"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz sakinlərin inamının geri qaytarılmasıdır

--2016-02-03 / 01:40

Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır.

Yerli özünüidarəetmə - bu və ya digər inzibati ərazi vahidində məskunlaşmış əhalini təmsil edən, seçki əsasında yaradılan, özünün inzibati idarəetmə aparatına malik olan, yerli əhəmiyyətli məsələlərin həll edilməsini həyata keçirən sistemdir.

Hesabat ilində bələdiyyələrin həyatında bir sıra yeniliklər olmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılması, yerlərdə mövcud problemlərin araşdırılaraq həlli istiqamətində mühüm işlər görülmüşdür. Qanunvericilikdə aparılan dəyişikliklərə uyğun olaraq, 2015-ci ilin yanvar ayının 1-dən fiziki şəxslərin əmlak və torpaq vergiləri yeni qaydalarla hesablanmışdır.

Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün vergi informasiya sisteminin yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsində həyata keçirdikləri pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaratmış və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərmişdir. Rayon rəhbərliyinin dəstəyinə əsasən bələdiyyələrdə həyata keçirilən pilot layihələr, pasportlaşdırma və inventarlaşdırma işi sayəsində bu gün respublika bələdiyyələri arasında Binəqədi bələdiyyələrinin adı öncül sıralarda çəkilir.

Ümumi işimiz, bütün fəaliyyətimiz sakinlərin rifahına, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsinə, hazırda bələdiyyələrin başlıca problemi olan bələdiyyələrə sakin inamının geri qaytarılmasına yönəldilmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında daimi komissiyaların və şöbələrin fəaliyyətinə dair hesabatlar, sosial maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması məsələləri olmuşdur. 2015-ci ildə bələdiyyəmizin 15 iclası keçirilmiş, baxılan məsələlərə aid 48 qərar qəbul edilmişdir.

2015-ci ildə Bələdiyyəmiz vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirmişdir. Ötən il vətəndaşlardan bələdiyyəmizə 277 müraciət daxil olmuşdur ki, bunlardan  110-ü maddi yardım göstərilməsiylə bağlı olub.

Vətəndaş müraciətlərindən 211-i müsbət həll olunub, 60-na müvafiq izahat verilib, 6 müraciət isə aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. 

Qeyd etmək lazımdır ki, il ərzində bələdiyyəmizdə 1133 nəfər qəbul edilmişdir.

Bununla yanaşı, vətəndaşlarımızın müraciətlərinin operativ cavablandırılması məqsədilə 412-28-74 nömrəli qaynar xətt də yaradılmışdır.

Sakinlərlə yerlərdə səyyar görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılmışdır. Mütəmadi olaraq rayonun ağsaqqalları, gəncləri, ziyalıları ilə çoxsaylı görüşlər keçirilmişdir.

Sakinlərin Bələdiyyənin fəaliyyətini mütəmadi izləyə bilməsi, eləcə də öz müraciətlərini Bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən FB sosial şəbəkəsində Bələdiyyəmizin səhifəsi yaradılmışdır.

il ərzində Rayon icra Hakimiyyəti başçısının ərazimizdə sakinlərlə 4 görüşü keçirilmiş, bunlardan 1-i “Açıq qapı” çərçivəsində baş tutmuşdur. Görüşlərdə səslənən məsələlərdən bir qismi operativ həll olunmuş, bir qismi tədbirlər planına salınmış, həlli mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.

Bələdiyyəmiz RiH-in “Sakinlərin müraciət xidməti 1646” ilə də əlaqəli şəkildə işləyir. Hesabat ili ərzində “1646 xidməti” vasitəsilə vətəndaşlardan 21 müraciət bizə ünvanlanmışdır. Bələdiyyəmizə, əsasən Binəqədi şossesinin sol tərəfi, Baksol yaşayış massivi, Aydınbəyov, Z.Qəmbərov, i.Hacıyev küçəsi  küçələrində yaşayan sakin müraciətləri olmuşdur.

Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratik şəkildə həllində Məhəllə komitələri də mühüm rol oynayır. Ümumiyyətlə, hər zaman çalışmışıq ki, Məhəllə komitələrinin sədrləri, üzvləri əhali arasında yüksək nüfuza malik, fəal sakinlərimiz olsun və onların vasitəsilə əhali ilə sıx əlaqə yaradılsın. Hazırda ərazimizdə 40-dan çox Məhəllə komitəsi fəaliyyət göstərir.

M.ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda bir aylıq təlimlər təşkil edilmişdir.

şəffaflığın qorunması məqsədilə Binəqədi bələdiyyələri gördükləri işlərlə bağlı nəinki yerli sakinlər, seçicilər qarşısında, eləcə də geniş ictimaiyyət, mətbuat qarşısında hesabat vermək qərarına gəlmişlər. Binəqədi rayonu bələdiyyələri tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq” adlı tədbir keçirilmişdir.

Bundan başqa Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən həyata keçirilən "Birgə Yaradaq" layihəsi çərçivəsində M.ə.Rəsulzadə Bələdiyyəsi və Binəqədi rayon Məşğulluq Mərkəzi dekabr ayında qarşılıqlı əməkdaşlığa dair razılığa gələrək birlikdə bir qrup qəsəbə sakinini işlə təmin etmiş, onları qəsəbənin abadlıq-quruculuq, təmizlik işlərinin görülməsinə cəlb etmişdir.

indi isə M.ə.Rəsulzadə  Bələdiyyəsi üzrə  2015-ci  ildə  gəlir  və  xərclər  haqqında  məlumat vermək istərdim.

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi 2015-ci il üçün gəlir və xərcləri müəyyən edərək, yerli büdcəsini  635000  manat   həcmində  təsdiq  etmişdir.  Bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarə haqqı və məişət tullantılarına görə xidmət haqqı yığımından formalaşmışdır.

2015-ci ildə bələdiyyə büdcəsinin gəlirləri, yəni vəsait yığımı ümumilikdə ötən illə müqayisədə 98310 manat artmışdır, artım əsasən fiziki şəxslərdən əmlak vergisindən və torpaq icarə haqqı yığımından olmuşdur.

Bələdiyyənin gəlirlərindən biri olmuş, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyekylərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş haqqının az yığılmasına səbəb bu səlahiyyətin 15.05.2015-ci il tarixli 1281-IVQ nömrəli “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli icra hakimiyyəti orqanlarına verilməsi olmuşdur.

Xatırladım ki, qəsəbə ərazisinin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olmuşdur. Rayon rəhbərliyi tərəfindən yalnız M.ə.Rəsulzadə qəsəbəsində təmizliyi həyata keçirmək üçün 402 ədəd məişət tullantıları konteyneri, 2 ədəd  MAZ - Haller zibil daşıyan və KAMAZ - KAO zibil daşıyan maşınları, 2 ədəd qabarit tullantıların yığılması üçün 65115 markalı KAMAZ özüboşaldan maşınlar verilmişdir. Qəsəbəmizin 10 müxtəlif yerində nümunəvi məişət tullantıları meydançaları tikilmişdir.

Ümumiyyətlə abadlıq və təmizlik işlərinin həyata keçirilməsində önəmli işlərdən biri də məişət tullantılarının mütəmadi olaraq vaxtlı-vaxtında yığılması, daşınması və zərərsizləşdirilməsidir. Bu işlər həmişə  yerli idarəetmə orqanı olan bələdiyyənin diqqət mərkəzində olmuş və buna böyük həssaslıqla yanaşılmışdır. Bir əsas məsələni də qeyd etmək istəyirəm ki, bu sahədən gələn gəlir çəkilən xərcləri ödəmir, buna da əsas səbəb əhalidən məişət tullantılarına görə xidmət haqqının az məbləğ təşkil etməsi və hüquqi şəxslər tərəfindən xidmət haqlarının vaxtlı-vaxtında ödənilməməsidir. Bundan başqa yaz-yay aylarında fərdi yaşayış evlərində aparılan təmir-tikinti işləri nəticəsində və yay-payız mövsümdə kənd təsərrüfatı məhsullarının əhali qrupu üzrə istifadəsinin artması üzündən məişət tullantılarının həcmi çoxalır, tullantıların yığılması, daşınması və poliqona təhvil verilməsi işlərinin həcmi də çoxalır, nəticədə analoji olaraq bu sahəyə çəkilən xərclər də artır. Belə ki, 2015-ci ilin yekununda bu sahənin xidmət haqqından faktiki gəlir cəmi 175 582,00 manat olduğu halda, faktiki xərc isə cəmi 227 844,00 manat təşkil  etmişdir.

Ümumilikdə proqnozlaşdırılmış 635000 manat xərcə qarşı faktiki xərc 604017 manat olmaqla büdcə  95,1 % -lə  yekunlaşmışdır.

Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq, təmizlik və digər işlər görmüşdür.

Görülən hər bir işdə bələdiyyələr vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. Təbii ki, bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir.

Binəqədi rayonun simasının günbəgün yenilənməsi, I Avropa Oyunları ərəfəsində həyata keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlər, o cümlədən I Avropa Oyunlarını özündə ehtiva edən maketlərin quraşdırılması rayonumuza marağı daha da artırmışdır.

Hesabat dövrü ərzində Binəqədi Bələdiyyəsi və M.ə.Rəsulzadə Bələdiyyəsi sədrlərinin dəvəti ilə Azərbaycanın bir sıra rayonlarının bələdiyyə sədrləri Binəqədi rayonu ilə tanış olmuşlar. Qonaqlar Binəqədi rayonu M.ə.Rəsulzadə qəsəbəsinin ərazisini gəzmişlər. Onlara rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbə ərazisində görülən işlər barədə məlumat verilmiş, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olmuşlar.

Bundan başqa 2015-ci ilin noyabr ayında Litva Respublikasının yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti Binəqədi rayonunda olmuş, beş bələdiyyə sədrinin iştirakı ilə qonaqlarla Biləcəri Bələdiyyəsində geniş görüş keçirilmişdir. Görüşdə bələdiyyə sədrləri qonaqlara rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində hər bir bələdiyyənin ərazisində görülən işlər, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait, “Açıq qapı” günləri barədə müfəssəl məlumat vermişlər. Binəqədi rayon bələdiyyələrinin hər biri ilə ayrı-ayrılıqda Litva bələdiyyə nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, təcrübələrin bölüşülməsi, həmçinin, qardaş bələdiyyə formatında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Son illərin müşahidəsi göstərir ki, Binəqədi rayonu respublikada pilot layihələrin uğurlu təşkilatçısı və iştirakçısı kimi müsbət mənada ad çıxarmışdır. Heç şübhəsiz, bu səbəbdəndir ki, hesabat ilinin sonunda “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi tərəfindən Bakı şəhərində formalaşan 52 bələdiyyənin ictimai fəallığı ilə bağlı aparılan araşdırmaya  görə Binəqədi bələdiyyələri bütün sahələrdə seçilmişlər. Araşdırmada ekspert qrupu  üçün əsas meyar bələdiyyələrdə informasiya açıqlığının təmin edilməsi,  bələdiyyələrin hər bir fəaliyyətinin ictimaiyyətə çatdırılma səviyyəsi, bələdiyyə-media münasibətlərinin səviyyəsi, bələdiyyələrin sosial şəbəkələrdə fəallığı məsələsinə diqqət yetirilmişdir.  Yekun rəyə görə, Binəqədi rayonunun 3 bələdiyyəsi - Binəqədi, M.ə Rəsulzadə və Binəqədi qəsəbə bələdiyyələri “2015-ci ilin ən Fəal Bələdiyyəsi” seçilmişlər. Bütün bu göstəricilər, təbii ki, rayon rəhbərliyi tərəfindən yaradılan koordinasiyalı işin, şəffaf fəaliyyətin müsbət və uğurlu nəticəsidir.

2016-cı ildə də bu uğurların davam etdirilməsi üçün var qüvvəmizlə çalışacağıq. Bütün görüləcək işlər M.ə.Rəsulzadə Bələdiyyəsinin 2016-cı ilə dair Fəaliyyət Planına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hümbət Hüseynov

Binəqədi Rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri

ŞƏRHLƏR