Ölkə bələdiyyələrinin maliyyə durumu bu gün elə də ürəkaçan vəziyyətdə deyil. Bir sıra maliyyə istiqamətləri üzrə irəliləyiş olsa da, ümumi abu-havanı qənaətbəxş saymaq olmaz. Yarandığı gündən bələdiyyəyə verilən maliyyə istiqamətlərinin bu və ya digər səbəbdən dəyişdirilməsi mövcud vəziyyəti müəyyən mənada dərinləşdirib. Avtomobillər üzrə əmlak vergisinin, dayanacaq və reklamla bağlı rüsumların, ən sonda isə mədən vergisinin bələdiyyə büdcəsinə aid edilməməsi nəticədə yerli orqanların fəaliyyətinə kölgə salmaqla, onları cəmiyyət üzvlərinə fəaliyyətsiz bir qurum kimi tanınmasına səbəb olub.
Dövlət Statistika Komitəsinin açıqladığı bəzi rəqəmlərə diqqət yetirək. Bələdiyyələrin 2018-ci ildə mədən vergisindən 466 min manat, 2019-cu ildə 1.198.000 manat, 2020-ci ildə 969.300 manat, 2021-ci ildə isə 1.238.800 manat büdcə gəliri olub. 2023-cü ildən bu vergi növü dövlət büdcəsinə aid edilib. Yeri gəlmişkən bir faktı deyim ki, Qubanın Talabqışlaq bələdiyyəsi 2022-ci ildə tək mədən vergisindən 25 min manat vəsait əldə edə bilib. Bu isə ümumi büdcə gəlirinin 50 faizi deməkdir. Demək bu qərarla biz bələdiyyənin əlindən 25 min manatlıq vəsaiti aldıq. Belə olan halda sual olunur, əvəzində bələdiyyəyə nə verdik? Cavabsız qalan maraqlı sualdır, deyilmi?
Bu gün fəaliyyətdə olan, vətəndaşın problemlərinin həllinə çalışan onlarca bələdiyyə vardır. Ancaq 1606 bələdiyyənin siyahısında bu rəqəm həqiqətən gözə az dəyir. Hazırda ölkə bələdiyyələrinin 200-ə yaxın bir hissəsi ümidini yalnız dövlətin ayırdığı dotasiyaya bağlayıb. Bununla yanaşı 900-dən artıq, xüsusəndə kənd bələdiyyəsinin bank hesabı DSMF borclarına görə bağlıdır.
Etiraf edək ki, ötən ilin sonunda milli bələdiyyə assosiasiyalarının hesabat yığıncaqlarında Prezident Adminstrasiyasının müvafiq sektorunun, habelə ədliyyə Nazirliyinin müvafiq qurum rəsmilərinin çıxışlarında bununla bağlı ciddi narahatlıqları açıq-aydın ifadə olundu. Belə düşünmək olar ki, borcların bağlanmasıyla əlaqədar müəyyən mənada ciddi addımlarla yanaşı, tövsiyələr də olacaq. Ancaq əsas yük və məsuliyyət yenə bələdiyyə sədrlərinin üzərinə düşür. Yəni əsas addımı məhz onlar atmalı, vəziyyətdən çıxış yolları axtarmalıdırlar. Qeyd edim ki, belə məsuliyyətli bir məqamda isə bəzi rayon icra başçılarının bələdiyyələrə dəstək vermək əvəzinə yerli-yersiz tapşırıqlarla “yükləməsi” problemin həllini bir qədər də uzadır.
Yaranmış vəziyyətlə bağlı diqqəti bir məqama çəkmək istərdim. 2007-ci ildə bələdiyyələrin büdcə gəliri ən yüksək həddə yəni, həmin il ölkə bələdiyyələrinin 50 milyon manatdan artıq büdcə gəliri olub. Son 16 ildə bələdiyyələr bu rekordu təkrarlaya bilməyiblər. Onu da etiraf edək ki, həmin il əldə olunan maliyyənin 71 faizi məhz torpaq satışından olmuşdu. 2007-ci ildə əmlak vergisindən daxilolmaların həcmi ümumi büdcənin cəmi 1.9 faizini təşkil etmişdi. 2007-ci ilin sonlarında torpaq satışının hərrac və müsabiqə yoluyla satılmasıyla bağlı qərardan sonra bələdiyyələrin büdcə gəliri 2009-cu ildə ən aşağı həddə enmiş oldu. Belə ki, həmin il bələdiyyələrin büdcə gəliri 27 milyon manata yaxın olub. əlavə edim ki, bu vəsaitə dövlətin ayırdığı dotasiyada daxildir. Bu arada bir haşiyə çıxmağı özümə borc bilirəm. Yəni Fərman və sərəncamlardan, təsdiq edilmiş Qanunlardan irəli gələn normativ-hüquqi sənədlərin hazırlanmasında məqsədli və ya məqsədsiz ləngimələr bələdiyyələrində fəaliyyətinə bu gündə ciddi şəkildə təsir etmiş olur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sərəncamdan irəli gələn prosesləri üç aya həll etməli olduğu halda on aya, özü də alayarımçıq həll etməsi tək bələdiyyələrdə deyil, həm də vətəndaşlar arasında ciddi narazılıq yaratmış oldu.
Belə kritik durumla üz-üzə qalan bələdiyyələr məhz yuxarıda adıçəkilən qurumların tövsiyəsiylə əsas diqqəti əmlak və torpaq vergisinin, habelə icarə haqqlarının orta bazar qiymətinə uyğun hesablanmasına yönəltdilər. Qeyd edilən diqqətin sayəsində onlarca şəhər bələdiyyəsi illər əvvəl məsuliyyətsizlik nəticəsində yaranmış DSMF borcunu bağlamaq şansı qazandı. Bu fəaliyyətin nəticəsidir ki, hazırda əmlak və torpaq vergisinin ümumi büdcə gəlirindəki tutduğu yer, müvafiq olaraq 26.7 və 15.9 faiz təşkil edir. Yəni yerli büdcəyə 2021-ci ildə 18.976.300 manat vəsait bu istiqamətlərdən daxil olub. Yəqin ki, bu sahə ilə bağlı hüquqi sənədlərdə müəyyən boşluqlar olmasayda bu rəqəm daha çox ola bilərdi.
Müşahidələr göstərir ki, hazırda bələdiyyələrin maliyyə durumunun yaxşılaşdırılması, onların cəmiyyət üçün de-fakto və de-yure lazımlı orqana çevrilməsi üçün ciddi addımların atılmasının vaxtı çatıb.
Belə məqamda biz nəyi təklif edərdik. Bundan əvvəlki yazıda toxunduğum məqama, yəni bələdiyyə vergilərinin tarif dərəcələrinə və ya əmsallarına bir daha qayıtmaq istərdim. əgər biz bu əmsalları indeksləşdirsək, habelə onların dərəcəsini mövcud vəziyyətə münasib olaraq, hər bir vergi və rüsümünu on qəpik artırmış olsaq, düşünürəm ki, bələdiyyələrin inkişafına bir xeyli dəstək vermiş olarıq. O cümlədən hüquqi statusu olmayan mənzillərin və yaşayış evlərinin əmlak vergisinə cəlb edilməsi üçün qanunvericilikdə bir sıra vacib dəyişikliyin edilməsi vəziyyəti kökündən dəyişə bilər. Habelə vergilərin vaxtında, qeyd-şərtsiz ödənilməsi hər bir vətəndaşın, həmçinin bütün rayon rəhbərliyinin və məmurların qarşısında bir vəzifə kimi qoyulmuş olsa, düşünmək olar ki, bələdiyyələrin maliyyə durumunda müəyyən sabitliyin yaranacağını indidən ehtimal etmək olar. Hər halda hər kəs, xüsusəndə məmurlar, bələdiyyə sədrlərinə zəng edib borcların hanısısa yolla sildirməyə yox, əksinə vergilərini ödəməyə borcludur. Nəzərə alsaq ki, ödədiyimiz vergilər də nəticə etibarıylə öz problemlərimizin həllinə yönəldilirsə, demək biz buna daha maraqlı olmalıyıq.
Hə halda düşünməyə dəyər...
Vüqar Tofiqli