Latviyanın Qulbene vilayəti son illərdə 11 ölkənin yerli özünüidarəetmə orqanları ilə uğurlu əməkdaşlıq qurub. Bu ölkələrdən biri də Azərbaycandır.
AZəRTAC xəbər verir ki, Qulbenedə keçirilmiş "Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu" mövzusunda beynəlxalq konfransda Qulbene rəhbərliyi bütün tərəfdaşları ilə bir araya gələrək beynəlxalq əməkdaşlığın müsbət tərəflərini müzakirə edib.
Beynəlxalq konfransda Azərbaycanı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov, Xızı Rayon icra Hakimiyyətinin nümayəndə heyəti təmsil edib. Tədbir ənənəvi “şəhər günü” bayramı çərçivəsində baş tutub.
Açılış nitqində Qulbene vilayətinin meri Normunds Audziş beynəlxalq konfransda müzakirə olunan məsələlərin yerli özünüidarəetmənin inkişafındakı zəruriliyindən, o cümlədən qarşılıqlı əməkdaşlıq edən digər ölkələrdən olan həmkarları ilə həyata keçirdikləri layihələrdən, 2014-cü ilin sentyabr ayından Xızı Rayon icra Hakimiyyəti ilə birgə reallaşdırdıqları müsbət iş təcrübəsindən danışıb.
Kamran Bayramov çıxışında belə bir konfransın zəruriliyini qeyd edərək bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti töhfə olduğunu qeyd edib. O, Azərbaycan və Latviya, eləcə də 2011-2019-cu illərdə iki ölkənin bir sıra yerli orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələrin imzalanmasını, təcrübə mübadiləsi və müzakirələr aparılmasını qeyd edib. Həmin əməkdaşlığın məntiqi nəticəsi olaraq, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş ikitərəfli görüş zamanı yerli hakimiyyətlər və bələdiyyələrin əməkdaşlığı sahəsində görülən işlərin xüsusilə vurğulanmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
"Yerli orqanlararası əməkdaşlığın möhkəmləndirilməsində parlamentlərin rolu" mövzusunda çıxışında millət vəkili 2016-2019-cu illərdə Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri tərəfindən Azərbaycana gələn bələdiyyə təmsilçiləri ilə aparılan görüşlərdən və qarşılıqlı səfərlərdən danışaraq qanunvericilikdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı edilən son dəyişikliklər barədə də məlumat verib.
Həmçinin konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, torpaqlarımızın 20 faizindən çox hissəsinin erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb və həmin ərazilərdə vətəndaşlarımız yerli özünüidarəetmədə seçki və iştirak hüquqlarından məhrum olublar.
Sonra konfransın panel müzakirələri aparılıb. Yerli orqanların beynəlxalq əməkdaşlığının sosial-iqtisadi, mədəni, turizm və digər istiqamətlərdə əməkdaşlığa müsbət təsiri barədə konfrans iştirakçılarının suallarına aydınlıq gətirilib.
“şəhər günü” çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti digər bayram tədbirlərində də iştirak edib.
Aygün əliyeva
AZəRTAC-ın xüsusi müxbiri