"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisdə səfirlə görüş keçirilib

--2019-06-25 / 09:24

Milli Məclisin deputatları, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Kamran Bayramov, Rüstəm Xəlilov və Aydın Hüseynovun Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə onun ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Milli Məclisdə görüşü keçirilib.

 Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov səfir Yuris Maklakovsu salamlayaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirmiş, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini qeyd etmiş, Yuris Maklakovsun ölkəmizdəki 4 il müddətində səfir qismində fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları və parlamenti ilə səmərəli əməkdaşlığının bu münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulamışdır.

 Görüşdə Kamran Bayramov 2017-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidentinin Latviyaya rəsmi səfəri zamanı ölkə başçılarının ikitərəfli görüşündə parlamentlərarası eləcə də, yerli icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşlığı sahəsində görülən işləri xüsusilə vurğuladığını bildirmişdir. O qeyd etmişdir ki, bu gün ikitərəfli siyasi əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirmək olar. Latviya istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib. Həmçinin, bu gün ölkələrimiz arasında Avropa strukturları, şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq həyata keçirilir.

 Görüşdə həmçinin parlamentlərarası əlaqələrin də uğurlu inkişaf yolu keçməsi, iki ölkə arasında aktiv parlament diplomatiyasının həyata keçirilməsi, qarşılıqlı səfər və görüşlərin intensiv xarakter aldığı qeyd edilmişdir. Belə ki, hər iki ölkənin parlamentində əməkdaşlıq üzrə işçi qruplar fəaliyyət göstərir və iki ölkənin parlament sədrləri arasında yaxın işçi və dost münasibətlər yaranmışdır. Bu münasibətlərin qarşılıqlı nəticəsi olaraq 2016-cı ilin oktyabr ayında Latviya Seyminin sədri xanım inara Murnietse Azərbaycana, 2017-ci ilin may ayında isə Milli Məclisin sədri Oqtay əsədov Latviya Respublikasına səfər etmişlər. Parlamentlərimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində səfir Yuris Maklakovs tərəfindən göstərilən dəstək xüsusi qeyd edilmişdir.

 Xoş sözlərə görə minnətdarlığını bildirən Yuris Maklakovs hələ ötən əsrin əvvəllərində Azərbaycan-Latviya  arasında geniş siyasi, iqtisadi və mədəni təmasların qurulduğunu, iki ölkənin dövlət müstəqilliyinə qarşılıqlı dəstəyini ifadə etmişdir. Səfir keçən il hər iki ölkənin  dövlət müstəqilliyinin 100 illiyini qeyd etməsini də vurğulamışdır. ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində atılan addımları yüksək qiymətləndirən səfir Yuris Maklakovs iki ölkə başçısının görüşlərinin eləcə də, parlamentlərarası və digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və davam etdirilməsi istiqamətində aparılan siyasi kursun gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd etmişdir.

 Görüşün sonunda işçi qrupun üzvləri tərəfindən səfirə xatirə hədiyyəsi təqdim olunub.

 Belediyye.info

ŞƏRHLƏR