narahatlıq keçirməməlidir.
Sonda isə yeni formalaşan bələdiyyələrə daha aktiv olmaları, fəaliiyətlərini təbliğ etmələrini, şəffaf və açıq olmalarını arzu edərdim.
Bu deyərdim seçicilərin arzusu, qanunların isə tələbidir.
Vüqar Tofiqli