"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkili Bərdənin problemini ictimailəşdirib

--2022-02-21 / 05:55

Məmurlar nəticə çıxaracaqlarmı?

Bərdə rayonundan xanım millət vəkili Fatma Yıldırım özünün sosial media hesabında Bərdə şəhərində məişət tullantılarının idarə olunmasıyla bağlı ciddi bir müraciət paylaşıb. Müraciətdən hiss olunur ki, aktiv fəaliyyətiylə seçilən millət vəkillərindən olan Fatma Yıldırım məsələ ilə bağlı narahatlığını parlamentdə səsləndirib, eyni zamanda Bərdə rayonu icra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə müraciətlər edib. Edib və nəticəsi olmadığından artıq mövzunu ictimailəşdirməyə qərar verib. Sonda millət vəkili ümid edir ki, Bərdə əhalisinin üzləşdiyi bu problemin həlli üçün yaxın vaxtlarda müvafiq dövlət qurumları tərəfindən ciddi addımlar atılacaq.

Belə düşünmək olar ki, tənqidin əsas hədəfi həm də Bərdə RiH -ə aiddir. Yəni millət vəkili həm də icra başçısından narazılığını bu şəkildə ifadə etəməyə üstünlük verib. Hər halda millət vəkili alqışa layiq addım atıb. Çıxış yolunu mövzunu ictimailəşdirməkdə görüb.

2011-ci ildən Bərdə RiH başçısı vəzifəsinə təyin edilən Vidadi isayev yaddaşımda bacarıqlı və işgüzar məmur kimi qalmaqla yanaşı, həm də onun dövründə Bərdə bələdiyyələrinin DMSF-yə olan borcunun artması, 66 bələdiyyənin heç birinin bank hesabının açıq olmaması, bələdiyyələrin fəaliyyətinə hər hansı bir dəstək göstərməməsi ilə qalmaqdadır. Diqqətə çatdırım ki, 66 bələdiyyənin DSMF-yə olan borcunun həcmi hazırda bir milyon manata yaxınlaşır. ən ağrılı məqam ondadır ki, rayonun siyasi rəhbəri olaraq bələdiyyələrin borclarının bağlanması üçün hər hansı addım atılmamış və köhnə dövrlərdəki kimi bələdiyyələrə, xüsusəndə kənd bələdiyyələrinə tapşırıqların verilməsi davam etməkdədir. Bu gün kənd bələdiyyəsinin orta hesabla 25 min manata yaxın DSMF borcu varsa və ilbəil bu borc artırsa demək kimsə yerində deyil. Və yerində olmayan isə tək bələdiyyə sədrləri deyil, həm də siyasi rəhbərin bələdiyyələri “yükləməyə” maraqlı olan komandasının üzvləridir.

Xanım millət vəkilindən xahiş edirəm ki, parlamentin plenar iclaslarının birində məhz bu məsələni qaldırsın və bu borcun artmasında Bərdə rayon icra Hakimiyyətinin hansı rol oynadığına bir aydınlıq gətirsin.

əlavə edim ki, ölkə bələdiyyələrinin 19.01.2022-ci l tarixə ümumilkdə məcburi dövlət sosial sığorta haqları üzrə 5.208.765,95 manat və peniya üzrə 1.523.339,52 manat, işsizlik sığortası üzrə 57.816,05 manat, ona hesablanmış peniya üzrə 20.007.02 manat borcu var. Beləliklə, bələdiyyələrin DSMF-yə 6.732.105,47 manat borcu var. Və ümumi borcun ən az nə çox düz 15 faizi 66 Bərdə bələdiyyəsinin payına düşür. Onu da əlavə edim ki, bir neçə il əvvəl ölkə bələdiyyələrinin ümumi borcunun həcmi 12 milyon manatdan artıq idi. Bələdiyyə sədrlərinin xeyli bir qismi, həm də icra başçılarının dəstəyi ilə borcun həcmini azalda biliblər.

Təəssüf edirəm ki, hörmətli Vidadi isayevin çalışdığı rayonların Tərtər və Bərdə bələdiyyələrinin borcları isə azalmaq bilmir.

Hər halda düşünməyə dəyər....

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri

ŞƏRHLƏR