Paytaxtın qədim yaşayış məskənlərindən biri olan Sabunçu rayonunun Ramana qəsəbəsi Abşeron zonasının ənənəvi kəndlərindən olub. Qala kəndi ilə yanaşı, regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələrə görə, onun əsası eramızın, təqribən, 84-86-cı illəri arasında Roma imperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub. Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesi mərkəzlərindən olub. Ramananın hal-hazırkı dövrümüzə qədər gəlib-çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XII əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalası aiddir. Yeri gəlmişkən qeyd edək ki, Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Hazırda kənddə Nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır; məsələn, Nobelin evlərinə kənd əhalisi arasında «nobelski» deyilir. Məşhur Azərbaycan milyonçusu şəmsi əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «əsədullayevin evləri», «əsədullayevin uşaqlarının evi» adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.
Artıq Bakı-2017-ci il islam idman Oyunlarına az vaxt qalıb. Bununla əlaqədar olaraq paytaxtın ərazisində təmizlik abadlıq və bərpa işləri aparılır. Xatırladaq ki, əməkdaşlarımız “Bakı- 2017» rubrikası əsasında Bakı şəhər və onun ətraf qəsəbələrində, xüsusilə də tarixi abidələri daha çox olan yaşayış məskənlərində olacaq və həmin ünvanlarda aparılan hazırlıq və abadlıq və təmir işləri ilə bağlı oxucularımıza ətraflı məlumatlar verəcyik. Elə bu səbəbdən də yolumuzu ilk olaraq adıçəkilən ünvandan qədim Ramana kəndindən saldıq. Qəsəbədə bir sıra abadlıq, təmir və bərpa işləri aparlıb. Məhəllədaxili yollar təmir edilib. Eləcə də qəsəbənin mərkəzində yerləşən “şəhidlər Kompleksi” və 1941-45-ci il Böyük Vətən müharibəsində həlak olanların adlarını əbədiləşdirən “Qadın heykəli” abidəsinin yerləşdiyi parkda təmir, bərpa işləri aparılıb. Ağac və gül bitkiləri əkilib. ilk baxışdan qəsəbədəki təmizlik, səliqə və sahman adamın diqqətini çəkirdi.
Murad adlı sakin bildirdi ki, son illər qəsəbədə böyük işlər görülüb: ”Qəsəbənin uzun illərdən bəri yığılıb-qalmış problemləri artıq öz əksini tapıb. əvvəllər qəsəbənin yolları bərbad vəziyyətdə idi. Çalalar dərin olduğundan, Sabunçu qəsəbəsinə 15 dəqiqəlik yolu marşrut avtobusla 1 sata gedərdik. Artıq qəsəbəmizə gələn yollar dövlət səviyyəsində əsaslı təmir edilib. Biz sakinlərin işıq, su və “mavi yanacaq” sahəsində heç bir problemimiz yoxdur”.
Sakinlər göstərilən qayğıya görə, ölkə başçısına və Sabunçu Rayon icra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
Sabunçu Rayon icra Hakimiyyəti Başçısının Ramana qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyində də olduq. Nümayəndə şamil əliyev “Həftə içi”nə qəsəbədə görülən işlər barəsində məlumat verdi. Bildirdi ki, adıçəkilən qəsəbədə böyük abadlıq işləri aparılıb: “Qəsəbənin yol infrastrukturu yenidən qurulub. Ölkə başçısının sərəncamı əsasında “Ramana-Maştağa” 11 kilometr uzunluğunda yol, eləcə də “Ramana- Sabunçu” 4,7 kilometr yol yenidən qurulub və beynəlxalq standartlara uyğun olaraq çəkilib. O cümlədən daxili imkanlar hesabına aeroport yolundan Ramanaya gələn 1,5 kilometr yol cari təmir edilib. Onu da vurğulayım ki, Ramana Bələdiyyəsinin daxili imkanları hesabına, qəsəbədaxili yollarda da təmir işləri aparılıb”.
şamil əliyev dedi ki, “ikinci Sahə” adlanan yaşayış massivinə “Azərsu” ASC tərəfindən yeni içməli su xətti çəkilib. Onun sözlərinə görə, qəsəbənin bütün yaşayış massivlərində içməli su xətti yenidən qurulub: “istər “mavi yanacaq”, istərsə də su və elektrik enerjisi sahəsində qəsəbənin heç bir problemi yoxdur. Yolların ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb. Diqqətinizə çatdırım ki, qəsəbə ərazisində salınmış şuşa şəhərciyinin üstündən keçən kanalətrafı olan müdafiə zolağı ayrı-ayrı adamlar tərəfindən qanunsuz zəbt olunmuşdur. Artıq həmin ərazidə tikilmiş qanunsuz tikililər sökülüb və adıçəkilən ərazi təmizlənib, yerində abadlıq işləri aparılıb. Onu da diqqətinizə çatdırım ki, Sabunçu RiH başçısı Adil Vəliyev hər bir sahədə bizə öz köməkliyini əsirgəmir. Belə ki, başçı vaxtaşırı qəsəbədə olur,sakinlərlə səyyar görüşlər keçirir, onların problemləri ilə, eləcə də qəsəbənin mövcud durumu ilə maraqlanır, ortaya çıxan problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərliyinə öz göstəriş və tapşırıqlarını verir”.
Ramana Bələdiyyəsinin sədri intizar Rzayeva söylədi ki, adıçəkilən qəsəbə Ramana Südçülük Sovxozu, kənd Ramana, şuşa şəhərciyi, “2-ci Sahə” Yeni Yaşayış Massivi və Yeni Ramana Yaşayış Sahəsini əhatə edir: “Qəsəbədə “Plot layihə” həyata keçirilib. Onmərtəbəli bina tikilərək, 32 ailə mənzillə təmin edilib. Biz işlərimizi layihələr əsasında qururuq. Belə ki, Mərkəzi Park, “şəhidlər Memarlıq Kompleksi” və böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsinə sovet dönəmində ucaldılmış “Ana” abidəsində təmir və bərpa işləri aparılıb, parkda yaşıllıqlar salınmışdır.“Hərəyə bir ağac əkək” layihəsini uğurla həyata keçiririk. Mindən çox bəzək ağac və kolları yolkənarlarına əkmişik. Yaşıllıqlara qulluq göstərilir, quruyan budaqlar doğranılır, ağacların dibi bellənilir və vaxtlı-vaxtında onlara su verilir. Yeri gəlmişkən qeyd edim ki, hər həftənin şənbə və bazar günlərində iməciliklər keçiririk, qəsəbənin ərazisində abadlıq və təmizlik işləri aparılır. Qəsəbədə təmizliyə xüsusi fikir veririk. Belə ki, bələdiyyə məişət tullantılarının daşınması üçün Sabunçu Rayon Kommunal Təsərrüfat idarəsi ilə müqavilə bağlayıb və həmin müqaviləyə əsasən, məişət tullantıları adıçəkilən qurum tərəfindən daşınılır. Eləcə də məişət tullantılarının yığılması üçün qəsəbə ərazisində xüsusi yerlər ayrılıb ki, qəsəbə sakinləri məişət tullantılarını gətirib həmin əraziyə atırlar”.
Bələdiyyə sədri abidələrin durumundan da danşdı. Qeyd etdi ki, tarixi XII əsrlərə gedib-çıxan Ramana qalası əsaslı təmir edilməlidir. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Artıq qala nazirlik tərəfindən tarixi abidə kimi siyahıya salınıb. Hətta qalanın dayanıqlılığı yaxşı olsa da, onun qorunmasına ehtiyac var. Axı, Ramana qalası canlı tarixdir, onun yeraltı yolları olub. Bu bizim qeyrət qalamız olmaqla yanaşı, uzaq keçmişimiz, bugünümüz və sabahımızdır. Hər birimiz bu müqəddəs qalanı qorumalıyıq. Qalanın ətrafında təmizlik işləri aparmışıq. Diqqətinizə çatdırım ki, qəsəbənin kanalizasiya xəttinin çəkilməsi artıq “Dövlət Proqramı”na salınıb”.