“Nəsimi bələdiyyəsi onlayn ödəmənin mobil versiyasını hazırlayıb”-bunu Belediyye.infoya açıqlamasında bələdiyyə sədri Nazim Qaraxanov deyib. Onun sözlərinə görə, əsas məqsəd sakinlərin rahatlığını təmin etməklə, bələdiyyənin büdcə vəsaitlərinə qənaət etməkdir. Belə ki, “E- manat” sistemiylə ödəniş edərkən əldə edilən gəlirlərin 3% - i həcmində xidmət haqqı ödənir.
Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarına əsasən müfəttişlərin mobil telefonuna yüklənmiş proqramla ani olaraq ödəniş yerli büdcənin bank hesabına daxil olur, vətəndaşa isə mobil printer vasitəsiylə qəbz verilir.
Xatırladaq ki, Nəsimi bələdiyyəsi respublikada ilk olaraq yerli vergilərin onlayn və “E- manat” sistemiylə ödənişinin tətbiqinə başlayıb.
Sədrin sözlərinə görə, bələdiyyə büdcəsinin əldə etdiyi gəlirlərin demək olar ki, 15- 20 % -məhz
“E-manat” sistemindən daxil olur.
Belediyye.info