"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevirdə sakinlər sosial sifarişlər verdilər

--2018-10-19 / 15:50

Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”ndə sakinlərlə növbəti səyyari görüş keçirib. Görüş “şimşək” məhəllə komitəsinin ərazisində - N.Nərimanov pr. ev 42 və ş.i.Xətai küçəsi, ev 11 saylı binaların yaşayışçıları ilə baş tutub.

Bələdiyyənin komissiya sədri Zahid Qasımlı sakinlərə “Yerli Demokratiya Həftəsi”nin mahiyyəti, tarixi və məqsədi barədə geniş məlumat verərək bildirdi ki, əhalinin fəallığı, yerli özünüidarədə iştirakı, qarşılıqlı münasibətlərin yaranması bələdiyyənin fəaliyyətinə müsbət təsir göstərir. O vurğuladı ki, yerli əhəmiyyətli məsələlərlə bağlı sosial sifarişlər seçicilər tərəfindən irəli sürülməlidir. Bələdiyyənin “Təsərrüfat və xidmət” şöbəsinin müdiri Namiq Dərişov məhəllələrdəki obyektlərin təmiri və tikintisi sahəsində son 9 ayda bələdiyyənin gördüyü işlərdən danışdı.

Sakinlər ərazinin abadlaşdırılması, yolların təmiri, məişət tullantılarının daşınması, məhəllələrdəki ağacların sulanması üçün su qurğularının bərpası, xeyir-şər mağarının təmiri, məhəlləyə oturacaqların qoyulması kimi sosial sifarişlərlə bələdiyyə nümayəndələrinə müraciət etdilər. Sifarişlərin istiqamətləri qeyd olundu və bələdiyyə iclaslarında müzakirə olunacağı bildirildi.

Mingəçevir bələdiyyəsinin mətbuat mərkəzi

           

ŞƏRHLƏR