"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir Bələdiyyəsinin 2022-ci ilin I yarımilliyi ərzində fəaliyyəti barədə HESABATI

--2022-07-22 / 16:05

Mingəçevir Bələdiyyəsinin 2022-ci ilin I yarımilliyi ərzində fəaliyyəti barədə

HESABATI

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2022-ci ilin 6 ayı ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə çatdırır.

2022-ci ilin I yarımilliyində bələdiyyə 11 iclas keçirib. iclasın gündəliyinə 112 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. iclaslarda müzakirə olunmuş məsələlərdən 48-si icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 7-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 9-u maddi yardımlarla, 48-i təşkilati və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 542 ədəd ərizə və məktub daxil olub. Bunlardan 31-i maddi yardımla, 133-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 74-ü fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 2-si tikinti və təmir işləri, 302-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

Maddi yardımla bağlı müraciət edənlərdən 14 nəfərə pul və material yardımları edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 54 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 4 nəfərin icarəsinə, 2 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. icarəyə verilən torpaq sahələrindən 2-i şəhid ailələrinə və Qarabağ qazilərinə hündürmərtəbəli binalar tikilməsi üçün verilib

Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 16 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsi, biri də Qarabağ müharibəsi əlilidir.

302 nəfər müxtəlif dövlət orqanlarına arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar verilib.

Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 149 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət edilib.

2022-ci ilin 6 ayı ərzində bələdiyyələ rəsmi orqanlardan 567 ədəd sənəd və məktub daxil olub. Onlardan 65-i Mərkəzi icra Hakimiyyətlərindən, 50-si yerli icra Hakimiyyətindən , 4-ü Milli Məclisdən, 448-i müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar cerilib. ədliyyə Nazirliyinin Bərdə Regional ədliyyə idarəsindən, Bələdiyyələrlə iş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.

 Bələdiyyə büdcəsi

a)  Gəlirlər

 2022-ci ilin I yarımilində bələdiyyənin gəlirləri 193378,20 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

 -  fiziki şəxslərdən torpaq vergisi 3890, 47 manat;

- fiziki şəxslərdən əmlak vergisi 13066, 51 manat;

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 1000 manat;

-  bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 4678 manat;

- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1570,50 manat;

- bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 1994 manat;

- bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 72749 manat ;

-icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 79569,72 manat;

-  icarəyə verilmiş əmlakdan icarə haqqı 6000 manat;

-  fiziki şəxsin maliyyə yardımı 90 manat;

- bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 8770 manat olub.

 b) Xərclər

 Hesabat dövründə bələdiyyənin xərcləri 165967,70 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.

- əmək haqqı və onunla bağlı sair ödəmələrə 72513, 80 manat;

- əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 27228,03 manat;

-     dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 1168,15 manat;

- nəqliyyat xidmətləri haqqının ödənilməsinə 1248,50 manat;

- rabitə xidmətləri haqqının ödənilməsinə 781,52 manat;

-  ezamiyyə xərclərinə 629 manat;

- elektrik enerjisi haqqının ödənilməsinə 840 manat;

-        qaz sərfi haqqının ödənilməsinə 690, 85 manat;

-        su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 200 manat;

-        abadlıq və tikinti işlərinə 43804,12 manat;

-        əsas vəsaitlərin alınmasına 2760 manat;

-        maddi yardımlara 2850 manat;

-        bank xidmətlərinə 656,98 manat;

-        mətbuata abunə xərclrinə 939,20 manat;

-        sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, printer və kondisionerin təmirinə, mediasiya xidmətinə, ərazi tikinti planlaşdırma mərkəzinə, maaş kartlarının alınmasına, aviabiletlərin alınmasına, vəkil xidmətinə, icra-Probasiya idarəsinə, dövlət rüsumu, torpaq sahəsinə baxışa, ekspert xərclərinə) 9657,55 manat vəsait xərclənib.

 Görülmüş işlər

Abadlaşdırma xidmətləri

2022-ci ilin I yarımilində 2021-ci ildə dövlət büdcəsindən ayrılmış dotasiya hesabına növbəti “Abad məhəllə” layihəsi icra olunub. Layihə şəhərin mərkəzi hissəsindəki böyük bir məhəllədə - H.əliyev prospekti, i.Qayıbov və H.Aslanov küçəslərinin kəsişdiyi məhəllədə həyata keçirilib. Layihə çərçivəsində məhəllədə iki idman meydançası (futbol və basketbol meydançaları) salınıb. Meydançalarda idman tələblərinə uyğun qapılar, basketbol şitləri quraşdırılıb. Məhəlləyə daxil olan binaların qarşılarına və meydanın kənarlarına qiyməti 6216 manat olmaqla 4 ədəd söhbətgah, qiyməti 3950 manat olan uşaqlar üçün oyun-əyləncə qurğuları, qiyməti 5000 manat olan böyüklər üçün idman trenajorları quraşdırılıb. Bunlardan başqa, məhəllədə aşağıdakı işlər də görülüb. 1080 kv.metr sahədə qalınlığı 3 sm olan asfalt beton örtüyü tikilib. 596 metr beton səki daşları düzülüb. 30 ədəd şam ağacı əkilib, xeyir-şər mağarları, meydançanın kənarları ağardılaraq, rənglənib. 7 ədəd oturacaq qoyulub və s.

          şəhərin mərkəzi stadionunda cari təmir işlərinin görülməsi üçün mal-materiallarIn alınmasına 2256,59 manat xərclənib. işlər davam etdirilir. Bu işlər bələdiyyənin şəhərimizi bu ildən ölkə çempionatının I dəstəsində təmsil edəcək “Mingəçevir” futbol komandasına bir töhfəsidir.

          Sakinlərin müraciətlərini nəzərə alaraq, Sağ sahil qəbiristanlığının yoluna, Gəncə şossesi və Günəşli yaşayış massivinə 500m3 çınqıl döşənib.

          Bundan başqa, yeni salınan “Zəfər” parkının tikintisinə 500m3 , “Abad məhəllə” layihəsi çərçivəsində təmir işlərinə 750m3 , stadionda aparılan cari təmir işlərinə 80m3 çınqıl verilib.

 Maddi yardımlar

 Hesabat dövründə vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. şəhid əlizadə Elmin Samir oğlunun qəbirüstü abidəsinin qara mərmərdən düzəldilməsinə 1200 manat, 2-ci qrup Qarabağ müharibəsi əlili Cavadov Vidadi Xanlar oğlunun qəbirüstü abidəsinin ağ mərmərdən düzəldilməsinə 700 manat, imkansız Dadaşova Lətifə Möylam qızının oğlunun qəbirüstü abidəsinin düzəldilməsinə 500 manat vəsait sərf olunub.

şəhərimizi ötən mövsümdə Region liqasında təmsil edən “Energetik” futbol klubuna həvəsləndirmə üçün 300 manat yardım edilib.

Bələdiyənin 04 iyun 2021-ci il tarixli, 12/5 saylı qərarına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğlu bələdiyyənin himayəsinə götürülərək, ona hər ay 200 manat yardım edilir. Hesabat dövründə A.Abdullayevin hesabına 1200 manat vəsait köçürülüb.

imkansız və kimsəsiz şəxslər də bələdiyyənin diqqət mərkəzində olub. Abdullayeva Sevda Qaçay qızına 100 manat, Abdullayev əlihüseyn Abdulla oğluna 100 manat, Abdurahmanov Eldar Qoca oğluna 100 manat, Həbibova Zərinə əlihəsən qızına 50 manat, Məmmədova şölə Rəhim qızına 50 manat, Məmmədova Ruzigar Nadir qızına 50 manat, Məmmədova Ruhiyyə Rəşid qızına 100 manat, şəhid anası ələkbərova Suqra Məhəmməd qızına 100 manat, şəhid anası Həsənova iranə Məmməd qızına 200 manat, Abbasova Tamella Qardaşxan qızına 100 manat maddi yardım göstərilib.

 Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

 2022-ci ilin 6 ayı ərzində bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 16 nəfərin mülkiyyətinə 5276 kv.metr torpaq sahəsi verilib. O cümlədən, 1 nəfər şəhid ailəsinə 411 kv.metr və 1 nəfər Qarabağ müharibəsi əlili 400 kv.metr torpaq sahəsi ayrılıb.

Sahibkarlıq fəaliyyəti üçün 254 kv.metr və 180 kv.metr torpaq sahələri mülkiyyətə verilib. icarə müddəti bitmiş 12 kv.m və 35 kv.metr torpaq sahələri hərraca çıxarılaraq icarəyə verilib. əmək və Sosial Müdafiə Nazirliyinin sifarişi ilə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələri üçün 2556 kv.metr və 3000 kv.metr torpaq sahələri ayrılaraq icarəyə verilib.

Tədbirlər

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KiV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər.

ədliyyə Nazirliyi Bərdə Regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.

28 May-Müstəqillik Günü münasibəti ilə bələdiyyənin təşkilatçılığı ilə respublika miqyaslı Yunan-Roma güləş yarışı keçirilib. Yarışlarda 6 rayondan 110 güləşçi 11 çəkidə güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.

Mingəçevir Bələdiyyəsi bu ildən “iqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edir.

iyunun 10-da bələdiyyə sədri Türkiyənin istanbul şəhərində keçirilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin 6-cı Qurultayında və iyunun 11-12-də Bursa şəhərində keçirilmiş Beynəlxalq Yerli Özünüidarəetmə Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olub.

Mingəçevir Bələdiyyəsi

ŞƏRHLƏR