Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub. şikayət ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən kənd ərazisinə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.
Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.
Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.
Məsələdən xəbərsiz olan Daşkəsən rayon Xoşbulaq Bələdiyyəsinin sədri Rasim Allahverdiyev Belediyye.infoya açıqlamasında bildirib ki, bununla nazirliyin bələdiyyəyə kəsdiyi cərimələrin sayı üçə çatıb. Bununla bağlı nə məndə, nədəki hər hansı bələdiyyə qulluçusunda məlumat yoxdur.
Hər hansı protokol yazılmadığını qeyd edən sədr, “ola bilər kəndinin hansısa ərazisinə baxış keçiriblər. Amma hər hansı şikayət olub-olmaması da şübhə doğurur. On üç saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsinin əməkdaşları hansısa maraq naminə kəndə və ya hər hansı yaşayış məntəqəsinə monitorinqə gəlir və bu marağını reallaşdıra bilməyəndə götürüb yazır ki, hansısa şikayət var. Artıq üçüncü dəfədir ki, cərimə kəsirlər, mən bələdiyyə sədri olaraq onların üzünü belə görməmişəm. Cərimə bağlı məsələni yəqin ki məhkəməyə göndərirlər, məhkəmədə bələdiyyənin vəziyyətini onlardan yaxşı başa düşdüyündən ləğv edir, məsələdə bununla bitir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bilmirlər ki, hər rayonda əhaliyə Məişət Xidməti Kombinatı var. Böyük bir strukturdur.
Maraqlıdır, nə vaxtdan bələdiyyə əhaliyə məişət xidməti göstərən orqan olub. Daşkəsən rayonunda da müvafiq qurumun 130 nəfər işçisi var və iki böyük müasir zibildaşıyan maşını var. Onlarda gündəlik bu təmizlik işləriylə məşğul olurlar. Bugün bələdiyyənin bu işi yerinə yetriməyə nə maliyyəsi, nə də texnikası var. Bunu nazirlik əməkdaşları yaxşı bilməlidirlər axı. Belə getsə mən də nazirliyi məhkəməyə verməli olacağam.”
Belediyye.info