Nazim Qaraxanov vergilər nazirinə müraciət ünvanlayıb
Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, bələdiyyənin əldə etdiyi məlumata görə, üç il ərzində Nəsimi rayonu ərazisində fəaliyyət göstərən mehmanxanalarda gecələmənin sayı 1.017.300 olub. Bu isə o deməkdir ki, mehmanxanalar əldə etdikləri vəsaitdən adambaşına hər gecələməyə görə, 1.1 manat vəsaiti bələdiyyənin büdcəsinə köçürməli idilər.
Ancaq təəssüf ki, bu qədər vəsaitin qarşılığında yerli büdcəyə 248 min manat vəsait daxil olub. 880 min manat bələdiyyə dücəsinə daxil olmayıb. Müraciətdə bu problemin həlliylə bağlı işçi qrupunun yaradılması təklif edilir.
Müraciətdə deyilir: “Məlumat üçün diqqətinizə çatdırmaq istərdik ki, Nəsimi Bələdiyyəsi tərəfindən Sizə ünvanlanmış 06.06.2018-ci il tarixli 01-423 saylı məktubla bələdiyyənin ərazisində fəaliyyət göstərən mehmanxanalarda gecələmələrin sayı barədə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində olan məlumatların Nəsimi Bələdiyyəsinə ötürülməsi haqqında göstəriş verməyiniz xahiş olunmuşdur.
Həmin məktuba Vergilər Nazirliyinin Katibliyinin baş direktoru baş vergi xidməti müşaviri Nigar Alimova tərəfindən verilmiş cavabda Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində respublika ərazisində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidməti obyektlərinin sutkalıq gecələmələrin sayı barədə məlumatların olmadığı bildirilmişdir.
Nəzərinizə çatdırırıq ki, "Yerli vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.4 maddəsinə əsasən bələdiyyə ərazisində yerləşən mehmanxanalarda qonaqların hər bir gecələməsi üçün sutkalıq 1,1 manatdan çox olmayaraq yerli büdcəyə ödəniş həyata keçirməlidir.Bu ödənişlər AR Yerli vergi və ödənişlər haqqında qanunun 11.2 maddəsinə əsasən hesabat formasında öz əksini tapmalıdır. Vergilər Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli 1517040100655900 nömrəli əmri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait"ə 10 â„– li əlavəyə əsasən Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bu xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və bələdiyyəyə təqdim olunmaqla, növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki,bəzi mehmanxanalar tərəfindən hələ də bu məlumatlar bələdiyyələrə təqdim edilmir, vergidən yayınmaq məqsədi ilə reallıqdan çox uzaq olan dəfələrlə azaldılmış gecələmələr sayı göstərilir.
Respublika ərazisində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidməti obyektlərinin sutkalıq gecələmələrin sayı barədə məlumatlar mövcud qanunvericiliyə əsasən həmin obyektlər tərəfindən verilən rəsmi statistik hesabatlarda göstərilir. "Rəsmi statistika haqqında" Qanuna əsasən ilkin məlumatların verilməsi qadağan olunduğundan bələdiyyələrə gecələmələrin düzgün sayı barədə statistik məlumatlar verilmir.
Nəsimi Bələdiyyəsi tərəfindən 2015,2016 və 2017-ci illərdə mehmanxana xidməti göstərən obyektlərdən yığılmış vəsaitin həcmi ilə Bakı şəhəri Statistika idarəsi tərəfindən həmin illərin açıqlanmış rəsmi statistik rəqəmləri müqayisə olunmuşdur.
Belə ki, 2015-ci ildə Nəsimi Bələdiyyəsi ərazisində fəaliyyət göstərən mehmanxanalarda gecələmələrin sayı 187 920 olmuş, bu xidməti göstərən obyektlər tərəfindən isə 50 506 manat ödənişlər edilmişdir ki, bu da real rəqəmdən 156 206 manat azdır. 2016-cı ildə mehmanxanalarda gecələmələrin sayı 351 235 olmuş, 81 048 manat ödənişlər edilmişdir ki, bu da real məbləğdən 305 310 manat azdır. 2017-ci ildə mehmanxanalarda gecələmələrin sayı 487200 olmuş, 117 143 manat ödənizlər edilmişdir ki, bu da real məbləğdən 418 777 manat azdır. Keçən illərin statistik rəqəmləri göstərir ki, təkcə Nəsimi Bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərən obyektlər tərəfindən son üç il ərzində 880 293 manat məbləgindən vergidən yayınma halı olmuş, bu qədər vəsait yerli büdcədən kənarda qalmışdır. Respublika ərazisində turizm infrastrukturunun dinamik inkişaf etdiyini nəzərə alsaq, gecələmələr haqqında düzgün verilməyən hesabat nəticəsində milyonlarla ölçülən vəsaitin yerli büdcələrə daxil olmadığını müəyyən etmək olar.
Cənab prezident ilham əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı proqramlarına bələdiyyələrin də öz layiqli töhfələrinin verməsini təmin etmək istiqamətində yerli büdcə imkanlarının artırılması xüsusilə böyük aktuallıq kəsb etdiyini nəzərə alaraq, yerli vergilərin ödənişindən yayınmaların və bundan irəli gələn intizamsızlığın qarşısının alınması zərurətə çevrilmişdir.
Hörmətli Mikayıl müəllim,
Yuxarıda göstərilənləri nəzərə alaraq yerli büdcələrdən milyonlarla manat vəsaitin yayınmasının qarşısının alınması istiqamətində tədbirlər planının hazırlanması üçün Nəsimi Bələdiyyəsinin iştirakı ilə işçi qrupunun yaradılmasına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.”
Belediyye.info