Müxtəlif mətbuat orqanlarında tez-tez bu və ya digər bələdiyyənin məişət tullantılarının vaxtında yığılmaması, daşınmamasına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati məsuliyyətə cəlb olunması, cərimələnməsi barədə xəbərlər dərc olunur. Elə Belediyye.info olaraq biz də öz səhifəmizdə vaxtaşırı bu barədə məlumatlar yerləşdiririk.
Redaksiyamızı maraqlandıran həqiqətənmi bu sahəyə bələdiyyələr cavabdehdir sualına cavab axtararkən “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetməninin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin Sərəncamının olduğu məlum oldu.
Sərəncamla tanış olarkən aydın oldu ki, Bakı şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılıb, daşınıb “Təmiz şəhər” ASC-yə təhvil verilməsi Bakı şəhər icra Hakimiyyətinə tapşırılıb. Burada heç bir istisna nəzərdə tutulmayıb, bələdiyyələrə heç bir tapşırıq, vəzifə verilməyib. Azərbaycan Respublikasi Prezidentinin qeyd olunan Sərəncamının mətnini olduğu kimi dərc edirik. Haqlı sual ortaya çıxır, Bakı şəhər icra Hakimiyyətinin, onun müvafiq qurumlarının məişət tullantıları ilə bağlı vəzifələrini lazımi səviyyədə icra etmədikləri halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə onları cəzalandırmır bələdiyyələri cəzalandırır? Nazirlik dövlət başçısının bu Sərəncamından xəbərsizdirmi? Bələdiyyələri cəzalandırarkən nəyə əsaslanır? əgər bələdiyyələr məişət tullantılarının yığılması və daşınması işlərinə cəlb olunursa maraqlıdır dövlət başçısı bu vəzifəni istisnasız olaraq Bakı şəhər icra Hakimiyyətinə tapşırıbsa hansı əsasla bələdiyyələr buna cəlb edilir. Bu sualımız isə Bakı şəhər icra Hakimiyyətinədir.
Hər iki dövlət orqanından məsələyə dair öz münasibətlərini bildirmələrini xahiş edirik.
Belediyye.info
P.S. Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında
AZəRBAYCAN RESPUBLiKASI PREZiDENTiNiN SəRəNCAMI
Azərbaycan Respublikasında müşahidə olunan yüksək iqtisadi inkişaf templəri ölkə paytaxtının abadlaşdırılması, Bakı şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə son illərdə bir sıra ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Bu çərçivədə kommunal xidmətlərin yaxşılaşdırılması, istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin aradan qaldırılması, şəhər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
Kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin mövcud olmaması, yığılan zibilin emal edilmədən və zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz zibilliklərin əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur.
Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
1. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. Müəyyən edilsin ki, "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirir.
3. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Bakı şəhər icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinə verilsin.
4. Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı şəhər icra Hakimiyyətinə tapşırılsın.
5. Müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı şəhər icra Hakimiyyətinə verilsin.
6. Müəyyən edilsin ki, "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin saxlayıcısı funksiyalarını Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.[1]
7. Azərbaycan Respublikasının iqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılsın ki:[2]
7.1. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlasın və Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;
7.2. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin idarə Heyətinin və Müşahidə şurasının sədrini və üzvlərini təyin etsin;
7.3. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətində dövlətə məxsus səhmlərin səmərəli idarə edilməsini təmin etsin;
7.4. hər il "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq etsin;
7.5. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
8.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikasında məişət tullantılarının idarə olunmasının beynəlxalq təcrübəyə uyğun qurulması, tullantıların toplanması, daşınması və təkrar istifadə üçün emal sahələrinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
9. Bakı şəhər icra Hakimiyyəti "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti təşkil edilənədək məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı işlərin fasiləsiz həyata keçirilməsini təmin etsin.
10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
ilham əLiYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2008-ci il
http://www.e-qanun.az/framework/15230