Nəsimi bələdiyyəsinin hüquqi məsələlər üzrə baş məsləhətçisi əli Mahmudovun Belediyye.infoya verdiyi məlumata görə, Nəsimi bələdiyyəsi öz ərazisində fəaliyyət göstərən "Hale kai", “Eqosit” Hotel və “Caspian guest house" (“Kaspian” qonaq evi) mehmanxanalarını mehmanxana rüsümunun vermədiklərinə görə iddia ərizəsiylə 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət edib.
iddia ərizəsinin əsas məqsədi mehmanxanalar tərəfindən hesabatların məcburi verilməsi və adıçəkilən mehmanxanalara maliyyə sanksiyasının tətbiq olunmasıdır.
ə.Mahmudovun sözlərinə görə, hər üç mehmanxana Nəsimi bələdiyyəsi ərazisində fəaliyyət göstərir. 07.04.2002-ci il tarixdə qüvvəyə minmiş "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.4 maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər bir şəxs (mehmanxana müsafiri) üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə ödənişlər edilməlidir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən yuxarıda göstərilən ödəniş qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək bələdiyyələrə ödənilməlidir. Azərbaycan Respublikasının Vergilər Nazurliyinin müvafiq əmrilə təsdiq edilmiş Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxs hər hesabat rübü üçün növbəti ayın 20-dək bələdiyyənin vergi xidməti orqanına hesabatı təqdim etməlidir.
Lakin adıçəkilən mehmanxanalar 2015-ci ilin oktyabr, noyabr, dekabr və 2016-cı ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün hesabatları təqdim etməyiblər. Bu məqsədlə Nəsimi bələdiyyəsi 07.06.2016-cı il tarixdə 01/154 saylı məktubla mehmanxana xidməti göstərən mehmanxanalara rəsmi müraciət edib. Ancaq cavabdehlər tərəfindən bu günə kimi hesabatları Nəsimi bələdiyyəsinə təqdim edilməyib və həmin hesabatlara uyğun olaraq ödənişlər olmayıb.
Beləliklə, cavabdehlərə hesabatı vaxtında Nəsimi bələdiyyəsinə təqdim etmədiyinə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır.
Bələdiyyə rəsmisinin sözlərinə görə, Nəsimi bələdiyyəsi cavabdehlərin bu cür hərəkətlərini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanununa, Avropa şurasının "Avropa Xartiyasına", Xalq tərəfindən seçilmiş yerli özünüidarəetmə orqanlarına olan hörmətsizlik və ödənişləri ödəməkdən şüurlu surətdə yayınmaq kimi qiymətləndirir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası inzibati- Prosessual Məcəlləsinin 2 və 46-cı maddələrini rəhbər tutub məhkəmədən mehmanaxanalar tərəfindən hesabatların məcburi verilməsi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi haqqında qərar qəbul etməyi xahiş edir.
Belediyye.info