"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

M.ə.Rəsulzadə bələdiyyəsi 2019-cu ildə bütün səy və bacarığına səfərbər edəcəkdir

--2019-01-30 / 11:19

Təməli ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasında cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial – iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən siyasət bu gün möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olundu ki, 2018-ci il ölkəmiz üçün uğurlu il oldu. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etdi. Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olundu, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edildi. Vurğulandı ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. iqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. 2018-ci il dərin iqtisadi islahatlar ili oldu, büdcəyə daxilolmalar böyük dərəcədə artdı. Bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. il ərzində Azərbaycan 32 pillə irəliyə gedib. Bu, rekord göstəricidir və biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir.

Ötən il yerli özünüidarəetmə orqanları üçün də uğurlu il olmuş, ölkədə bələdiyyələrin inkişaf etdirilməsi üçün strateji məqsədlər müəyyən olunmuş, bu inkişafın təmin olunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. Hesabat dövründə Milli Məclis tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi”ndə yerli (bələdiyyə) büdcələrinə 4,7 milyon manat dotasiya və ilk dəfə olaraq 1 milyon manat məbləğində subvensiya ayrılmışdır.

Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli 417 nömrəli qərarı ilə yerli vergilərin tərkib hissələri olan fiziki şəxslərin torpaq və fiziki şəxslərin əmlak vergilərinin dəqiq uçotunun aparılması və yığılması üçün bələdiyyələr ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyən edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında məlumat alınması qanunvericiliklə müəyyənləşdirilmişdir.  

Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi - sosial inkişafa öz töhfələrini verməyə nail olmuşdur.

Binəqədi Rayon icra Hakimiyyətinin M.ə.Rəsulzadə qəsəbə icra nümayəndəsi hörmətli Mübariz müəllim ətraflı hesabat verdi. Bildirmək istəyirəm ki, respublikanın bütün bölgələrində və bütün yaşayış məntəqələrində olduğu kimi M.ə.Rəsulzadə qəsəbəsinin ərazisində də irimiqyaslı layihələr həyata keçirilir və hazırda işlər planlı şəkildə davam etdirilir. Bütün bu işlər cənab Prezidentimizin birbaşa tapşırıqları əsasında bir hədəfə - respublikamızın bütün sakinlərinə, eləcə də M.ə.Rəsulzadə qəsəbə sakinlərinin sosial rifahının yüksəldilməsinə, rahat və etibarlı güzəranlarının yaxşılaşmasına hesablanıb.

Bələdiyənin ictimai – humanitar sektoru tərəfindən qoyulmuş hədəfə uyğun olaraq fəaliyyət proqramı tərtib olunmuşdur. Fəaliyyət proqramına əsasən, qəsəbə ərazisindəki bağça, məktəblərlə, eləcə də respublikamızın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilmiş, müxtəlif sosial layihələr, maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tarixi günlər daim diqqətdə saxlanılmış, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edilmiş, M.ə.Rəsulzadə bələdiyyəsi və Everest idman Klubunun təşkilatçılığı ilə Qoşqar zirvəsinə yürüş həyata keçirilmişdir. Maarifləndirmə tədbirləri çərçivəsində məktəblilərin “Memorial Soyqırımı Muzeyi”nə, Kənd Təsərrüfatı Muzeyinə, Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsinə və s. ekskursiyaları təşkil olunmuşdur. şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Müstəqil milli dövlətçiliyin yaranma tarixi” adlı tədbir keçirilmişdir.

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Qəsəbənin yaşlı, tənha, imkansız, eləcə də ziyalı şəxsləri və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq.

Novruz, Ramazan və Qurban bayramları münasibətilə, yeni tədris ilinin başlanması ilə əlaqədar, eləcə də Ahıllar günü və Müəllimlər günü münasibətilə silsilə tədbirlər keçirilmiş, qəsəbəmizin aztəminatlı ailələrdən olan uşaqları üçün məktəbli formaları hədiyyə edilmiş, ərzaq yardımları və mükafatlar təqdim edilmişdir.  

Humanitar və sosial sahə ilə yanaşı qəsəbə ərazisinin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olmuşdur. M.ə.Rəsulzadə qəsəbəsində təmizliyin təmin olunması məqsədilə 151 zibil meydançası mövcuddur. Bunlardan 10-u qəsəbəmizin müxtəlif yerində nümunəvi məişət tullantıları meydançalarıdır. Ümumilikdə, qəsəbə ərazisindəki həmin meydançalarda 354 ədəd məişət tullantıları konteyneri yerləşdirilmişdir.

Ümumiyyətlə təmizliyi həyata keçirmək üçün xüsusi təyinatlı maşınlardan istifadə edərək qəsəbə ərazisindən dislokasiyaya uyğun bütün növ məişət tullantılarının yığılıb zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna təhvil verilməsi tərəfimizdən həyata keçirilmişdir.

Hesabat ilində M.ə.Rəsulzadə bələdiyyəsi fəaliyyətini Prezident cənab ilham əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, yerli icra hakimiyyətinin tövsiyələrinə və bələdiyyənin 2018-ci il iş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında daimi komissiyaların və şöbələrin fəaliyyətinə dair hesabatlar, sosial maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması məsələləri olmuşdur.

2018-ci ildə bələdiyyəmizin 15 iclası keçirilmiş, baxılan məsələlərə dair 35 qərar qəbul edilmişdir.

Ötən dövr ərzində  1 sərəncam,      115    əmr imzalanmışdır.

2018-ci ildə bələdiyyəmiz vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirmişdir. Ötən il vətəndaşlardan bələdiyyəmizə 249 müraciət daxil olmuşdur. Vətəndaş müraciətlərindən 180-i müsbət həll olunmuş, 60-na müvafiq izahat verilmiş, 9-u baxılması üçün aidiyyəti üzrə digər orqanlara göndərilmişdir.

Qeyd etmək lazımdır ki, bələdiyyəmizdə sədr və müavinlərin, daimi komissiya sədrlərinin, eləcə də şöbə müdirlərinin qəbul günləri müəyyənləşib və il ərzində bələdiyyəmizdə 1496 nəfər qəbul edilmişdir ki, bunlardan 370 nəfəri sədrin qəbulunda olmuşdur.  

Bələdiyyəmizin Fasebook sosial şəbəkəsində yaradılmış səhifəsi sakinlərin bələdiyyənin fəaliyyətini mütəmadi izləyə bilməsi, eləcə də öz müraciətlərini bələdiyyəyə gəlmədən bizə ünvanlaya bilmələri üçün şərait yaradır.    

Hesabat ilində bələdiyyəmizə idarə, müəssisə və təşkilatlardan 307 məktub daxil olmuş, eləcə də tərəfimizdən hüquqi və fiziki şəxslərə 128 məktub göndərilmişdir. Eyni zamanda, vətəndaşların müraciətləri əsasında aidiyyəti üzrə təqdim edilmək üçün 237 arayış verilmişdir.

indi isə M.ə.Rəsulzadə bələdiyyəsi üzrə 2018-ci ildə gəlir və xərclər haqqında məlumat vermək istərdim.

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi iclasının 30.11.2017-ci il tarixli qərarı ilə 2018-ci il üçün gəlir və xərclər müəyyən edilərək, yerli büdcəsini 770000 (yeddi yüz yetmiş min) manat   həcmində təsdiq etmişdir. Təsdiq olunmuş büdcəyə əsasən iqtisadi təsnifat üzrə gəlir və xərclərin bölgüsü də aparılaraq təsdiqlənmişdir.

Fiziki şəxslərdən torpaq və əmlak vergisi, icarədə olan bələdiyyə torpaqlarının icarə haqqı 387176 manat təşkil etmişdir. Eləcə də 2018-ci ildə qəsəbə ərazisindən dislokasiya üzrə bütün növ məişət və irihəcmli tullantıların yığılıb daşınmasına görə xidmət haqqından gəlir 200257 manat, ötən illə müqayisədə 6613 manat və ya 3,3 faiz çox olmuşdur.

Beləliklə, 2018-ci ildə proqnozlaşdırılmış cəmi 770000 manat gəlirə qarşı faktiki gəlir 682867 manat olmuş və büdcə 88,7 % yerinə yetirilmişdir.

2018-ci ildə proqnozlaşdırılmış 770000 manat büdcə xərclərinə qarşı faktiki xərclər 649063 manat olmaqla büdcə 84,3 % -lə yekunlaşmışdır.

01.01.2019-cu il tarixə bələdiyyədə vəsait qalığı 66349 manat olmuşdur , o cümlədən ləğv prosesində olan 2 bankda 19059 manat, ondan Atrabankda 15789 manat və Texnikabankda 3270 manat qalmaqdadır. Ləğv prosesində olan hər iki banklarda qalan borclarla əlaqədar olaraq əmanətlərin Sığortalanması Fondunun ADiF adlı saytı daim izlənilir, hələlik müsbət nəticə əldə edilməmişdir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununa   müvafiq olaraq   bələdiyyə   büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılmışdır.

Bələdiyyə iclasının qərarı ilə ayrılmış   vəsaitlər   müqabilində   faktiki   xərclər haqqında   təqdim   edilmiş hesabatlar (işin yerinə yetirilməsinə dair   aktlar, elektron qaimələr, hesab - fakturalar, ödəniş sənədləri və maliyyə-təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər) uçot registrlərində yazılışlar üçün əsas götürülərək uçotda tam əks olunmuşdur. Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görmüşdür.

Beləliklə,2018-ci ildə bələdiyyənin büdcə xərcləri maddələr üzrə aşağıdakı kimi olmuşdur:

 

-Təmir-tikinti, abadlaşdırma və digər işlərin xərcləri 60124 manat,

-Mənzil - kommunal işləri 341419 manat,

-Sosial təminat və sosial müdafiə xərcləri 13775 manat,

-Yerli özünüidarəetmə orqanının saxlanması üzrə cəmi xərclər 227745 manat,

-digər xərclər 6000 manat olmuşdur.

             Uçot və hesabatlar haqqında

Bələdiyyədə təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər, şöbələrin maddi-məsul şəxsləri tərəfindən Mühasibatlığa təhvil verilmiş hesabatlar və digər əhəmiyyət kəsb edən sənədlər üzrə əməliyyatlar qruplaşdırılıb müvafiq maliyyə hesabları üzrə müxabirləşdirilərək memorial orderlərə yazılmış və nəticələr Baş kitaba və Dövriyyə balansına işlənmişdir. Hesabların sintetik uçotu aparılmaqla hər ay qalıqlar çıxarılmışdır. Bələdiyyədə yerli büdcənin maddələr üzrə gəlir və xərclərinin uçotu aparılır.

Mühasibatlıq maliyyə hesabatlarını hər rüb Bakı şəhər Vergilər Departamentinə, Bakı şəhər Baş Maliyyə   idarəsinə, iri Sığortaedənlərlə iş üzrə Departamentinə və Binəqədi rayon Statistika idarəsinə elektron poçt vasitəsilə vaxtında göndərmişdir.

Dövlət təşkilatlarına hesabatların hazırlanıb müəyyən edilmiş vaxtda təqdim edildiyindən heç bir cərimə ödənişi halları olmamışdır.

Bələdiyyələr haqqında hər kəsin öz fikri olduğu kimi əslində hər bir ölkə də ayrı-ayrılıqda bu məsələyə özünəməxsus yanaşır.

Yerli özünüidarəetmə institutu dövlətlərin fərqli inkişaf səviyyələrindən asılı olaraq formalaşdırılır.

Dövlətlə yerli özünüidarəetmə müəyyən qarşılıqlı asılılığa malikdir. Dövlət yalnız yerli özünüidarəetmənin təşkilinin ümumi prinsiplərini müəyyənləşdirməklə kifayətlənmir, həm də onun fəaliyyətini zəmanət verir. Eləcə də yerli özünüidarəetmə hüququnu qanunvericilik əsasında tanıyır və bu hüququn reallaşdırılması üçün mövcud olan nöqsan və çatışmamazlıqları yerli özünüidarəetmənin diqqətinə çatdırmaqla         maddi hüquqi və institusional şəratin yaradılması vəzifəsini öz üzərinə götürür.

Yekun olaraq qəsəbə sakinlərini əmin edirəm ki, M.ə.Rəsulzadə bələdiyyəsi 2019-cu ildə qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığına səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

 Hümbət Hüseynov

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin

sədri

ŞƏRHLƏR