Bu sualla bəzi bələdiyyələrin vergi xidməti orqanlarına etdiyim müraciətə maraqlı cavablar aldım.
Səbail bələdiyyəsindən bu suala çox operativ cavab almağımı gözləmirdim. Bələdiyyədən verilən cavaba görə, rayon ərazisində Milli Məclisin 12 üzvü vergi ödəyicisi kimi qeydiyyatdadır.
“S.Möhbalıyev, S.Novruzov, A.Hüseynov, H.Babaoğlu, E. Quliyev, O.əsədov, V. əhmədov, S.Qurbanov, S. Mikayılova, R. Məmmədov, T. Kərimli və Q.Paşayevaya təqdim edilən bildirişlərə dərhal reaksiya verərək əmlak və torpaq vergisini ödəyirlər. Son üç il ərzində bu istqamətdə hər hansı problemimiz olmayıb. əksinə bir çox hallarda öz fəaliyyətləriylə bizə dəstək olurlar.”
Badamdar bələdiyyəsindən verilən məlumatda isə Milli Məclis üzvü Aqil Abbasın daha aktiv olması və müraciət edilməmiş yerli vergilərini ödəməyə hazır olduğunu bildirdilər.
Sahl bələdiyyəsindən bildirdilər ki, MM üzvü Arzu Nağıyev bələdiyyənin hər bir müraciətinə diqqətlə yanaşır.
Yasamal bələdiyyəsinə etdiyimiz müraciətdə də eyni fikri eşitdik. Yəni “bizim Milli Məclis üzvləriylə hər hansı problemimiz yoxdur” dedilər.
Nizami bələdiyyəsinə etdiyimiz müraicətə isə maraqlı cavab verildi: “Bəli, ərazidə Milli Məclisin üzvü iqbal Məmmədovun adına əmlak var. Və bu əmlakda müəssisə fəaliyyət göstərir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq millət vəkili borcu ödəmək niyyətində deyil.”
Bələdiyyədən bildirdilər ki, həqiqətən hörmətli iqbal Məmmədovun adına olan əmlakın üst-üstə 2.646.62 manat və 4.010.49 manat olmaqla, habelə 1.943 manat və 1.353 manat olmaqla faiz borcu var. Beləliklə, MM üzvünün cəmi 9.952 manat Nizami bələdiyyəsinə borcu var. Sonda bələdiyyənin vergi xidmətindən bildirdilər, “hörmətli deputat borcu vermiş olsa rayon sakinlərinin də qarşılaşdığı problemlərin həlli sürətlənər və bu gün qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən qardaş-bacılarımıza bizdə öz töhfəmizi daha yüksək səviyyədə verərdik.”
Bizim sorğumuza bir sıra bələdiyyələrin vergi xidmətinin əməkdaşlarının cavab verməkdən yayınmaları isə təəssüf doğurur. Bəzi qəsəbə bələdiyyələrində bağ evləri olanların bir qisminin ümumiyyətlə vergi ödəmədikləri, hətta mərkəzdə vergi borcu olanlardan bir deputatın 92 manatlıq vergi borcuna görə rayonun siyasi rəhbərinə zəng etmələri səslənsədə adları çəkilmədi.
Hər halda bu sorğuda öyrəndiyim ikinci bir məqam Milli Məclisin Ramin Məmmədov adlı üzvünün olması idi. Gənc və perspektivli deputatın vergilərini vaxtında ödəməsi təqdirəlayiq haldır.
Bu gün vergiləri ödəmək hər bir vətəndaşın bilavasitə borcudur. Seçilmişlərin isə bu işdə nümunə göstərmələri həm də bir vəzifədir.
P.S. Adları çəkilən MM üzvlərinin hər birinin fikir və mülahizələrini saytda yerləşdirməyə hazırıq.
Belediyye.info