Dünya tarixində müasir anlamda “könüllü fəaliyyət” anlayışı ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranmışdır. Bu anlayış könüllü hərbiçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxmışdır. 1881-ci ildə ABş-da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Qurumunun yaranmasına səbəb olmuşdur. Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimləri də örnək göstərmək olar. 1859-cu ildə italiya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən isveçrə yazıçısı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratmışdır. Burada yaralılara könüllülər ilkin tibbi yardım göstərmişdilər. Xeyriyyə qurumları içərisində 1863-ci ildə isveçrədə yaranmış Beynəlxalq Qırmızı Xaç Komitəsini misal göstərmək olar.
Beynəlxalq humanitar qurumlar öz mandatları çərçivəsində bir çox könüllülük proqramları elan etmişdilər. Bunlardan ən tanınmışı Birləşmiş Millətlər Könüllüləri proqramıdır (United Nations Volunteers –UNV). Bu proqram BMT-nin sülh və inkişafa nail olmaq uğrunda bütün dünyanı əhatə edən könüllülük fəaliyyətidir. Ali və ya orta ixtisas təhsilli olmaq, minumum 25 yaş həddinə çatmaq, minumum iki il müvafiq sahədə təcrübə, ingilis, fransız, ispan dillərindən ən azı birində sərbəst danışmaq, könüllülük fəaliyyətinin prinsip və dəyərlərinə sadiq olmaq, çətin yaşam səbəblərinə tab gətirmək, güclü təşkilatçılıq və insanlarla işləmək vərdişlərinə nail olmaq, multikultural şəraitdə işləmək təcübəsi BMT könüllüsü olmaq üçün əsas tələblər hesab olunur.
1985-ci ildə BMT Baş Assambleyası dekabr ayının 5-ni Beynəlxalq iqtisadi və Sosial inkişaf Naminə Könüllülər günü (international Volunteer Day for Economic and Social Development Day) və ya qısaca olaraq Beynəlxalq Könüllülər Günü kimi qeyd etmək təklifi ilə çıxış etmişdir. Könüllülər öz istedad, zaman və enerjilərini cəmiyyətə heç bir təmənna gözləmədən bəxş edirlər. XX əsrin ikinci yarısından başlayaraq könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.
Azərbaycanda da könüllülük ənənəsi çox zəngindir. XIX əsrin sonu XX əsrin əvvəlləri bir sıra xeyriyyə cəmiyyətləri çox uğurlu fəaliyyət göstərmiş, insanları başqalarının xeyrinə cürbəcür işlərə cəlb etmişlər. Humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə yaranmışdır. Həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cumhuriyyətinin Müdafiə naziri general-leytenant əliağa şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılmışdır.
ikinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, bütövlükdə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq bir çox şəfqət bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “Florens Naytinqeyl” medalı ilə təltif edilmişdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmuşdur. Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, cənab prezident ilham əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Hazırda bu qurumun 20000-ə yaxın könüllüsü vardır.
Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın humanist ənənəsindən qaynaqlanır. Bu hadisələrdə həkimlərin və tibb bacılarının təmənnasız yardımı ilə onlarla yaralının həyatını qurtarmaq mümkün olmuşdu.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər əliyevin hakimiyyəti illərindən başlamışdır. Dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq hərtərəfli və davamlı inkişaf məqsədi ilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılmışdır. Bu prosesə insanları könüllü cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilirdi. Belə ki, 1998-ci ildə Gənclər, idman və Turizm Nazirliyi, BMT inkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlamış, 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq güclü könüllü komandası yaradılmış və könüllülük prinsipinin geniş auditoriyaya təbliğatına start verilmişdi.
XXI əsrin əvvələrindən ölkəmizin neft gəlirləri ilə müşayiət olunan yeni dövrü başlamışdır. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi olmuşdur. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, könüllüyün mühüm önəm daşıması danılmaz idi.
əsası ulu öndər Heydər əliyev tərəfindən qoyulmuş və Prezident ilham əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin bariz nəticələrindən biri də Azərbaycanda olan könüllülük hərəkatıdır. Ölkəmizdə Könüllülük hərəkatı ASAN xidmət mərkəzlərində başlamış və çox geniş yayılmışdır.
Könüllülük insansevərlik, vətənsevərlik, əməksevərlik göstəricisidir. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır. Könüllülük fərqli düşüncələrə bərabər sayğı bəsləməkdir. Könüllülük cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Könüllü xidmət ictimai həyatda iştirak, həyat bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə inteqrasiya, təhsilin inkişaf etdirilməsi, fərdlərin inkişafına fayda vermək baxımından əhəmiyyətlidir. Könüllülük fəaliyyəti yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində insanlara özlərini inkişaf etdirməyə yardımçı olur. Könüllülük fəaliyyəti şəffaflığı, operativliyi, məsuliyyəti, mənəvi zənginliyi təmin edir, gülərüz və səbirli olmağı aşılayır.
Qeyd olunur ki, könüllülərin cəlb olunması işçi çatışmazlığını aradan qaldırmaq məqsədi güdmür. Onları cəmiyyətlə, insanlarla qarşılaşdırmaq, əmək vərdişləri aşılamaq, iş təcrübəsinə yiyələndirmək kimi məsələlər əsas məqsəd olmalıdır.
Könüllülük bu gün ayrıca bir sahə kimi formalaşmış və bu sahənin öyrənilməsi, mənimsənilməsi üçün dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza yaradılmışdır. Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti” haqqında 2009-cu il 9 iyun tarixli Qanununun mühüm rolu vardır. Qanuna görə könüllü fəaliyyət - Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir (m.2.1). Könüllü - öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.(m.2.2).
Bu Qanunun 2.3 maddəsinə əsasən könüllü fəaliyyətin təşkilatçısı- könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllü fəaliyyətinin təşkilatçılarının və könüllülərin hüquqları və vəzifələri “Könüllülük fəaliyyəti” haqqında Qanunla tənzimlənir.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli Sərəncamı da çox böyük önəm daşıyır. Prezident ilham əliyev Kürdəmir ASAN xidmət mərkəzinin açılışında könüllülərlə görüşü zamanı söylədiyi nitqində bir daha bugünkü dövrdə könüllülərin mühüm önəm daşıdığını, könüllülərin getdikcə bütün fəaliyyət sahələrinə axın etdiyini, könüllülük kimi dəyərin xalqın milli ruhundan qaynaqlandığını bildirmişdir.
Azərbaycanda könüllülük hərəkatının genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın və “Heydər əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım əliyevanın da rolu çox böyükdür. Onların təşəbbüsü ilə həyata keçirilən bir çox layihələrə könüllü gənclər qoşulmuş və bu layihələrin həyata keçirilməsinə öz töhfələrini vermişlər.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə Nazirliyi tərəfindən könüllülər institutunun genişləndirilməsinə, gənclərə peşə vərdişləri aşılamasına, onların ədliyyə sistemində könüllülük işinə cəlb olunmasına daim diqqət yetirilərək Nazirliyin Kollegiyası tərəfindən 2016-cı ilin oktyabr ayında qərar qəbul edilmiş, gənclərin ədliyyə sahəsində könüllü fəaliyyətə daha geniş cəlb olunması məqsədilə tədbirlər planı təsdiq olunmuş, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə, həmçinin müraciət formaları hazırlanmışdır. Nazirliyin internet saytında ayrıca bölmə yaradılaraq zəruri məlumatlar orada yerləşdirilib, könüllülərə birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılıb. Başlıca olaraq hüquqşünaslıq və informasiya-kommunikasiya ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb edilir.
Bu tədbirlərin nəticəsi olaraq ötən bir ildə 1.400-ə yaxın könüllü ədliyyə orqanlarında, o cümlədən "ASAN School" proqramı çərçivəsində 45 nəfər könüllü müvafiq məhkəmələrdə fəaliyyətə cəlb olunub, onların bir qismi üçün ədliyyə Akademiyasında xüsusi təlimlər təşkil edilib, 90-dək gənc könüllü isə ədliyyə orqanlarında işə götürülmüşlər.
Bu gün 450-ə yaxın könüllü ədliyyə Nazirliyinin müxtəlif qurumlarında, o cümlədən aparatında fəaliyyət göstərirlər. Könüllülərlə bağlı atılan uğurlu addımlardan biri də “ədliyyə könüllüləri” ictimai Birliyinin yaradılması və fəaliyyətə başlaması olmuşdur.
Könüllülük hərəkatının inkişafında, arzuolunan məqsədlərə çatılmasında bələdiyyələr də öz töhfələrini verə bilərlər. Bələdiyyələr “Könüllülük fəaliyyəti” haqqında Qanunun tələblərini, Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq öz fəaliyətlərində könüllülərdən istifadə etməklə yerli özünüidarəetmə sahəsində könüllülük institutunun inkişafına təkan verməyə çalışmalıdırlar. Bələdiyyələrə könüllüləri cəlb etməklə gələcəkdə yerli özünüidarəetmə orqanları üçün potensial işçi qüvvəsinin yaranmasına kömək etmək olar.
Yerli özünüidarəetmə orqanlarına könüllülərin cəlb olunması məqsədi ilə Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ayrıca tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmiş, bələdiyyələrə könüllülük işinin məqsəd və vəzifələri bir daha izah olunaraq onlara bu mühüm sahəyə diqqətin artırılması tövsiyə olunmuşdur.
Laləzar Arif qızı əlizadə,
ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin
məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu