"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

--2016-09-20 / 21:25

Sentyabrın 20-də “Yeni Azərbaycan” təşviqat qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Referendum Aktı haqqında məlumat verib. T.Tağıyev bildirib ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Nərimanov rayon şöbəsi ümumxalq səsverməsi ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. T.Tağıyev bu məsələ ilə əlaqədar təşkilatın fəallarının əhali ilə aktiv iş apardığını, rayon sakinlərinə təşviqat materiallarının paylanıldığını diqqətə çatdırıb. O əmin olduğunu bildirib ki, ölkə vətəndaşları bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklər. 

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı, YAP Siyasi şurasının üzvü Məlahət ibrahimqızı bildirib ki, Azərbaycan Prezidenti ilham əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: “Son illərdə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan hüquqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin əsas Qanunumuzda təsbit olunmasını zəruri edib. Konstitusiyaya təklif olunan hər bir əlavə və dəyişiklik ölkəmizin gücünə əlavə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq”.
Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. inkişafın yeni şərtlər diktə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: “Dünyada hər bir ölkənin, beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan, Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün Konstitusiyaya bu dəyişikliklər təklif olunur”.
Səlahiyyətli nümayəndə qeyd edib ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. “ilk növbədə qeyd edək ki, layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”, - deyə millət vəkili vurğulayıb.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan prezidentli respublikadır, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var: “Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq”.
Hikmət Babaoğlu Referendum Aktı layihəsində məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək müddəaların əksini tapdığını da vurğulayıb: “Bütövlükdə, bu əlavə və dəyişikliklər özündə ən aktual məsələləri cəmləşdirir və bu da ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.
Görüşdə Nərimanov rayonu Ağsaqqallar şurasının sədri Miri Həsənov çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, Nərimanov seçicilərini fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.
Tədbirdə bədii hissə də təqdim olunub.

Belediyye.info

ŞƏRHLƏR