Son vaxtlar Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən inzibati ərazilərdə və sakinlərin “Qaynar xəttə” etdikləri zənglərlə bağlı aparılan monitorinqlər nəticəsində müxtəlif rəsmi və qeyri-rəsmi şəxslərə cərimə kəsilir və məcburi gostərişlər verilir.
Nazirliyin bu addımını təbii qarşılayan “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Toflqli bildirib ki, bu hal xüsusən də yay aylarında daha qabarıq şəkildə baş verməsi təbii qarşılanmalıdır. Ancaq bu sırada bələdiyyə sədrlərinin daha çox nazirliyin “qara siyahısı”na düşməsi isə təəsüf doğurur:
“Sonuncu cərimə sanksiyasının həcmi isə nə az, nə çox düz 3.000 manat təşkil edib. Həmin bələdiyyə sədrinin əməkhaqqı isə bildyim qədər 200 manata çatmır. Belə çıxır ki, bələdiyyə sədri il yarım nazirliyə cərimə ödəməlidir.
Nazirliyə xahişim ondan ibarətdir ki, müəyyən mənada çətin durumda olan bələdiyyə sədrlərinə qarşı bu qədər cərimə tətbiq edilməsin. Bu məsələdə balans gözlənilsin. Daha sonra xahiş edərdim ki, monitorinqlərlə yanaşı, cərimə sanksiyalarına son qoyub nazirlik zibil tullantılarını hara gəldi atan insanlar barədə də cərimə tətbiq etsin.
Necə ki, sürücülərlə yanaşı, piyadalara və sərnişinlərə bu hal tətbiq edilir.
Son olaraq nazirlik sakinlər arasında maarifləndirmə layihlərinə başlasın və istiqmətdə QHT-ləri də cəlb etsin.”
ictimai birlik sədrinin fikrincə, indiki həssas durumda kütləvi cərimələrlə heç nəyə nail olmaq olmaz.
Məsələyə hüquqi müstəvidə aydınlq gətirən Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov Belediyye.infoya açıqlamasında bildirib ki, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblərlə bağlı təsbit olunmuşdur ki, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:
“Məişət tullantılarının daşınması ilə bağlı öhdəliklərin icra mexanizmi olmadığından işləmir və qanunla müəyyən edilən cərimələr də daha çox maliyyə vəsaiti olmayan maliyyəsiz bələdiyyələrə tətbiq edilir.
2002-ci ilədək zibillərin daşınması yerli özünüidarə qurumlarının səlahiyyətində idi. Sonradan bu iş rayon icra hakimiyyətlərinə verildi.
Daşkəsən rayonunda Xoşbulaq istirahət zonasıdır. Bu qədər məişət tullantısı yalnız həmin ərazidə fəaliyyət göstərən kafe, restoran və hotelləri işlədən şəxslər tərəfindən tökülə bilər. Mövcud qanunvericiliyə uyğun olaraq bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər istirahətə gələn hər bir şəxsdən sutkada 1,1 manatdan çox olmayan vəsaiti almalıdır və növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödəməlidir. əgər bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər tərəfindən bələdiyyə büdcəsinə həmin vəsait ödənilirsə bələdiyyə sədrinə həmin ərazidə məişət tullantılarının yığılmasına nəzarət etməyi tövsiyyə etmək olar.
Məişət tullantılarının yığılmaması ilə bağlı o halda bələdiyyə sədrinə cərimə kəsilə bilər ki, bələdiyyənin məişət tullantılarının daşınması ilə bağlı öhdəliyi olsun, həmin ərazi bələdiyyənin inzibati ərazisi olsun, o əraziyə zibil yeşikləri qoyulmadan həmin ərazidə yaşayan insanlardan məişət tullantılarının daşınması ilə bağlı bələdiyyə tərəfindən pul yığılsın və yaxud dövlət büdcəsindən məişət tullantılarının yığılması üçün həmin bələdiyyəyə məqsədli ayırmalar olsun.”
Belediyye.info