Bu gün Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin ad günüdür. Böyük şairimizi ad günü münasibətilə təbrik edir və onun yaradıcılığına həsr etdiyim yazını dostlarımla paylaşıram.
***
Nəriman Həsənzadə təbiətən şairdir. Mənim qənaətimcə o anadangəlmə şairdir. Elə anadan şair doğulub. Onun səsinin ahəngində bir şeiriyyət, danışığında, söz-söhbətində bir ahəng, duruşunda, oturuşunda, davranışında bir nəzm var.
Mən bilmirəm onda bu qabiliyyət genetikdir, yoxsa yox. Hər halda genetik də olsa Allah Təala Nəriman Həsənzadəyə bu qeyri-adi istedadı bəxş edib. Dediklərimin təsdiqi olaraq görkəmli ədəbiyyatşünas- alim, ictimai-siyasi xadim akademik Nizami Cəfərovdan sitat gətirmək istərdim: “Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir, şeirində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir... şairlik N.Həsənzadənin stixiyasıdır – o təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də şairdir, yazanda da yazmayanda da şairdir...”
Nəriman Həsənzadə ədəbiyyata keçən əsrin 50-ci illərinin əvvəlində gəlib. O, 60 ildən çoxdur ki, Azərbaycanın poeziya meydanında cövlan etməkdədir.
60 ildən çoxdur ki, o, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara humanizm prinsiplərinin, xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik, cəsarət, qeyrət və məhəbbət hisslərinin aşılanmasında mühüm rol oynayır.
Nəriman Həsənzadənin yaradıcılığı Qazax mahalının poeziya ənənələrinə söykənən,lakin təkrarsız və özünəməxsus bir məktəbdir və uzun illərdir ki, bu məktəb ədəbi mühitin formalaşmasına xidmət edir.
Nəriman Həsənzadənin yaradıcılığı o qədər zəngin və o qədər çoxşaxəlidir ki, əslində onun yaradıcılığından söhbət açmaq elə bütöv bir dövr Azərbaycan ədəbiyyatından söhbət açmaq deməkdir. Ötən bu illər ərzində Azərbaycan xalqının yaşamış olduğu elə bir problem yoxdur ki, Nəriman Həsənzadə yaradıcılığında öz əksini tapmamış olsun. Və təsadüfi deyil ki, elə dünən də, bu gün də Nəriman Həsənzadə ən çox sevilən, ən çox oxunan şairlərdəndir və bir oxucu kimi əminəm ki, sabah da belə olacaq.
əl-əl gəzir,
El-el gəzir şeirlərim
bu kəm-kəsir şeirlərim,
pul-parasız şeirlərim,
Bu anasız,
Bu Sarasız şeirlərim.
Nərimansevərlərin heç birinə sirr deyil ki, onun atası AlIməmməd kişi Nərimanın 1 yaşı olanda o bu dünyadan köçmüşdü.
Ata qayğısının nə olduğunu bilməyən Nəriman anasının himayəsində böyümüşdür. Uşaqlıq dövrünün çətinlikləri onun xatirində dərin izlər salmış, sonradan bu acı xatirələr onun bütün yaradıcılığına hopmuş, onun şeirlərində, poemalarında, dram əsərlərində öz əksini tapmışdır.
Həmin günləri xatırlayaraq, Nəriman Həsənzadə “Kimin sualı var?” poemasında yazırdı:
Mənim fəhlə atam yox idi, bəli,
Məni atalılar yetim sayırdı,
Dünyada qabarlı bir qadın əli,
Mənim saçlarımı sığallayırdı.
Bəzən qəlb ağrımı duymadı heç kim,
Sandım taleyimdi hər parlaq ulduz.
Uşaqlıq qazancım, siz, heç bilmədim,
Hansı köynəyimə yamaq oldunuz?
Yetimlik Nəriman Həsənzadənin tale yazısı idi. Bir yaşında atasını itirən Nəriman 23 yaşında anasını, 55 yaşında isə ömür-gün yoldaşını itirdi. Bütün bu itkilər, iztirablar, bu yaşananlar onun yaradıcılığında öz əksini tapdı, Nəriman Həsənzadəni yandırdı, yaxdı, həm də yandıqca bərkitdi, mətinləşdirdi:
Mən öz taleyimlə döyüşməliyəm,
Taleyim namərddi vurur arxadan,
Məni bərk izləyir hər addımbaşı
Sızlayıb, inləsəm qəfildən vurur.
Adətən biz məhəbbət dastanlarını, məhəbbətə, sevgiyə həsr olunan əsərləri sevilənlər erkən yaşlarında bir-birini dəlicəsinə sevib, lakin bir-birinə qovuşmayan mövzulara həsr olunan əsərlərdə rast gəlməyə adət etmişik.
Nəriman Həsənzadənin şeirləri isə sevgililər bir-birinə qovuşduqdan sonra ortaya düşən ölümdən sonrakı yaşantılarına həsr olunub.
əslində bu mövzunu ədəbiyyatımıza gətirən ən böyük şair elə Nəriman Həsənzadədir.
Hətta bir zamanlar buna görə onu kəskin tənqid də ediblər.
Lakin Nəriman Həsənzadə öz sevgisindən, sədaqətindən, ilqarından dönmədi və indi Sara xanımın yoxluğundan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, N.Həsənzadə onu əvvəlki hiss və həyəcanla qəlbində yaşadır, ona qəlbində məktublar yazır, şeirlər həsr edir.
Tabutunu qucaqlayıb,
Ağlayırdıq gecədən,
Sən doğmalar içindəydin,
Mən yad səslər içində,
Sən bilirdin mən çıxmışdım,
Kimsəsizlər içindən.
Qoyub getdin qaldım yenə,
Kimsəsizlər içində.
Və ya
Kimsə deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən kişilər?
Arvadı itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.
Nəriman Həsənzadə bir yaradıcı şəxsiyyət kimi, geniş diapozona malik nadir sənətkarlarımızdandır.
O ədəbi janrların müxtəlif formalarında qüdrətli əsərlər yaradıb. əslində bu janrların hər biri sənətkardan böyük istedad tələb edir.
Nəriman Həsənzadənin poeziyası da, nəsri də, dramaturgiyası da, publisistikası da çox maraqlıdır və bu janrların hər biri ayrıca tədqiqatın mövzusudur.
Bununla yanaşı, N.Həsənzadənin yaradıcılığında, xüsusilə dramaturgiyasında mühüm cəhət onun tarixə müraciət etməsidir. Sözsüz ki, tarixi əsər yaratmaq,özu də nəzmlə yaratmaq sənətkardan cəsarət və istedadla yanaşı dərin təhlil, tarixi-coğrafi bilgi, həmin dövrün ictimai-siyasi problemlərinin mahiyyəti barədə, habelə həmin dövrün şəxsiyyətlərinin ruhu və mövqeyi barədə aydın təsəvvür tələb edir.
Lakin bunların hamısının fövqündə vətəndaşlıq, vətənpərvərlik, vətənə məhəbbət və kökə bağlılıq durur.
Təbii ki, yaranan tarixi əsərin ən mühüm məqsədi həm də tərbiyəvi mahiyyət kəsb etməyi, həmin dövrün hadisələrinə indiki bucaqdan baxmaq tələb edir. Yəni tarixi əsərlər həm də müasir olmalıdır. Bu baxımdan Nəriman Həsənzadənin dramaturgiyasının elə ən mühüm cəhəti onun müasirliyindədir. N.Həsənzadənin yaradıcılığında tarixilik və müasirlik vəhdət təşkil edir. “Atabəylər”də, “Pompeyin yürüşü”ndə, “Zümrüd quşu”nda neçə-neçə şeir və poemalarında olduğu kimi...
şair bu tarixi əsərlərə bədiilik verir və həm də bu bədiilik içərisində müəllifin özünün yaradıcılıq təxəyyülü var və bu yaradıcılığı sayəsində müəllif oxucuya – bu günün vətəndaşına sirayət edə bilir, ona təsir göstərir, onun milli-mənəvi tərbiyələnməsinə təsir göstərir.
Nəriman Həsənzadəni səciyyələndirən xarakterik xüsusiyyətlərindən biri onun mənsub olduğu xalqın dünənki tarixini, başına gətirilən bəlaları qələmə almaqla və onu öz süzgəcindən keçirərək, əsl mahiyyətini bu günkü nəslə çatdırmaqla həm də xalqın ictimai şüuruna təsir göstərir.
Oğlanlar, qızlara hörmət eyləyin,
Ya sevin qızları, ya da rədd edin.
Aldadıb atmayın, günahdı qızlar,
Sabahkı ən əziz anadı qızlar.
deyərək, oğlanlara müraciət edəndə də,
Qulaq as sözümə, əhlikef oğlan,
Anan o günləri görməyib heç vaxt.
ərsəyə çatsan da ayılmamısan,
Gözlərin süzülür xumarlanaraq.
Mən böyük olmuşam, sən daim uşaq,
Tərlan oylağında mən sar görmüşəm.
Sən qadın əlini zərif, yumuşaq,
Mən qadın əlini qabar görmüşəm.
deyəndə də bugünkü nəslin taleyindən narahatlığını bildirir.
N.Həsənzadə böyük şairdir və o böyük şair olduğunu yaxşı bilir. O, müstəqil bir dövlətin şairi olduğunu və onun məsuliyyətini və yükünü dərk edərək millətin, dövlətin taleyindən narahatlığını bildirir və bunu tələb edir. Bu baxımdan onun “Səfirə məktub” poeması çox maraqlıdır.
Poemadan bir neçə misranı oxucunun diqqətinə çatdırmaq istəyirəm:
Mən qədim bir məmləkətin şairiyəm,
Kipriyilə od götürən bir millətin şairiyəm.
Təbriz orda, şuşa burda,
“Döz, bağrı daş olan könlüm” – yaşa burda?!
Mən bir vətən, iki torpaq şairiyəm.
Xalq adından danışıram, mən axı xalq şairiyəm.
Bir də millət vəkiliyəm, mən bir millət şairiyəm,
Bir də bir el ağsaqqalı, bir də bu dərd şairiyəm.
Ümumiyyətlə, Nəriman Həsənzadənin istər “Səfirə məktub”u olsun, istərsə “Xarı bülbül”ü, “Rəsul Həmzətova məktub”u, “Qafqaz”ı, “Cavid”i, “Qaçaq Kərəm”i, “Nuru paşa”sı, “Nizami”si, istərsə də dram əsərləri, şeirləri vətəndaşlıq mövqeyindən yazılmış əsərlərdir və hər biri ən yüksək sənətkarlıq nümunəsidir.
Bütün zamanlarda müdrik kəlamlar, müdrik şəxsiyyətlərə mənsub olmuşdur. Bir sıra hallarda həmin kəlamların müəllifləri unudulsa da onların kəlamları əsrlər boyu yaşamış, sonradan atalar sözlərinə çevrilmişdir.
Nəriman Həsənzadə böyük şair olmaqla bərabər, həm də müdrik şairdir. Onun əsərlərindən müdrik kəlamları saymaqla qurtarmır. Həmin kəlamlar istər onun şeirlərində, istər poemalarında, istərsə də dram əsərlərində o qədər yerli yerində işlənir ki, həmin kəlamlar dilimizin gözəlliklərini və imkanlarını nümayiş etdirməklə əsərə dərin fəlsəfi məna verir. Çox təəssüf ki, bu vaxta qədər Nəriman Həsənzadənin müdrik kəlamları araşdırılıb ayrıca kitabça şəklində çap olunmayıb və fikrimcə buna xalqın ehtiyacı vardır.
Fürsətdən istifadə edib həmin kəlamların bir neçəsini təqdim edirəm.
• Hər torpaq dünyada məmləkət olmur,
Parça var - yaşayır bayraq olanda.
• insan dahi olar insan yanında,
Dahi adiləşər nadan yanında.
• Dərinə bənzəyir bulanlıq sular,
Duru su dərindi, dayaz görünür.
• Mən sənsiz ölərəm demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz.
• Səngər nəyə gərək döyüş olmasa.
• Həyatda imtahan götürənlərin,
Vaxt gəlir özü də imtahan verir.
• Dünya elədir ki, biri tapırsa,
O biri təbii itirməlidir.
• Çöllərdə qanqal da yazda gül açır
Amma nə ruh verir, nə könül açır.
• Göz nəyi görürsə onu da deyir,
Qulağa inanma eşitdiyidir.
• şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi ikisi bir vaxta düşür.
Nəriman Həsənzadənin yaradıcılığında baş qəhrəmanlardan biri şairlərdir. Sözsüz ki,
şeirdən ucalıq umma, dünyada,
Bil ki, Nizamiylə qurtardı o da.
deyən şeyx Nizami qədər şairlərə hörmət, nüfuz gətirən poeziya nəhəngi yoxdur. əgər belə olmasaydı, onda şeyx Nizami “Peyğəmbərlərdən sonra şairlər gəlir” beytini min il bundan əvvəl qələmə almazdı və həmin ifadə və həm də həmin ifadənin mənası da bugünümüzə qədər gəlib çıxmazdı. Bununla belə, Nizamidən sonra da sözün qüdrətini göylərə qaldıran poeziya nəhəngləri olmuşdur və onlar zaman-zaman şair adlandırılan, uca Tanrının verdiyi istedad sahiblərinə istənilən ictimai quruluşda hörmət və nüfuz sahibi kimi qəbul olunmasına xidmət etmişlər.
Bu bir həqiqətdir ki, bütün zamanlarda şairlər yaşadıqları cəmiyyətdə həmişə haqq-ədalət axtarışında olmuş, əksər hallarda zamanın, dövrün haqsızlıqlarını qəbul etməmiş, bu ədalətsizliklərə qarşı sözü, şeiri ilə mübarizə aparmış və elə buna görə də çox hallarda ən ağır cəzalara məruz qalmışlar. Tarixin müxtəlif dönəmlərində şairlər zindanlara atılmış, sürgün edilmiş, tonqallarda yandırılmış, çarmıxa çəkilmiş, dar ağacından asılmış, dəriləri soyulmuş, qol-bud edilmişlər. Lakin bütün bunlara baxmayaraq, bütün dövrlərdə və bütün dünyada şairlərə qarşı bu zülmlər təkrar olunmuşdur.
Cəmiyyətdə üşüyüb şairlər,
Həyatda yox.
Sürgün siyahısında,
Başqa siyahıda yox.
Ariflər duya bilər,
şairləri, gəda yox.
Millətin döyüş günü,
Öndədir, arxada yox.
“Sirlər Xəzinəsi”ni yaradan Nizami Gəncəvi də, “Salam verdim rüşvət deyildir deyə almadılar” deyən Fizuli də, “Mən cahan mülkündə mütləq doğru halət görmədim” deyən Vaqif də, “Nemətsə də gözəl şeir, şair olan qəm də yeyir” deyən Səməd Vurğun da, “Min hiylə quran tülki siyasilər” deyən Cavid əfəndi də elə bugünümüzdə “şair dağ çayıdı, başı bəlalı” deyən Zəlimxan Yaqub da, “Araz qırağında, Kür sahilində yetmiş il danışdıq Ezop dilində, Sətiraltı yazdıq düz sözümüzü özgəyə dedirtdik öz sözümüzü” deyən onlarca şairlərimiz zaman-zaman sözlərinin, fikirlərinin, şeirlərinin qurbanına çevrildilər.
Nəriman Həsənzadənin qəhrəmanlarına diqqət yetirin: Nizami Gəncəvi, Fizuli, Aşıq ələsgər, Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Məhəmməd Hadi, Mikayıl Müşfiq, Almas ildırım, Osman Sarıvəlli, ismayıl şıxlı, Hüseyn Arif, Mir Cəlal, Xəlil Rza, Məmməd Araz, əli Tudə, şahmar əkbərzadə, Zəlimxan Yaqub və s. saymaqla qurtarmır.
Nəriman Həsənzadə həm də şairlərə əsərlər həsr etməklə, onların düşüncələrini, həyat və yaradıcılıqlarını bugünkü nəslə çatdırmaqda mühüm rol oynayır. S.Vurğun Vaqifi bugünümüzə gətirdisə, Qabil Nəsimini müasir Azərbaycan oxucusuna tanıtdısa, Hüseyn Arif Səməd Vurğunun ömür yoluna işıq saldısa, Nəriman Həsənzadə də bu ənənəni davam etdirərək Nizamini, Fizulini, Xəqanini, Cavidi, Müşfiqi bir daha müasir Azərbaycan vətəndaşına tanıtdırdı. O,özü də bilir ki, məhz bu addımı o atmalı, bu şairlərin tarixinə məşəli o tutmalı idi.
Xəqani, Nizami, Fizuli babam!
Siz tutun əlimdən haraylayıram.
indi... Sizdən sonra qələm götürmək,
şairlik sözünü dilə gətirmək,
Bilirəm çətindir, əsil hünərdir,
Çətindir sənətin şöhrəti, şərti,
Lakin dilə gəlib əlimdə qələm
Mən Sizi sonsuz da qoya bilmərəm.
Nəriman Həsənzadə bu yazıda adlarını çəkdiyim və çəkmədiyim şairlərə şeirlər və poemalar həsr edib. şair yaradıcılığında, müxtəlif şeirlərində Cavid-Müşfiq ifadəsini bəlkə yüz dəfə şeirə gətirir və bununla bütün cəmiyyətin diqqətini Cavidin, Müşfiqin faciəsinə yönəltməklə, şairlərin belə talelərinin bir daha təkrar olunmaması üçün çağırış edir. Bu şeirlər sənətkarlıq baxımından yüksək poeziya nümunələri olmaqla yanaşı həmin şairlərin yaradıcılıq və şəxsiyyətlərinin bugünkü və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Nəriman Həsənzadə yaradıcı şəxsiyyətləri əfsanələşdirməklə, elə özü də əfsanələşir.
Çox təəssüf ki, kiçik bir yazıda Nəriman Həsənzadənin şairlərə həsr etdiyi əsərlərdən nümunələr gətirmək mümkün deyildir. Bununla belə onun xalq şairi Məmməd Araza xitabən yazdığı şeirin bir bəndini nümunə gətirsəm dediklərimin təsdiqi olardı:
Mənim dualarım şeirlərimdi,
Sənə həsr edirəm behişt duamı.
Yerdə yerim yoxdur, göylər yerimdi,
Tanrının yanında eşit duamı.
Nəriman Həsənzadənin sələfləri kimi özü də zaman-zaman yaradıcılığı boyu saysız-hesabsız tənqidlərə məruz qalmış və bu onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Lakin o, bu ədalətsiz tənqidlərdən sarsılmamış, mübarizələrlə dolu bir yaradıcılıq ömrü yaşamışdır. şair özünə həsr etdiyi “Tərcümeyi-hal” şeirində bu keşməkeşli ömrünü qısa, lakin çox lakonik formada aşağıdakı misralarla qələmə almışdır:
Döyüldüm dəmir kimi,
Döyüşdə gərək oldum.
Yoğruldum xəmir kimi,
Gördülər çörək oldum.
əkildim torpaq kimi,
Göyərdim çiçək oldum.
O qədər dandılar ki,
Axırda gerçək oldum.
Nəriman Həsənzadə yaradıcılığının mühüm məqamlarından biri bədii təsvirlədən məharətlə istifadə etməsidir. Onun qeyri-adi istedadı, peşəkarlığı, duyum qabiliyyəti, azərbaycan dilinin gözəlliklərini dərindən bilməsi buna imkan verir və nəticədə şeir daha oxunaqlı, daha mənalı və düşündürən olur.
Bir neçə misal:
Axır Gəncə çayı... orda elə bil,
Xəmsədən bir misra çöllərə düşüb.
yaxud
Göy-göl güzgü tutub göyün üzünə,
Elə bil o boyda göy yerə düşüb.
yaxud
Qurşayın Araz mənim belimə
Tomrisin açılmış kəməridir o.
Tanrı Nəriman Həsənzadəyə böyük şair olmaqla bərabər, həm də qeyri-adi yaddaş bəxş edib. O, az-az şairlərimizdəndir ki, öz şeirlərini hətta bəzi poemalarını yadında saxlaya bilib. Yəqin ki, Nərimansevərlər yaxşı bilir ki, bugün oxucular arasında populyar olan şeirlərin hamısını Nəriman Həsənzadə əzbərdən deyə bilir. Onun öz dilindən “Nuru paşa”, “Qaçaq Kərəm” və digər poemalarını dinləməkdən doymaq olmur.
Ümumiyyətlə Nəriman Həsənzadənin öz səsində, öz ifasında şeir çox gözəl səslənir, onun səsində bir həlimlik, bir həzinlik, bir sığal var. şeir onun ifasında daha canlı, daha təsirli, daha anlaşılandır və oxucuya dərhal sirayət edə bilir.
Nəriman Həsənzadənin şeirləri ilə onun səsində bir vəhdət var. Onun səsinin tembri, ahəngi şeiri daha mənalı edir, dinləyicini ovsunlayır, onu özünə cəzb edir.
Çox təəssüf ki, yazı ilə səsi nümunə gətirmək mümkün deyil. Yoxsa mən yazının bu yerində Nəriman Həsənzadənin şeirini nümunə gətirərdim.
Mənə elə gəlir ki, nə qədər ki, ömür vəfa edir onun öz səsində daha çox lent yazıları yazdırmaq lazımdır. indiki texniki vasitələr də buna imkan verir. inanın, Nəriman Həsənzadənin öz ifasında səsi təkrarsızdır, qeyri-adidir.
Nəriman Həsənzadə bütün xüsusiyyətləri ilə yanaşı, həm də tər-təmiz, büllur kimi son dərəcə səmimi, xeyirxah, sadə, incə qəlbli, kövrək, hətta bir az da sadəlövh bir insandır.
Bilmirəm, bəlkə də bu saflıq onun təbiətindən irəli gəlir. Ancaq mənim fikrimcə bu saflıq bir də onun şairliyindən irəli gəlir. Özünün dediyi kimi:
şeir yazdığım gün məğrur oluram,
ilham ki xəfifcə sinəmə dolur,
Bir şeh damlası tək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.
Ramiz Göyüşov