Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə etmiş, iqtisadi potensial güclənmiş, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artmışdır.
Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini zəruri edir.
şəmkir Regional ədliyyə şöbəsinə daxil olan müraciətlərin ümumiləşdirilməsi göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramları çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, dövlət və bələdiyyə əmlakının və maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə olunmasına, tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində korrupsiya halları müşahidə olunur.
Korrupsiyaya qarşı mübarizə haqqnda Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Korrupsiya dedikdə - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Korrupsiyaya qarşı mübarizə haqqnda Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri gösdərilmiş və həmin subyektlərin dairəsinə (2.1.7-ci maddəsində) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslərdə daxil edilmişdir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinin qarşısını almaqla dövlətə və cəmiyyətə böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına mane olur, əhalinin rifahının artırılması sahəsində görülən tədbirlərin səmərəsini azaldır.
Korrupsiyaya yol verilməməsi üçün dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, habelə tamamilə dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisəsi) idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə mübarizə dahada gücləndirilməli, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların yoxlanılması daim diqqətdə olmalıdır.
Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.06.2009-cu il tarixli fərmanına əsasən “Azərbaycan Respublikasının ədliyyə Nazirliyi dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində - Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən nəzərdə tutulmuş sahələrdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarəti artırılması, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı cinayət əlaməti olan korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar etdikdə müvafiq sənədlərin dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi tapşırılmışdır.”
Bu tapşırıq üzrə keçən dövrlər ərzində ədliyyə Nazirliyi tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilmiş, normativ-hüquqi baza təkmilləşdirilmiş, vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə nəzarət mexanizmləri inkişaf etdirilmişdir.
Təkcə 2014-cü il üzrə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında bələdiyyələrin fəaliyyətində aşkar edilmiş ciddi hüquq pozuntuları ilə əlaqədar şəmkir Regional ədliyyə şöbəsi tərəfindən 43 material prokurorluq orqanına göndərilmiş, 8 iş üzrə cinayət işi başlanılmış, digər işlər üzrə qanuna müvafiq araşdırmalar davam etdirilir.
Lakin, görülən tədbirlərlə kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması bizlərdən tələb olunur.
Taryel Qəhrəmanov
şəmkir regional ədliyyə şöbəsinin
məsləhətçisi,
II dərəcəli ədliyyə qulluqçusu