"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

inzibati nəzarət icraatının başlanması üçün əsaslar hansılardır? SORUşUN CAVAB VERəK

--2022-02-14 / 10:02

Sual 1: inzibati nəzarət icraatının başlanması üçün əsaslar hansılardır?

Cavab 1: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır:

1. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda;

2. Hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda.

 

Sual 2: Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları hansılardır?

 

Cavab 2: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:

1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

4) vəfat etdikdə;

5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

 

Sual 3: Bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi əsasları hansılardır?

Cavab 3: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:

1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;

5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

6) ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.

 

 Hazırladı:

Nicat iSMAYILOV

Gəncə Regional ədliyyə idarəsinin

böyük məsləhətçisi

ŞƏRHLƏR