Azərbaycanda yerli özünüidarəetmə prinsipi ilk olaraq 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında təsbit olunub. Ötən dövr ərzində “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının müddəaları əsas götürülərək yerli özünüidarənin mühüm sahələrini tənzimləyən yeni qanunvericilik aktları qəbul edilib, bəzilərinə dəyişiklik və əlavələr olunaraq daha da təkmilləşdirilib. Qeyd edilməlidir ki, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüidarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.
Bu gün regional ədliyyə şöbələrinin funksiyalarından biri də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onlara metodiki yardımın göstərilməsindən ibarətdir. Məhz ədliyyə Nazirliyinin mərkəzi və regional strukturları tərəfindən ötən dövrdə bələdiyyələrə metodoloji yardım göstərilmiş, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən yol verilən qanun pozuntularının qarşısının alınması və korrupsiya hüquq pozmalarının aşkar edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə Bələdiyyələrlə iş Mərkəzi vasitəsilə prokurorluq orqanları ilə qarşılıqlı əlaqələr qurulmuşdur.
***
Korrupsiya ilə mübarizə sahəsində ölkədə aparılan işlər ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə atılan ən başlıca addımlardan biri də 13 yanvar 2004-cü ildə “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunmasıdır. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa qəbula həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Qeyd edək ki, Qanuna əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər və yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri hesab olunurlar. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalardan və korrupsiyaya şərait yaran hüquqpozmalardan ibarətdir ki, bunlardan 7-si korrupsiya hüquqpozmaları 13-ü isə korrupsiyaya şərait yaradan hüquqpozmalardır.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Vəzifəli şəxs tərəfindən bilavasitə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda isə vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Bununla bağlı qeyd etmək istərdi ki, 2014-cü il ərzində Xaçmaz regional ədliyyə şöbəsinin yurisdiksayasına aid olan 2 bələdiyyə barədə materiallar cinayət işi ilə bağlı araşdırılması üçün Bələdiyyələrlə iş Mərkəzi vasitəsilə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. əlavə olaraq qeyd etmək istərdim ki, ötən il ərzində 19 bələdiyyə barəsində 20 inzibati protokol tərtib olunaraq onlar inzibati məsuliyyətə cəlb olunmuşlar. Xatırladaq ki, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur. Məsələn: Azərbaycan Respublikasınınqanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bilavasitə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.
Korrupsiyaya qarşı mübarizə sahəsində mühüm hüquqi aktlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə ” və ”Korrupsiyaya qarşı mübarizəyə” dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planıdır.Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının 11-ci bəndi Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilmişdir. Həmin bənd 3 hissədən ibarətdir:
-Birinci hissə bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanmasını özündə ehtiva edir. Bu məsələ ilə bağlı artıq “Bələdiyyə qulluğu haqqında” qanunda olunan dəyişiklik və əlavələr 10 aprel 2015-ci il tarixindən qüvvəyə minib.
- ikinci hissə bələdiyyə qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkilidir. Eyni zamanda qeyd etmək istərdik ki, 2014-cü ildə CTZ Alman təşkilatının təşəbbüsü və Xaçmaz regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda, eləcə də digər tədris kurslarında şöbənin ərazi yurisdiksiyasına aid olan 385 bələdiyyə üzvünün iştirakı ilə tədbirlər keçirilmişdir.
- Üçüncü hissə bələdiyyə qulluçularının etik davranış qaydalarının hazırlanması ilə bağlıdır. Bu məsələ ilə əlaqədarqeyd etmək istərdim ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə 10.06.2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb. Bu Qanun layihəsi 3 fəsil, 20 maddədən ibarətdir. Bu qanunun əsas məqsədi yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə qulluqçularına etimadının yüksəldilməsidir. Bələdiyyə üzvlərinin peşəkarlığının və fərdi məsuliyyətinin artırılması üçün layihədə tapşırıqların yerinə yetirilməsi, loyallıq, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısınının alınması kimi məsələlər öz əksini tapıb, həmçinin hədiyyə qəbul etmə ilə əlaqədar məhdudiyyətlər ehtiva olunub. Qanunda eyni zamanda bələdiyyə qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, intizam icraatına başlanması halları və intizam məsuliyyətinin növləri öz əksini tapıb.
***
Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması diqqət mərkəzində olmalıdır. Dövlət və yerli özünüidarəetmə orqanlarında şəffalığın artırılması korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların bir hissəsidir.
Bu istiqamətdə mühüm hüquqi aktlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyə Planı”-dır.
Qeyd olunan sərəncamın qəbul olunmasının məqsədi:
- “şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi;
- dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması;
- qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılmasıdır.
“Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planında”həmçinin yerli büdcənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmlərinə və prosedurlarına dair məsələlər öz əksini tapmışdır.
Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AZəRBAYCAN 2020: GəLəCəYə BAXIş” inkişaf konsepsiyasında da öz əksini tapmışdır. Belə ki, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında iKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü iKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasıkonsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdən hesab olunur. Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək, əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.
***
ilk bələdiyyə seçkiləri ərəfəsində Ümummilli Lider Heydər əliyev xalqa müraciətində demişdir: “Yerli özünüidarəetmə orqanları yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər.”
Bu gün əminliklə demək olar ki, 2015-ci il də Cənab Prezident ilham əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana bəxş etdiyi yeni mühüm nailiyyətlərlə zəngin bir il kimi tarixə yazılacaq və bu inkişafda bələdiyyələrin də fəaliyyəti kifayət qədər nəzərə çarpacaq.
ilqar Eyyubov
Xaçmaz Regional ədliyyə
şöbəsinin məsləhətçisi: