Azərbaycan Respublikasının Prezidentinin Bakı və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş sərəncamını rəhbər tutaraq dövlət tərəfindən bütün qəsəbələrdə, o cümlədən Keşlə qəsəbəsində sosial-iqtisadi problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçirilib.
Keşlə bələdiyyəsi tərəfindən qəsəbənin küçələrində cari təmir işləri görülməkdə davam edir. Bayramlarda iməciliklər keçirilərək müəyyən abadlıq işləri aparılıb. əlillərə, şəhid ailələrinə və aztəminatlı ailələrə 218 nəfər olmaqla Novruz və Ramazan bayramlarında ərzaq yardımı edilib. 13 nəfərə ümumilikdə 2150 manat maddi yardım verilib. Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə qəsəbədə yaşayan 3 nəfər Böyük Vətən müharibəsi veteranlarının hər birinə 50 manat maddi yardım verilib. Qəsəbədə yerləşən məktəblər arasında təşkil edilən Ümummilli Lider Heydər əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışında qaliblərə fəxri fərmanlar, hədiyyə və pul mükafatı verilib.
Azərbaycan xalqının milli bayramı olan 28 may Respublika günü münasibətilə Nizami bələdiyyəsinin mini futbol meydançasında Nizami bələdiyyəsi ilə Keşlə bələdiyyəsinin komandaları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar” müəyyənləşdikdən sonra fiziki şəxslərin əmlak vergisi yeni əmsallar tətbiq edilməklə hesablanmışdır. Buna görə də Keşlə qəsəbəsi üçün torpaq və əmlak vergisi yığımında qiymətlərdə dəyişikliklər olduğuna və nağd ödənişlər qadağan olunduğuna görə bir sıra müvəqqəti çətinliklər yaradır. Lakin buna baxmayaraq bu sahədə irəliləyişə nail olmaq üçün bələdiyyənin bütün qüvvələri səfərbər edilib.
əhalinin vergi ödənişlərini asanlaşdırmaq üçün poçt şöbəsində, Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankda hesablarımız açılıb. Keşlə qəsəbəsində yaşayan əhalinin böyük əksəriyyətinin mülkiyyəti təsdiq edən sənədi olmadığı üçün əmlak vergisini yığdıqda xeyli problemlərlə üzləşirik. Bu məsələ dövlət səviyyəsində həllini tapmış olsa, bələdiyyənin də işlərində xeyli irəliləyişlər olar.
Keşlə qəsəbəsində yaşayan sakinlər hər hansı bir məsələ ilə bağlı bələdiyyəyə yazılı və şifahi formada müraciət etdikdə bu məsələlər bələdiyyənin səlahiyyətləri daxilində həll edilir. əhali və müxtəlif təşkilatlar tərəfindən daxil olan ərizə və məktublara yerindəcə və müəyyən olunmuş müddət ərzində cavab verilir. Qeyd edək ki, 2015-ci ilin 6 ayı ərzində Keşlə bələdiyyəsinə 104 ərizə və 49 məktub daxil olmuşdur.
Keşlə bələdiyyəsi bundan sonra da öz fəaliyyətini davam etdirərək bələdiyyə ərazisində mövcud olan problemlərin uğurla aradan qaldırılmasına, bu ərazidə yaşayan sakinlərin rifah halının yüksəlməsi və rahat yaşamaları üçün əlimizdən gələni əsirgəməməyə çalışacağıq.
ələmdar Vəfadarov
Keşlə Bələdiyyəsinin sədri