"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz özünütəsdiqə söykənən xidmətdir

--2017-05-01 / 19:00

Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkədə təhlükəsizlik tədbirləri təmin edilmiş, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşamış və hazırda da yaşamaqdadır. Buna səbəb isə ölkə rəhbərliyinin Azərbaycan xalqının yanında olması və qarşılığında da dəstək almasıdır.

Ölkə Başçısı cənab ilham əliyevin rəhbərliyi ilə reallaşan düşünülmüş, məqsədyönlü  siyasəti özünə nümunə götürən Binəqədi qəsəbə Bələdiyyəsi də hesabat dövründə sakinlərlə qarşılıqlı əməkdaşlıq fonunda fəaliyyət göstərmiş, müxtəlif ünvanlarda qəsəbə sakinləri ilə 100-dən çox görüş keçirilmişdir. Görüşlərdə səslənən və sakinləri narahat edən problemlərin həlli illik fəaliyyətimizin ana xəttini təşkil etmişdir.

Bu istiqamətdə bələdiyyəmiz yerli icra hakimiyyəti orqanları ilə birgə  sosial, iqtisadi, humanitar, təmizlik və ekoloji  sahələrdə çoxsaylı layihələr həyata keçirmiş və qəsəbə sakinlərinə müvafiq  xidmətlər göstərilmişdir.

Yerli sosial problemlərin həlli həmişə bələdiyyəmizin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə Humanitar sektor yaradılmış və daha səmərəli və qarşıya qoyulmuş hədəfə uyğun fəaliyyət proqramı tərtib edilmişdir. Ümumilikdə sosial-humanitar tədbirlərə bələdiyyə büdcəsindən 5882 manat, abadlıq - quruculuq işlərinə  52504  manat, qəsəbə ərazisindən məişət tullantılarının daşınmasına isə 78456 manat maliyyə vəsaiti xərclənmişdir.

Ötən il qoşunların təmas xəttində Azərbaycan Milli Ordusunun zabit və əsgər heyəti qəhrəmanlıq səlnaməsi yazdılar. Düşmənin növbəti təxribatının qarşısının alınmasında şücaət göstərən igidlərimizdən ikisi Emin Bağırov və Fəxrəddin Qurbanlı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəsəbəmizin şəhidləri kimi tarixə düşdülər. şəhidlərimizin dəfn və yas mərasimlərinin təşkilində  Bələdiyyəmizin əməkdaşları da qəsəbə sakinləri kimi yaxından iştirak etmişlər. şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə bir daha başsağlığı veririk.

Qeyd olunduğu kimi yerli vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırmaq məqsədilə biz də Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin tətbiqinə başlamışıq. BAMS proqramına vergi ödəyiciləri və vergitutma obyektləri barədə məlumatları düzgün daxil etməklə vergi işinin təşkilini daha da təkmilləşdirmək mümkün olmuşdur. Hesabat ilində gəlirlərimiz bir qədər artaraq, 298849 manat olmuşdur. Lakin bu nəticələr qətiyyən bizi qane etmir. Vergi və ödənişləri tam həcmdə yığmaq üçün tərəfimizdən əhalidə vergi ödəmə mədəniyyətinin formlaşdırılması üçün ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilməli, gündəlik işimizi sakinlərlə sıx təmas formasında quraraq fəaliyyətimizi onların qarşılaşdıqları yerli problemlərin həllinə istiqamətləndirməliyik.   

Düşünürəm ki, sakinlərə vergi ödəmək vərdişlərini  aşılamadan vergiləri tam həcmdə yığmaq mümkün olmayacaqdır. Eyni zamanda, yığılmış  yerli büdcə vəsaitləri sakinlərin problemlərinin həllinə yönəlməli və bu zaman əhali qarşısında hesabatlılıq təmin edilməlidir. Məhz biz işimizi bu formada - sakinlərin rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində qurmuşuq. Hesab edirəm ki, bələdiyyə - seçici münasibətlərini lazımi səviyyədə qurmaqla və BAMS proqramının imkanlarından maksimum yararlanmaqla gələcəkdə maliyyə imkanlarımızı kifayət qədər artırmağa nail olacağıq. Bunun üçün həm müvafiq texniki bazamız, həm də kadr potensialımız vardır.     Lakin bu sahədə bəzi kadrların  işini günün tələbləri səviyyəsində qura bilməməsi kimi iradlar bizi arxayınlaşdırmamalı və kadrların ixtisasının artırılması istiqamətində  davamlı tədbirlər görməliyik. 

Bu mənada,   Milli Assosiasiyanın və Bələdiyyələrlə iş Mərkəzinin də həmişə olduğu kimi metodiki və texniki dəstəyini nəzərə alsaq, qarşıya qoyduğumuz məqsədləri reallaşdıra biləyəcəyimizə  əminik.  Məmnunluq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki,  Milli Assosiasiyalar  son illərdə bələdiyyələrin fəaliyyətinin koordinasiyası  və  qarşılaşdıqları ümumi problemlərin həlli istiqamətində xeyli iş görərək ölkədə yerli özünüidarənin inkişafına səy göstərmişlər. Biz  bələdiyyələr də həmişə  Milli Assosiasiyalarla səmərəli əməkdaşlıq etməyə çalışırıq. 

Sevindirici haldır ki,  Milli Assosiasiyalarımız ölkədə gedən ən ciddi  ictimai-siyasi proseslərdə fəal iştirak etməkdə daim təşəbbüskarlıq göstərirlər. Hörmətli sədrin məruzəsində də qeyd olunduğu kimi Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları  “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Referendumda fəal iştirak etmək məqsədi ilə təşəbbüs irəli sürmüş və respublikanın  bütün regionlarını əhatə edən bələdiyyələr və onların ərazisində yaşayan ziyalılar, ictimaiyyətin nümayəndələri də bu təşəbbüsə qoşulmuşlar. Qürur hissi ilə deyə bilərəm ki, mənim də daxil olduğum Milli Assosiasiyaların təşəbbüsü ilə yaradılan referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və dövlətimizin qüdrətlənməsi naminə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq  təşviqat-təbliğat kompaniyası çərcivəsində seçicilərlə görüşlər keçirmiş və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışıq.

2016-cı il ölkəmizdə Prezident cənab ilham əliyev tərəfindən "Multikulturalizm ili" elan edilmişdi. Ötən il bir daha sübut edildi ki, Azərbaycan bütün dünya dinlərinin sərbəst şəkildə yaşaya bildiyi bir məkandır. Burada dinlərarası kinayə, ikrah, düşmən münasibəti deyil, qardaşlıq, sülh hökm sürür. Məhz bu səbəbdəndir ki, 30 oktyabr – 6 noyabr tarixlərində keçirilən Yerli Demokratiya Həftəsində Binəqədi qəsəbə Bələdiyyəsi “Multikultural dəyərlərin inkişafında bələdiyyələrin rolu” mövzusunda beynəlxalq tədbirə ev sahibliyi etdi. Tədbirdə Millət vəkilləri, Baltikyanı ölkələrin Azərbaycandakı Fövqəladə və Səlahiyətli səfirləri iştirak etmişlər.  Azərbaycan bələdiyyələrinin qeyd olunan sahədə həyata keçirdikləri fəaliyyət və Baltikyanı dövlətlərlə qurulmuş əməkdaşlıq haqqında geniş fikirlərin yer aldığı konfrans qəsəbə sakinləri tərəfindən də müsbət qarşılanmışdır. Fəxrlə deyə bilərik ki, Binəqədi bələdiyyələri milli-mənəvi dəyərlərə sahib çıxması, dinimizin kənar təsirlərdən qorunması istiqamətində hər zaman fərqlənir, nümunə təşkil edir.

Bələdiyyəmiz  Milli Assosiasiyanın dəstəyi ilə Avropa şurasının şərq tərəfdaşlığı çərçivəsində Ukrayna, italiya və Moldovada keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olmuş və bələdiyyələr arasında beynəlxalq əlaqələrin inkişafına öz töhfəsini vermişdir. Qarşılıqlı əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məqsədilə  2016-cı ilin sentyabr ayında  Milli Assosiasiyanın xətti ilə Litva Respublikasına təşkil olunan səfərdə nümayəndə heyətinin tərkibində iştirak etməklə bələdiyyəmizi təmsil etmişəm.  

Həmçinin 2016-cı ilin noyabr ayında Litvanın Bələdiyyələr ittifaqının nümayəndələri  Binəqədi rayonununda olmuş və rayonun  bələdiyyələrində işgüzar görüşlər keçirmişlər. Görüşlərdə  Binəqədi rayon bələdiyyələri ilə Litva Respublikasının bəzi bələdiyyələri arasında gələcəkdə  qarşılıqlı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur.

Məqsədimiz özünütəsdiqə söykənən xidmətdir. Bu xidmətin ünvanı - müstəqil dövlətdir, vətəndir, millətdir və o cümlədən seçicilərdir. Biz yorulmadan çalışmalı və elə xidmət göstərməliyik ki, sakinlərin etimadını doğruldaq!

Yuxarıda qeyd olunanlara əsaslanaraq, bildirmək istəyirəm ki, hesabat dövründə bir çox islahatlar aparılmış, nailliyyətlər qazanılmışdır. Lakin bütün bunlara baxmayaraq, problemlərimiz də mövcuddur, neqativ hallar tamamilə aradan qalxmamışdır. əgər sakinlərimizi narahat edən məqamlar davam edirsə, deməli  görüləsi işlərimiz hələ çoxdur. Ümidvaram ki, bu il qeyd olunan nöqsanların aradan qaldırılması və fəaliyyətimizin daha da təkmilləşdirilməsi istiqamətində uğurlu il olacaqdır.

Çıxışımın sonunda mən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş hesab edilməsi, nəzarət-təftiş komissiyasının hesabatının təsdiq edilməsi təklifini dəstəklədiyimi bildirirəm.

 Aytac əliyeva

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri

ŞƏRHLƏR