Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər. Reyd zamanı Oğuz rayonunun Sincan Bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb.
Faktla bağlı Sincan Bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində protokol tərtib edilib və o, inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində üç min manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Belediyye.infonun əməkdaşı məsələ ilə əlaqədar Oğuz rayonu Sincan bələdiyyəsinin sədri Sərxan Zahidovla əlaqə saxlayıb.
Bələdiyyə sədrinin sözlərinə görə, ona qarşı inzibati cərimənin kəsilməsi barədə məlumatı təəssüf ki, mətbuatdan öyrənib. Ancaq vəziyyətlə bağlı nazirliyin iki əməkdaşının həqiqətən kəndin ərazisində reyd keçirməsindən xəbərdardır. Belə ki, çay kənarı ərazidə xırda kömür tullantılarının olması, o cümlədən kənd sakini Bəhram Zakirovun evinin qarşında zibil qalaqlarının olması müəyyən edilib. Və vətəndaşdan bununla bağlı izahat da alınıb. Lakin mənim iştirakımla hər hansı protkol tərtib olunmayıb. Bələdiyyə sədri olaraq nazirlikdən göndərilən məktubda hər hansı cərimə barəsində deyil, qalaqlanmış zibil tullantılarının on gün ərzində daşınması tələb olunmuşdu. Bələdiyyə artıq göstərilən ərazi zibil tullantılarından təmizlənib.
Bələdiyyə sədri təəssüf edir ki, nazirlik illik büdcəsi 17 min manat, sədr olaraq 200 manat əməkhaqqı aldığım halda əsassız olaraq cərimə kəsilməsi və ilk olaraq bələdiyyə sədrinə deyil KiV-ə məlumatın ötürülməsi başa düşülən deyil.
Xatırladaq ki, yeddi nəfər üzvü olan Sincan bələdiyyəsi dörd kəndi–Sincan, Tərkəş, Mollalı, Dəymədağlı kəndlərini əhatə edir. Hazırda kənddə 700 təsərrüfat olmaqla 3.400 nəfər yaşayır.
Belediyye.info