"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ismayıllı bələdiyyəsi hesabat verdi

--2015-08-04 / 17:54

“Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyələr, eləcə də bələdiyyənin hər bir üzvü 6 ayda bir dəfə görülmüş işlər haqqında seçicilər qarşısında hesabat verir. Bu məqsədlə iyul ayının 24-də keçirilən yığıncaqda 2015-ci ilin birinci 6 ayı üçün ismayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin hesabatı dinlənilib.

Bələdiyyə sədri  yeni tərkibin ilk iclasının fevral ayının 2-də keçirildiyini diqqətə çatdırıb və 2015-ci ilin birinci yarımilində bələdiyyənin mədaxil və məxarici, eləcə də görülən işlər barədə məlumat verib.

Hesabat  dövründə bələdiyyə mədaxil proqnozunu kəsrlə yerinə yetirmişdir. Məlum məsələdir ki, xərclər üzrə proqnoz da kəsirdə qalıb.

Bələdiyyə 2015-ci ilin birinci 6 ayında büdcə gəlirlərində istənilən nəticələrə nail olmasa da, bir sıra işlərin görülməsinə müvəffəq olub. Belə ki, şəhərin Topçubaşov, əliağa şıxlinski, Böyük mərc, Cəfər Cabbarlı, Rəşid Mahmudov, Məhəmməd Hadi, Qazan xan, Vahab Osmanov, Qadir Məmmədov, Dədə Qorqud küçələri, Mican və Qəzli qəbiristanlıqlarına gedən yollar çınqılla örtülüb.

şəhərin mərkəzində, “Bayraq meydanı” ətrafındakı parkda  sanitar qovşağı əsaslı təmir olunub. 

Bir il əvvəl bələdiyyə binasının fasadı əsaslı təmir olunsa da, işlədilən material yanma təhlükəsi yarada biləcəyi səbəbindən tamamilə sökülüb. Hazırda binanın fasadı suvanır və ətrafdakı binalarla ansambl təşkil etməsi üçün işlər görülür.

Hesabat dövründə rayon səviyyəsində keçirilən bayramlarda, mədəni-kütləvi tədbirlərin təşkilində və keçirilməsində bələdiyyənin də imkanlar daxilində iştirakı olub.

P.Ağayev bildirib ki, ismayıllı bələdiyyəsi son 6 ayda diqqəti cəlb edən bəzi işlər görülüb. işdəki sürəti qaldırmaq üçün bələdiyyəyə gəlir gətirə biləcək iş yerlərinin açılmasına səy göstərilir. əslində, hər hansı iş yerinin açılması üçün də kifayət qədər maliyyə vəsaiti tələb olunur.

Aydın məsələdir ki, çox gəlir əldə etdikdə daha çox iş görmək olar. Bütün imkanları bu sahəyə istiqamətləndirmək üçün bələdiyyədə mümkün qüvvələr səfərbər olunmalıdır. Hər bir vergi ödəyicisi ilə fərdi qaydada söhbətlər aparılmalıdır. Vətəndaşların vergi mədəniyyətinin istənilən səviyyəyə qaldırılması üçün təbliğat işi gücləndirilməlidir.

Sayca dördüncü tərkib olan ismayıllı bələdiyyəsi seçkilərdən sonra bir sıra çətinliklərlə üzləşib.  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi səbəbindən bələdiyyə büdcəsinin mədaxilinin əsas hissəsini təşkil edən torpaq satışından daxilolmaların olmaması səbəbindən hesabat dövründə bu sahə üzrə bələdiyyə büdcəsinə mədaxil olmayıb. Bu da büdcənin mədaxil hissəsinin böyük  kəsirlə yerinə yetirilməsi deməkdir.

Büdcənin kəsirdə qalmasının başlıca səbəblərindən biri də bələdiyyə vergilərinin bələdiyyənin vergi agentləri tərəfindən toplanması deyil, vergilərin vətəndaşlara təqdim olunan bildirişlər əsasında bələdiyyənin hesablaşma hesabına köçürülməsi qaydalarının tətbiq olunmasıdır.

Hesabat dövründə icrası həyata keçirilmiş vacib məsələlərdən biri bələdiyyə üçün kifayət qədər əhəmiyyət kəsb edən Məhəllə komitələrinin yaradılması olub.     

Bələdiyyələrin aşağıdan yuxarı idarəolunan qurum olunmasını bildirən məruzəçi yaradılmış komitələrin bələdiyyə işinin müsbətə doğru dəyişməsinə əsaslı təsiri olacağını bildirib.

Fürsətdən istifadə edən sədr şəhər sakinlərini vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib.

Məruzə ətrafında bələdiyyə üzvlərinin hesabat xarakterli çıxışları, seçicilərin rəy və təklifləri dinlənilib.

Yığıncaq tənqid və özünütənqid üzərində köklənsə də, mövcud şəraitdə görülən işlərə qənaətbəxş qiymət verilib.

ş.Soltanov,

ismayıllı bələdiyyəsinin üzvü

 

ŞƏRHLƏR