Almaniyanın Xarici işlər naziri, hazırda ATəT-ə sədrlik edən Frank ştaynmayerin təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz.
Axar.az xəbər verir ki, bu haqda millət vəkili Azay Quliyev açıqlama verib. Millət vəkili hesab edir ki, ATəT sədri tərəfləri atəşkəsə əməl etməyə və Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır:
“ATəT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa çağırmalıdır. ştaynmayer üçün ATəT-in Minsk konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATəT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır. Bugünkü hadisə bir daha onu sübut etdi ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaq. Bu reallığı ATəT də, Ermənistan da tam olaraq dərk etməlidir”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 100-dən artıq erməni əsgəri isə məhv edilib.