"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz vətəndaş-məmur münasibətlərinin inkişaf etdirilməsinə yönəlib-BəLəDiYYə SəDRi YAZIR

--2017-02-13 / 06:22

“...Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. ...Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. ...Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər.” Möhtərəm Prezidentimiz ilham əliyev bu fikirləri 2017-ci il yanvarın 30-da Heydər əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədi. Və bir daha məmurları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırdı. Bu fikirlər bizim üçün də bir proqram və göstərişdir. Biz bələdiyyələr bu haqlı tələbdən irəli gələn məsuliyyətimizi dərindən dərk edir, əhalinin rahatlığı naminə daha ciddi çalışmağa səy göstəririk. Ümumi işimiz seçicilərimizə nümunəvi xidmətə, sakin rifahına, vətəndaş-məmur münasibətlərinin inkişaf etdirilməsinə yönəlib.

Prezident ilham əliyev həmin konfransda 2016-cı ildə ümumi iqtisadi inkişafı da müsbət qiymətləndirdi. Bu inkişaf həyatımızın bütün sahələrinə təsir edir.

Binəqədi Bələdiyyəsi də bu inkişafla ayaqlaşmağa çalışır, fəaliyyətini daha da təkmilləşdirir və gücləndirir. Heç şübhəsiz, vətəndaş-məmur münasibətlərinin inkişafında, seçicilərin bələdiyyəyə inamının bərpasında vətəndaşların qəbulu böyük önəm kəsb edir. Bələdiyyəmiz seçicilərin qəbulunu “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir. Bələdiyyə sədri, müavinlər və bələdiyyənin digər vəzifəli şəxslarinin qəbul günləri müəyyənləşdirilir, bələdiyyənin ümumi iclasında təsdiq edilmiş qəbul qrafikinin “məlumat lövhəsi”ndə yerləşdirilir. Lakin konkret qəbul günləri olmasına baxmayaraq, bələdiyyəmizə müraciət edən hər bir seçici qəbul edilir, onların təklif və şikayəti dinlənilir, müvafiq hüquqi izahat verilir, problemin həlli istiqamətində müvafiq təxirəsalınmaz addımlar atılır. Müraciət bələdiyyənin səlahiyyətlərinə aid olmadıqda isə onun həlli istiqamətində bələdiyyə tərəfindən digər qurum və təşkilatlara müraciət ünvanlanır.

Hər həftənin birinci günü saat 15:00-dan 18:00-dək Binəqədi bələdiyyəsi sədrinin qəbul vaxtıdır. Lakin, təkrar etmək istəyirəm, buna baxmayaraq, müraciət edən bütün vətəndaşlar qrafikdən kənar qəbul edilir. Biz bunu özümüzə vəzifə borcu hesab edirik.

Sakinlərlə yerlərdə səyyar görüşlərin keçirilməsi də diqqətdə saxlanılır. Rayonumuzun ağsaqqaları, gəncləri, məhəllə komitələri ilə davamlı olaraq çoxsaylı görüşlər keçirilir. Sakinlərin bələdiyyənin fəaliyyətini asanlıqla izləməsi, öz müraciət və təkliflərini bələdiyyəyə gəlmədən belə bizə ünvanlaması üçün sosial şəbəkələrdə, o cümlədən “Facebook” Binəqədi bələdiyyəsinin səhifəsi mövcuddur. (012) 562-85-16 nömrəli qaynar xətt də aktivdir.

Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratikləşməsində məhəllə komitələrinin də mühüm rolu var. Məhəllə komitələrinə əhali arasında yüksək nüfuza malik olan fəal şəxslərdən sədr və üzvlər seçilir. Məqsəd odur ki, həmin şəxslərin vasitəsi ilə əhali ilə sıx əlaqə yarada bilək. Hazırda 70-dən çox məhəllə komitəsi fəaliyyət göstərir.

Bələdiyyəmizin Binəqədi Rayon icra Hakimiyyəti ilə qarşılıqlı və sıx əlaqəsini də xüsusi qeyd etmək lazımdır. Rayon icra Hakimiyyətinin təşşəbüsü, təklifləri əsasında yeni yaradılan  ictimai-humanitar sektorda bu səmərəli əməkdaşlığın nəticəsidir. Bunu fəaliyyətimizdəki yeniliklərdən biri hesab etmək olar. Yeni sektor sakinlərlə daha səmərəli ünsiyyətə, ərazidə və ölkədə baş verən proseslərə daha operativ reaksiya verilməsinə imkan yaradacaq. Yaxşı bilirik ki, Bələdiyyə təkcə yerli vergi və rüsumları yığmaqla məşğul olmamalıdır. O, yeni xidmət sahələri yaratmalı, əldə etdiyi əlavə gəlirləri seçicilərin rifahı naminə planlı şəkildə xərcləməyi də bacarmalıdır. ictimai-humanitar sektorun bu sahədəki uğurlu fəaliyyətinə böyük ümid bəsləyirik. O, çoxsaylı sosial və humanitar aksiyaların, mədəni-kütləvi tədbirlərin təşkilində də bələdiyyənin fəaliyyətinə əlavə dəstəkdir.

2016-cı ildə Binəqədi Bələdiyyəsinin ünvanına vətəndaşlardan 490 müraciət daxil olub. Bu müraciətlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Vətəndaşların rahat və operativ qəbulu da əsas tələblərdən biri olub. Ümumiyyətlə, il ərzində Bələdiyyə aparatı tərəfindən 1450 nəfərdən çox vətəndaş qəbul edilib. Binəqədi Rayon icra Hakimiyyətinin “Sakinlərin müraciətləri xidməti-1646” Xidmətindən isə il ərzində Binəqədi Bələdiyyəsinə, əsasən Novxanı, Fatmayı, Goradil bağlar massivi ilə bağlı sakin müraciətləri daxil olub. Bizə ünvanlanan bu müraciətlərin hər birinin vaxtında və tam həllini tapması da nəzarətdə saxlanılıb.

Bələdiyyəyə müraciət edən, eyni zamanda qəbulda olan vətəndaşların qeydiyyatı isə mövcud qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun olaraq tənzimlənir. Xüsusi kitablarda qeydiyyat aparılır, müraciətin məzmununa uyğun olaraq aidiyyatı üzrə yönləndirilir, müraciətin həlli vəziyyəti də həmin kitabda qeyd olunmaqla nəzarətdə saxlanılır.

Hesabat dövründə Bələdiyyəmizin hər ay ümumi iclasları keçirilib, baxılmış məsələlərlə bağlı qərarlar qəbul olunub və onların icrası təmin edilib. Yəni Bələdiyyə bütün fəaliyyətini ümumi iclasın müzakirəsində qəbul edilmiş qərarlar əsasında qurur. Vətəndaşların müraciət və şikayətləri araşdırıldıqdan sonra kollegial münasibət tələb etdiyi halda və inzibati aktın qəbul edilməsi zərurəti yarandıqda Bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılır və bu istiqamətində qanuna müvafiq qərar qəbul edilir.

Sitarə Cabbarlı

Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri  

10 fevral 2017-ci il

 

ŞƏRHLƏR