iki gün əvvəl Nəsimi bələdiyyəsinə həsr etdiyim yazıya ciddi reaksiyaların olması hər halda saytın oxunmasından xəbər verir. Bizim bu yazını verməkdə məqsədimiz tərəflərə yol verdiyi nöqsanları, səhvləri qanunlara istinad etməklə izah etmək və məsələnin böyüməsinin qarşısını almaq olmuşdur.
Reaksiyaları oxuyuram. Zəngləri də təhlil etdim. Başa düşüləndir. Heç kəs öz ayranına türş demir. Ancaq dostlar, gəlin səhvimizi etiraf etməyi öyrənək, özü də səmimi şəkildə. əgər etiraf etmiriksə demək problem qarşı tərəfdə yox, elə özümüzdədir.
Məqalə ilə bağlı bir münasibət diqqətimi çəkdi. Çox savadlı, lakonik fikirlərlə zəngin, hər hansı orfoqrafik səhvin belə buraxılmadağı mətni mənə göndərəndə deyəsən elə bu kollektivin üzvlərindəndir. Deyə bilmərəm ki, onun bu reaksiyasından sədrinin xəbəri var ya yox. Ancaq adını çəkməmək qərarına gəlsəmdə, o münasibəti tam şəkildə verib və qısa təhlil edəcəyəm ki, oxucularımızın hər iki tərəfin fikrini bir daha müzakirə etmək şansı olsun.
Beləliklə, münasibəti olduğu kimi təqdim edirəm.
***
“Məqalənizi oxudum.
"Qalmaqal", "qarşıdurma" sözlərinin yeri yox idi...
Bir tərəfli müdafiə xətti çox qabarıq formada verilib. (sanki hüquqşünas özü diqtə edibmiş).
Sənədlərin müəllifdə olduğu halda, əmrin preambulasının yazıda verilməməsi oxucuda həqiqətin bilərəkdən gizlədilməsi təsəvvürü yaradır..
Yol verdiyi ciddi və kobud pozuntulara görə hüquqşünasın daha ağır maddə üzrə (70/"ç") işdən çıxarılması mümkün idi, lakin sədr humanistlik göstərib müqavilə müddətinin bitməsini əsas götürdü.
Düşünürəm ki, vaxt baxımdan tələsik yazılmış məqalədir.
Suallar isə rəsmi qaydada göndərilib, cavabları da eyni qaydada alına bilərdi.
indiki yazıda müəllifin müdafiə mövqeyini aydın sərgiləməsindən sonra isə hər hansı cavabın göndərilməsinin müəllif üçün nə qədər əhəmiyyət kəsb edəcəyini müəyyən etmək çətin deyil.
işçi-rəhbər mövzusunda araşdırma aparmadan mövqe sərgiləmək məncə ədalətsiz görünür.
Təcrübəmə görə deyərəm ki, 1 işçinin 10 dəqiqə işə gecikməsinə görə struktur rəhbəri işçinin tutduğu vəzifədən azad olunması təqdimatını yazmışdır və yuxarı orqan dərhal əmr imzalamışdı. Çünki hər kəs bilirdi ki, həmin gecikmə işçinin hərəkətsizliyinin pik həddi olub. əgər hər kəs qərar verən rəhbərin yerində olmağı təsəvvür etməyi bacarsa, onun qərarlarını da başa düşə bilər..
işdən çıxan hüquqşünas kimi şəxsləri isə heç bir kollektivə arzu etməzdim.
Nə isə.. Yanılmışam..
Uğurlar!”
***
Qalan məqamlara münasibətim qalsın üçüncü - Nəsimi bələdiyyəsinin səkkiz aylıq fəaliyyətinin geniş təhlilinə həsr edəcəyim üçüncü yazıya...
Vüqar Tofiqli