"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazirlik niyə bələdiyyələri nişan alıb?

--2018-05-24 / 07:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirdikləri reyd nəticəsində son bir ay ərzində ardıcıl olaraq üç bələdiyyəyə cərimə kəsib: şamaxı rayonu şəhriyar bələdiyyəsinin sədri 4000 manat, Oğuz rayonu Sincan bələdiyyəsinin sədri 3000 manat, Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri 3000 manat həcmində cərimə olunublar.

Hər üç bələdiyyə sədri barəsində protokol tərtib edilib və inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində cərimə olunublar. Və tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Bu sıradan bir məlumat olsa da, bələdiyyələrlə bağlı olduğundan fikir bildirməyi özümüzə borc bildik.

Mental xüsusiyyətləri nəzərə alaraq cərimənin kəsilməsini biz də məqbul sayırıq. Sözün həqiqi mənasında səmərəsi yüksək olur. Lakin bir məqamı unutmaq olmaz ki, kəsilən hər bir cərimə ədalət prinsipinə uyğun olmalı və paritet qorunmalıdır. Biz də isə təəssüf ki bu bəzi hallarda qorunmur. Nəticədə cəmiyyət də bələdiyyələrlə bağlı mənfi rəy yaranır.

Beləliklə, ilk baxışda proses nə qədər sadə görünsədə, həm də maraqlıdır. Maraqlıdır ona görə ki, bu bələdiyyə sədrlərinin orta aylıq əmək haqqı 200 manata çatmır. Belə çıxır ki, sədr 1.5-2 il aldığı əməkhaqqını nazirliyin hesabına pul köçürməlidir.

Bu məsələnin görünən tərəfi.

Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, 2016-2017-ci illərdə bələdiyyələrə kəsilən cərimənin həcmi ortalama rəqəmlə 100 min manata yaxındır. Bu gündə elə bələdiyyə sədrləri var ki, aybaay nazirliyin cəriməsini ödəmək məcburiyyətindədir.

Sözsüz ki bələdiyyələrdə günahsız deyillər. Biz seçicilərdə bəzən düzgün seçim etmədiyimizdən öz hüququnu bilməyənlərə səs vermişik.

Bəli, bu gün fakt odur ki, üç bələdiyyə sədri cərimə ödəməlidir. Lakin indi cərimə kəsilənlər öz hüquqlarını bildiklərindən məhkəməyə müraciət ediblər. Yəqin ki, məhkəmə instansiysı prosesə obyektiv baxacaq və ədalətli qərar verəcəkdir.

Lakin məsələnin ikinci bir tərəfi isə niyə nazirlik məhz yerlərdə bələdiyyəni “nişan alıb” sualına cavab tapmaqdır.

Nazirliyin keçmiş rəhbərliyinin təşəbbüsü ilə hər il bələdiyyələrə külli miqdarda cərimə kəsilməsi ənənəyə çevrilmişdi. Nəzərə alaq bütün hallarda cərimə edilməli olan orqan bələdiyyə olmalı deyildi. Ona görə ki, meşə zolağı və çay sahili ərazilər, o cümlədən dövlət torpaqlarına zibil tullantılarının atılmasına nəzarət etməli orqan bələdiyyə yox, ilk növbədə elə nazirliyin yerli orqanları və yerli icra hakimiyyəti orqanlarıdır. əlavə edim ki, nazirlik arada öz əməkdaşlarına da bu cərimə sanksiyasını tətbiq etsəydi nüfuzu daha da artımış olardı.

Bu istiqamətdə apardığımız araşdırmalardan bəlli olur ki, nazirliyin tərtib etdiyi protokoldan hər üç sədrin xəbəri yoxdur. Yəni qarşı tərəfin fikri öyrənilməmiş protokol tərtib edilərək, dərhalda nazirliyə məlumat verilmiş, nazirlikdə öz növbəsində məlumatı KiV orqanları yayaraq “daha bir uğurlu əməliyyat” keçirdiyini bəyan etmişdir.

Təəssüf ki, hər üç sədr xəbəri məhz mediadan öyrənib.

Qısa təhlil və araşdırmalardan belə qənaətə gələ bilərik:

  1. Bələdiyyə sədrləri öz işinə məsuliyyət hissiylə yanaşmalı və öz inzibati ərazilərində əhali arasında izahat işlərini yorulmadan aparmalıdırlar. Bir tərəfdən əhalini yerli vergilərin yığımına cəlb etməli, digər tərəfdən maarifləndirmə işlərini aparmalıdırlar.
  2. Ekologiya və Təbii Sərvətlər nazirliyi cərimə sanksiyası tətbiq etməklə yanaşı ilk növbədə həm rayonun rəhbər orqanlarının əməkdaşları və mütəmadi olaraq sakinlərlə görüşlər keçirməli və cərimə sanksiyası barədə də məlumat verməlidirlər. Nazirliyin regional idarələrinin bir vəzifəsi də məhz budur. Bu məqam nədənsə unudulur.
  3. Bu prosesdə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının da üzərinə məsuliyyət yükü düşür. Nəzərə alaq ki, ictimai təşkilat olaraq assosiasiyaların bir vəzifəsi də bələdiyyələrin hüquqlarını qorumaq, icra və nazirlik strukturlarıyla əməkdaşlıq əlaqələrinin qurulmasına çalışmaq və maarifləndirmə işlərini aparmaqdır.

Sonda qeyd edək ki, bizim məqsədimiz bələdiyyə sisteminin qarşılşadığı problemləri aradan qaldırmaqla onları müasir standartlara cavab verən bir orqana çevrilməsinə çalışmaqdır.

Bu yolda hər birimiz öz tövhəmizi verməyə borcluyuq.

Vüqar Tofiqli

Belediyye.info

 

 

ŞƏRHLƏR